Xəbərlər

“Qəlbini nəsihətlə dirilt” kitabı ictimaiyyətə təqdim edilib

Bakı Ekspo Mərkəzində keçirilən 11-ci Bakı Beynəlxalq Kitab Sərgisində araşdırmaçı-yazar Muxtar Cəfərlinin “Qəlbini nəsihətlə dirilt” kitabının təqdimat mərasimi keçirilib.

Yazarın klassiklərimizin nəsihətlərindən tərtib etdiyi və daha öncə “Füyuzat” dərgisində yayımlanan yazılarından ibarət kitabın təqdimatı “Nizami Gəncəvi” təqdimat zonasında baş tutub.

Tədbiri giriş sözü ilə açan “MİMTA Yayımları”nın direktoru Əsəd Aslanoğlu nəsihətin xüsusilə gənclər üçün önəmindən bəhs edib: “İnsan gənc yaşda nəsihətlərə qulağını qapayır. Amma gəlin ariflərin sözlərini oxuyaq, oxuduqlarımıza əməl etməyə çalışaq. “Qəlbini nəsihətlə dirilt” kitabını oxuyarkən qəlbiniz diri qalacaq”.

Daha sonra isə müəllif Muxtar Cəfərli kitabın ərsəyə gəlməsindən, nəsihətin insan mənəviyyatı üçün önəmindən bəhs edərək qeyd edib: “Sözün əvvəlində sizə bunu demək istəyirəm ki, bu kitabı hazırlamaqda məqsədim sizə nəsihət vermək deyil. Böyüklərin nəsihətini oxucuya çatdırmaqdır. Hər qəlb nəsihətə açıq deyil. Bizim məqsədimiz öz mənəviyyatını zənginləşdirməyə çalışan insanlara irfan və ədəbiyyat böyüklərimizin dəyərli fikirlərini bir daha xatırlatmaqdır. Oxuyaq ki, qəlbimiz ülviyyətə bağlansın”.

Tədbirdə yazarın qələm dostları və oxucular iştirak edib. Sonda oxucuların sualları cavablandırılıb və müəllifin imza saatı keçirilib.

Qeyd edək ki, Muxtar Cəfərli MİMTA Yayımları tərəfindən çap edilən “İdrak işığı” və “Azərbaycan elm və irfan sərdarları” kitablarının da müəllifidir.