Bütün lüğətlərdə müxtəlif peşələrin dəqiq tərifləri var. Ancaq onların gizli tərəflərini hər kəs duymaya bilər. Həmin peşə sahibləri sırasında elələri var ki, bu təriflərdən kənara çıxıb hər tərəfi işıqlandırır. Bu peşə sahibləri müəllimlərdir. Bir dünya içində dünyadır onların peşəsi. Fərqli arzuları olanları bir dünyada birləşdirməyi bacaranlardır müəllimlər. Onların yaratdığı dünyanı bir bağa da bənzətmək olar.
Müəllimlərin qayğı və sevgi ilə əkdiyi toxumlar zamanla fərqli çiçəklərə çevrilir. Onlar təkcə bağlarını deyil, bütün dünyanı bəzəyir. Burada açan çiçəklər eyni olmasa da, hamısı sevgidən doğduğuna görə bəhrəsini görür.
Müəllim həm də memardır. Ancaq o şəhərlərin limanında deyil, könüllər limanında taxt qurur.
Biraz da yazardır müəllim. Hər şagirdinin, tələbəsinin hekayəsində imzası olan bir yazardır.
Bir sözlə, öyrədəndir o. Kitablarda olan təriflərdən başqa həyatın sirli tərəflərinin olduğunu da öyrədəndir. Bəlkə də, bəziləri belə düşünə bilər:
“Artıq texologiya ilə hər şeyi öyrənmək olar da. Müəllim nə edəcək ki?!”
O anda “Gizli rəqəmlər” filmindən bir səhnə yadıma düşür: “Gözlərinin içinə baxa bilmədiyim kompüterə etibar edə bilmirəm”.
Axı müəllim bizə həm də duymağı öyrədir. Oxuduqlarımızı, insanları, həyatı duymağı. Buna görə də zaman keçsə də, bir fikir olduğu kimi qalır. Öyrənənlərin yeri dəyişsə də, öyrədənlər dəyişməz.
Bəs sənədlə təsdiqi olmayan birinə müəllim demək olarmı? Elə bu sualın cavabı barəsində düşünərkən yazı masamdakı köhnə vərəqlərdən birindəki qeyd diqqətimi çəkir:
“Qızım, mən sənə bunu öyrədə bilmədim”.
Bu esse imtahanım öncəsi anamın mənə yazdığı qeyd idi. Ondan yadigar qalan sonuncu qeydlərdən biri məni keçmişə aparır. Həmin gün şirin gileylə mənə dediklərini xatırlamağa başlayıram:
“Xəttin yaxşıdır, amma biraz da böyük yaz. Bunu öyrədə bilmədim də, bunu. Lupa ilə oxumayacayıq ki yazdıqlarını”.
Onda verdiyim cavabı unutsam da, indi yazdığı qeydlərə başqa cavabım var. Bəlkə də, dediyini hələ də öyrənməmişəm. Amma sən mənə çox şey öyrətdin. Hər şeyə rəğmən, inandığından dönməməyi, yoxluğunla bir gecədə böyüməyi, ruhunla isə büdrəsən də, yenidən qalxıb gülə bilməyi…
Bəli, qəribə görünsə də, o heç xaxt sənəddə müəllim olmayıb. Bəs müəllimlik sənədləmidir sadəcə? Məncə, yox. Axı müəllimlik əla nəticələri təsdiq edən sənədləri olanların deyil, ürəkləri ələ alanların sənətidir.
Bu yazı da məhz öz imzaları ilə ilə həyatıma toxunan müəllimlərimə təşəkkürdür. Təkcə onlara deyil, ürəkləri ələ alan bütün qəhrəmanlara – müəllimlərə kiçik təşəkkür…



