Təhlil Xəbərlər

Tarixə qarşı üsyan: insan subyektinin deniqrasiyası

Çağdaş cəmiyyətlər tarixlə bağlı dərin diskomfort hiss edir. Tarixi təsəvvürün itkisi qədərə boyun əymək tendensiyasının digər üzüdür.


Təəccüblü deyil ki, TINA-nın (There is No Alternative – Heç bir alternativ yoxdur – İngiltərədə M.Tetçerin siyasəti ilə assosiasiya olunan iqtisadi və siyasi şüar) fatalist əhvalı mütəmadi şəkildə gələcək xüsusunda əndişələri tətikləyir. İnsan agentivliyinin tarix yaratmadan separasiyası dəyişikliyə daha təhlükəli dünya ilə nəticələnəcək təsadüfi potensial olaraq destruktiv proses kimi baxan bir şüur formasına əsaslanır. Dəyişiklikdən qorxu çağdaş publik həyatın təməl mövzusuna çevrilib. Gələcəyi pozitiv dildə təsvir edən hər hansı bir film, ədəbi əsər yaxud da sənət əsəri tapmaq olduqca çətindir. Son onilliklərdə elmi-fantastika qorxu filmindən fərqləndirilməz hal alıb. Ekoloji fəlakətlərin müxtəlifliyi qarşısında köməksiz qalan bəşəriyyətin vizyonu gələcək barəsində dərinləşmiş əndişələrimizi işıqlandırır. 2004-cü ilin dekabrında İndoneziyada baş verən sunamiyə dünyanın yönünü dəyişdirmək istəyən yadplanetlilərin səbəb olduğu bildirilir, digər tərəfdən isə görkəmli alimlər asteroid səbəbli sunaminin potensial təhdidinin fərqində olmalı olduğumuzu irəli sürürdü (1).


Keçmişlə bağlı nostalgiya pop-kültürdə mühüm mövzunu təmsil etsə də, bir “Qızıl Əsr”in belə ideallaşdırılması daha güclü keçmişi deniqrasiya etmək (ləkələmək, aşağılamaq) tendensiyası tərəfindən müdafiə mövqeyinə vadar edilir. Keçmiş ənənələr fərdlər və institutlar üzərinə avtomatik nüfuz bəxş etmir. Pop-kültürdə “Yaxşı Köhnə Günlər” çox az xilasedici səciyyələrə malik olan bir era kimi təsvir edilir. Nailiyyətlər əvəzinə, biz insan qəddarlığı, oppressiya və travmaya köklənirik. Populyar ədəbiyyat və televiziya keçmişi ideallaşdırmadan daha çox “Pis Köhnə Günlər”ə köklənir.


Keçmişi patolojiləşdirmək tendensiyası heç də onun çağdaş kültürlərdə artıq mühüm rol oynamadığı anlamına gəlmir. Lakin o, öncəki praktikalardan tamamilə fərqli üslubda istifadə edilir. Bu gün keçmiş insan ambisiyasını sorğulamaq üçün səfərbər edilir. Keçmişin interpretasiyaları insanların əsrlər boyu qazandığı nailiyyətləri özünəməxsus şəkildə neqativ çərçivə vasitəsilə yenidən interpretasiya etməyə çalışır. İnsan cəhdləri və nailiyyətlərini mədh edən öncəki dövrlərin açıqlamaları öz yerini tarixin qaranlıq tərəfi ilə obsessiya olan müəlliflər tərəfindən yazılan hekayələrə buraxır. Keçmişi istismar etməyin XXI əsr proyektinə özünü həsr edənlər onun barbarlıq və dəhşətlərinin aşkara çıxarılması ilə məşğuldurlar. Holokost və Alman milli identikliyi arasındakı münasibət ilə bağlı araşdırmasında Bernard Gizen iddia edir ki, klassik modernliyə və onunla assosiasiya edilən identiklik modellərinə zidd olaraq çağdaş identiklik modeli gələcəyin cəzbediciliyi deyil, keçmişin dəhşətlərinə əsaslanır. O əlavə edir ki, keçmişin vahiməsi və qurbanların xatırlanması böyük utopiyaların cazibədarlığını əvəzləyib (2).

İnsani şər ilə belə obsessiya bizim bir fərdin altruizm, qəhrəmanlıq və ya sadəcə xeyirxah nəsə etmək potensialını təsəvvür etmək qabiliyyətimizi təhdid edir. Tarixi qəhrəmandan “tarixin qurban həyatda qalanı”na bu dönüş subyektivliyin güscüz formasının meydana çıxması trendini əks etdirir.


Son iki əsrdə tarixin yenidən yazılmasında təməl motiv spesifik xalq və ya kültürün unikal əzəmətini təşviq etmək arzusu idi. Milli miflər qəhrəmanca aktlar və şanlı hadisələr haqqında idi. Belə miflər sadəcə keçmişin sentimental qeyd edilməsi üçün istifadə edilmirdi. Onlar gələcəyin pozitiv vizyonunu konstruksiya etmək üçün mobilizasiya edilirdi. “Amerikan hüdudu” mifi o cəmiyyət üçün əzəmətli müqəddəratı vəd edirdi. Alman və fransız milli mifləri də kültürlərinin gələcəyinin optimist təmsilini təmin etmək üçün səfərbər edilirdi. Bu gün tarixin yenidən yazılmasının drayvı tamamilə müxtəlif bir impulsdur. Kollektiv yaddaşın manipulyasiyasının gələcək üzərində heç bir böyük iddiası yoxdur. Əksinə, tarixi yaddaş insanların tarixi əzabına bir monument rolunda çıxış edir. Onun fokusu insan növlərinin destruktiv tərəfi üzərindədir. “Əgər insanlar keçmişdə bir-birinə qarşı belə dəhşətli şeylər ediblərsə, niyə onlardan gələcəkdə müsbət nə isə gözləməliyik?” mesajı yeni anti-humanist tarix janrının özəyidir.


Keçmişə hər bir öncəki nəslin dünyanı daha təhlükəli bir yerə çevirməyə töhfə verdiyi qurbanlaşdırma və barbarlaşdırma tarixi kimi baxmaq tendensiyası insan agentivliyinin ambisiyasına qarşı xatırladıcı rolunda çıxış edir. Demək olar ki, bu gün hər bir təsirli kultural hərəkat keçmişi insan qəddarlığı və deqradasiyasının hekayəsi kimi yenidən yazmaqda cinayət ortağıdır. Tarix insan subyektivliyini icra etmək aspirasiyası əleyhinə, xəbərdarlıqedici hekayə kimi yenidən emal edilir. Ekoloji fərqindəlik, feminist şüur, ümumbəşəri insan hüquqları konsepti tarixdə yalnız gender oppressiyası, təbiətin zəbti, bərabərsizliklər və ədalətsizliklər görür (3).


Keçmişin dəhşətlərinin davamlı şəkildə ortaya qoyulmasının bir məqsədi var – insan ambisiyasının aşağı çəkilməsi. Onun əsas nəticəsi isə tarixin indidə dondurulmasıdır. Tarixi indidə dondurmaq proyekti TINA perspektivdən mükəmməl bir anlam kəsb edir. Əgər həqiqətən, heç bir alternativ yoxdursa, status-kvonu qorumaq cəmiyyətin başlıca vəzifəsinə çevrilir. Bu gün permanentlik arzusu cəmiyyəti keçmişi və gələcəyindən təcrid etməkdir. O, tarixi düşünməni birbaşa rədd edən prezentizm (keçmiş hadisələri modern dəyərlər və konseptlər prizmasından şərh etmək tendensiyası) formasıdır. Norbert Lexner qeyd edir ki, mövcud permanentlik arzusu artıq bir tarix şüuruna əsaslanmır.


Tarixi düşüncə olmadan siyasət özünün karikaturasına çevrilir. İnsanlar tarixən düşünmək potensialına sahib olduqda onların aksiyalarının həyat şərtləri üzərində mühüm təsiri olacaq. Tarixi düşüncə insan halının dəyişməsinə istiqamətlənmiş şüur formasıdır. O bütün sosial düzənləmələrə keçici yanaşır və buna görə də, üzləşdikləri meydanoxumaların öhdəsindən gəlmə tərzi vasitəsilə daha çox təkmilləşməyə açıqdır. Son üç əsr boyu tarixi düşünmə birbaşa olaraq status-kvoya siyasi alternativlərin konstruksiyasını təşviq edirdi. Belə alternativlərin geriçevrilməz şəkildə tükəndiyi iddiası əsrimizin siyasətinin yoluxduğu xəstəlik anlayışının təməlini təşkil edir.


Tarixi düşünmə maarifçilik ənənəsinin ən böyük nailiyyətlərindən birini təmsil edir. O, xüsusən də, gələcəyə istiqamətlənmiş və kultural olaraq məqsədyönlü formada insan aksiyasının transformativ dinamikasını tanıyır və təsdiq edir. Erkən XVIII əsr humanist filosofu Ciambattista Viko insani varlıqların tarix yaratmaq məsuliyyətini dərk edən birincilərdən idi: “vətəndaş cəmiyyəti dünyası, əlbəttə ki, insan tərəfindən yaradılıb və onun prinsipləri bizim, insan ağlının modifikasiyalarında aşkar ediləcək” (4).


Tarixi düşünmənin meydana çıxması ilə dəyişiklik anlayışı ilk dəfə nəzəriyyələşdirildi. Dəyişimin özü bir məsələ, zamanın öncül intellektual problemi oldu. Bu dəyişiklik anlayışı insan subyektivliyinin tarixə eksternal deyil, onun bir parçası olduğunun tanınması ilə sıx bağlı idi. Bu yeni temporallıq anlayışı insan şüuruna tarixi biçimləndirmədə həlledici rol verirdi. Bu gün Vikonun baxışlarını kənara atmaq üçün təhlükəli, sadəlövh və təkəbbürlü ifadələrdən istifadə edilir. Ağıl və insan şüuruna tarix yaratmaqda marjinal rol şamil edilir.


İndini anlamağa cəhd və gələcəyi bir ideyalar sistemi ilə harmoniyada interpretasiya etmək ideoloji, fanatik və utopik olaraq ifşa edilir. Tarixi düşünmənin tənqidçiləri insani varlıqların fəaliyyətləri üzərində az, nəticələri üzərində isə daha az nəzarətə sahib olduğunda həmfikirdirlər. Ağlın keçmiş tənqidçiləri insan agentivliyinin zəifliyinin subyektivliyin icrası miqyasını məhdudlaşdırdığına inanırdılar. Liberal tənqidçi Hayekə görə, qadınlar və kişilər həmişə tarixin obyetkləri olublar, subyektləri heç vaxt olmayıblar. “İnsan taleyinin ağası deyil və heç vaxt da olmayacaq. Onun ağlı onu yeni şeylər öyrəndiyi bilinməyənə və öncədən görünməyənə yönləndirərək tərəqqi edir” (5). Lakin o yenə də bir pozitiv baxış təklif edərək, öncədən görünməyən və gözlənilməz şərtlərdə olsa da, insanlığın tərəqqi etdiyi və öyrəndiyini söyləyir. Tərəqqi və ağlın çağdaş kritikləri isə daha irəli gedərək insanın biliyinin sərhədini ekspansiya etdirmək arzusunu damğalayırlar.


Cəmiyyətin keçmişindən uzaqlaşması klassik siyasi fərqliləşmələr və bölünmələrin çox az anlam kəsb etdiyi şərtlər yaradır. XVIII əsrdən bəri Sağ və Solu bölən təməl məsələlər insan olmağın nə demək olduğu məsələsi ilə müqayisədə əhəmiyyətsizləşir. Müxtəlifliklərinə rəğmən, Sağ və Soldakı (bir-birinə) siyasi düşmənlərin hamısı insanın tarix yaratmaq təcrübəsindən müsbət bir şey əldə edirlər. Elmi və proqressiv düşüncə də hər zaman keçmişin nailiyyətlərinin qorunmasının pozitiv istiqamətdə irəliləmək üçün ön şərt olduğunu qəbul edib. İ.Nyuton qeyd edirdi: “Əgər mən daha uzağı görə bilmişəmsə, bu, nəhənglərin çiynində dayandığıma görədir”. Mühafizəkar mütəfəkkirlər üçün keçmiş maarifçiliyin önəmli mənbəyi idi. Onlar ənənənin indidə insan aksiyasına bilgəlik və insayt bəxş etmək qabiliyyətinə sahib olduğunu düşünürdülər. Keçmişə dair baxışları bir-birindən təməl olaraq fərqlənsə də, həm proqressivlər, həm də mühafizəkarlar insan agentivliyinin əhəmiyyətini təsdiq edirdilər. Lakin bu gün keçmişin devalvasiyası və onun bir dəhşət hekayəsinə transformasiyası kəskin məqsədsizlik və bəşərilik anlayışına yadlaşmanı təşviq edir.


Terri İqlton bildirir ki, marksistlər qəbul edirlər ki, maariflənmiş burjua liberalizminin zəngin irsi olmadan gerçək sosializm ola bilməz (6).


İnsan növlərinə necə baxdığımız dünya ilə bağlı hər bir fəlsəfi və siyasi oriyentasiya üçün çıxış nöqtəsini təmin edir. Təbiət və kültür, eləcə də insan potensialı barəsində öncəki debatlar keçərliliyini saxlasa da, onlar bizim insanları unikal və ya xüsusi olaraq nəzərə alıb-almadığımız məsələsinə tabe edilib.


Subyektin rolunun azaldılmasının kultural gücləndiricisi kimi insanlığı deniqrasiya etmək tendensiyası mövcuddur. Davamlı şəkildə insan eqosentrizmi və destruksiyasını işıqlandıran bir keçmişin konstruskiyası insanları hər bir unikal və ya pozitiv səciyyələrindən məhrum etmək proyektinə yardım edir. “Üzləşdiyimiz ölümcül təhlükələrin məsuliyyətlisi sivilizasiyadır” qavrayışı insan növünə aşağı status şamil edir. Bu sentiment bəşəriyyətə qarşı ikrah duyğusunu ifadə edir. Radikal ekoloji hərəkat olan “Earth First”ün üzvlərinin “Dördayaqlılar yaxşıdır, ikiayaqlılar pis” şüarı bu qəbildəndir. İnsanlar Yerin mövcudluğunu təhdid edən ikrahdoğurucu parazitlər kimi təsvir edilir. İnsan destruktivliyinin miqyası barəsində hekayələr müntəzəm olaraq media tərəfindən nəql, müxtəlif qruplar, siyasətçilər tərəfindən isə təşviq edilir.

Belə mizantropik sentiment 2003-cü ildə İngiltərənin leyborist hökumətinin ekologiya naziri Maykl Miçer tərəfindən: “Biz Yerin vücudunun yoluxduğu virusuq”, – şəklində ifadə olunmuşdu. Onun həmkarı Toni Benks isə İcmalar Palatasında çıxış edərkən bunları deyirdi: “Bu Palata inanır ki, insanlar dünyanı məskunlaşdıran ən çirkin, pervert, qəddar, qeyri-sivil və ölümcül növü təmsil edir və qaçılmaz asteroidin Yer ilə toqquşacağı, insanları öz üzərindən silərək Təbiətə yenidən başlamaq imkanı verəcəyi günü səbrsizliklə gözləyir” (7).

Sözsüz ki, insanlığa qarşı belə şiddətli ikrah çağdaş anti-humanizmin ekstrim variantıdır. Lakin subyektivliyin zəifləməsi ilə assosiasiya edilən insanlığın deniqrasiyası postmodern kültürdə güclü rezonansa sahibdir. İnsanların spesifik səciyyələrinə və ali attributlarına vurğu etməyi növçülük (spisizm) olaraq tənqid edən bu “kültür” neqativ konnotasiyaya sahib “insan-mərkəzli” terminindən də istifadə etməkdən qaçınmır.

Ədəbiyyat və istinadlar:

  1. Zaman Daily, 9 January 2005, Galen Gisler, Los-Alamos Laboratory scientist, ABQ Journal, 11 January, 2005 https://www.livescience.com/57258-asteroid-impact-ocean-computer-simulations-solar-system.html
  2. Berhard Giesen., Trauma of Perpetrators, in Cultural Trauma and Collective Identity, J.Alexander, C.Eyerman, P.Sztompka, (2004), p.164
  3. Piotr Sztompka. The Trauma of Social Change, in Alexnader, Eyerman, 2004, p.146
  4. G. Vico, The New Science, NY, Anchor Paperback, 1971
  5. F.Hayek., Three Sources of Human Values, London (LSE), 1978
  6. Terry Eagleton., Where do postmodernists come from? (“In Defence of History: Marxism and Postmodern Agenda”. E.Wood and J.Foster, 1997., p.27 ), NY, 1997
  7. The vacuous irrelevant hunting debate sums up British politics, Mike Hume, The Times, 6 September 2004