Parisdə yerləşən Luvr muzeyində oktyabrın 19-u səhər saatlarında soyğun baş verib. Hadisə yerli vaxtla 09:30–09:40 arasında, muzey ziyarətçilərə açıldıqdan dərhal sonra qeydə alınıb.
Dörd nəfərdən ibarət qrup xüsusi mexaniki lift və nərdivan vasitəsilə Sena çayına yaxın olan eyvana qalxaraq Apollo Qalereyasına daxil olub. Onlar mühafizəçiləri hədələyərək iki şüşə vitrini qırıb, keçmiş Fransa kral ailəsinə məxsus səkkiz ədəd zinət əşyasını oğurlayıblar.
Fransa Mədəniyyət Nazirliyi hadisəni təsdiqləyərək oğurlanan əşyaların “dəyərinin ölçülə bilməyəcək qədər böyük qiymətə” malik olduğunu açıqlayıb. Siyahıda imperatoriça Yevgeniyaya aid tac və broş, imperatoriça Mari Luizə məxsus zümrüd boyunbağı və sırğalar, eləcə də kraliça Mari-Ameliya və kraliça Hortenseyə məxsus safir dəst yer alır. Oğurlanan əşyalar arasında “Röliker” adlı broş da var. İmperatoriça Yevgeniyaya məxsus tac muzeyin yaxınlığında tapılıb. Ehtimal olunur ki, oğrular qaçarkən tacı yerə düşürüblər.
Fransız mediasının məlumatına görə, ziyarətçi girişinə açılan üç otaqdan birində təhlükəsizlik kamerası olmadığı da qeyd edilir.
Məşhur sənət detektivi Artur Brand hadisəni “son on ilin ən böyük soyğunu” adlandırıb. Brand həmçinin əlavə edib ki, əşyaları bu vəziyyətdə satmaq çətindir. Ehtimal olunur ki, oğrular onları parçalayaraq metallarını əridib, daşlarını ayrılıqda sataraq gəlir əldə etməyə çalışacaqlar.
Son aylarda Fransa muzeylərində oxşar cinayətlərin sayı artıb. 2024-cü ilin noyabrında Parisdəki Koqnak-jey muzeyindən yeddi tarixi əşya oğurlanmış, onlardan beşi sonradan tapılmışdı. Eyni ayda Burqundidəki Hieron muzeyi silahlı şəxslər tərəfindən qarət olunmuş, keçən ay isə Limogesdəki Adrien Duboşe muzeyindən 11 milyon dollar dəyərində çini əşyalar kolleksiyası oğurlanıb. Luvr muzeyinin tarixdə ilk sensasiyalı oğurluq isə 1911-ci ildə baş verib. O zaman muzey işçisi Leonardo da Vinçinin dünyaca məşhur “Mona Liza”sını oğurlamış, hadisədən iki il sonra isə əsər tapılmışdı.
Ekspertlər hesab edirlər ki, Luvrdakı baş verən son hadisə Avropa muzeylərində təhlükəsizlik tədbirlərinin yenidən nəzərdən keçirilməsinin və gücləndirilməsinin əhəmiyyətini bir daha sübut edib.
Süməyyə Samirqızı



