“Azərbaycan ilə Litva arasında dostluğun möhkəmlənməsində ədəbiyyat və kitab layihələri xüsusi rol oynayır. Bunlar sadəcə mədəni təşəbbüslər deyil, xalqları bir-birinə daha da yaxınlaşdıran, siyasi və iqtisadi əlaqələrdən kənarda səmimi dialoqa yol açan mühüm körpülərdir”.
“Füyuzat”ın məlumatına görə, bunu Litva Respublikasının Azərbaycan Respublikasındakı səfiri Kestutis Vaşkeleviçyus XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində AZƏRTAC-a müsahibəsində deyib.
“Tərcümələr, birgə nəşrlər və ədəbi mübadilələr vasitəsilə hər iki xalq bir-birinin tarixini, dəyərlərini və adət-ənənələrini daha dərindən anlamaq imkanı əldə edir. Bu, qarşılıqlı hörmət və etimadın möhkəmlənməsinə töhfə verir”, – o əlavə edib.
Səfirin sözlərinə görə, belə layihələrin xüsusi əhəmiyyəti onların uzunmüddətli təsirindədir. Siyasi və iqtisadi razılaşmalar zaman keçdikcə dəyişə bilsə də, ədəbiyyat vasitəsilə qorunub saxlanılan mədəni irs gələcək nəsillərə ötürülür və dostluğun əbədi sütununa çevrilir.
“Beləliklə, kitab təşəbbüsləri xalqlarımız arasında davamlı mədəni əməkdaşlığa təkan verir, qarşılıqlı anlaşmanı möhkəmləndirir, Azərbaycan–Litva əlaqələrinin daha da inkişafına mühüm töhfə olur”, – deyə K. Vaskelyaviçyus sözlərini yekunlaşdırıb.



