Xəbərlər

Milli Kitabxanada Tofiq Bakıxanovun 95 illik yubileyi qeyd olunub

Azərbaycan Milli Kitabxanasında görkəmli bəstəkarı, Xalq artisti, professor Tofiq Bakıxanovun 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Azərbaycan Milli Kitabxanasından məlumat verilib.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov bəstəkarın çoxşaxəli yaradıcılığından danışıb. Professor gənc bəstəkar enerjisi ilə çalışan Tofiq Bakıxanovun əsərlərinin böyük səhnələrdə ifa edildiyini və onun bir çox əsərlərinin notlarının Milli Kitabxana tərəfindən məşhur Petruççi Musiqi Kitabxanasının (IMSLP) saytında yerləşdirildiyini, bütün bunların mədəni irsimizin dünyada tanıdılmasında böyük rolu olduğunu qeyd edib. Natiq həmçinin, kitabxana tərəfindən hazırlanan və bəstəkara həsr olunmuş biblioqrafiyanın da yaxın günlərdə təqdimatının keçiriləcəyini söyləyib.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə adı həmişə xüsusi və böyük hörmətlə tələffüz edilən, istedadlı nəslin nümayəndəsi olan Tofiq Bakıxanovu fenomen şəxsiyyət adlandırıb. O, Bəstəkarlar İttifaqının Ağsaqqallar Şurasının sədri olan Tofiq Bakıxanovun bu gün də çox enerjili şəkildə yazmaq eşqi ilə yaşadığını bildirib.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Elnarə Dadaşova çıxışında bəstəkarın yubileyi ilə bağlı dekabrın 2-15-də nəzərdə tutulmuş festivalın proqramı haqqında məlumat verib.

Tədbirin davamında Naxçıvan Dövlət Universitetinin müəllimi, dosent Günay Məmmədova, Əməkdar jurnalist İttifaq Mirzəbəyli, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin şöbə müdiri Cəfər Qafarlı çıxış edərək fenomenal yaddaşa, yüksək insani keyfiyyətlərə malik olan Tofiq Bakıxanovun geniş yaradıcılıq diapazonu haqqında danışıb və onunla bağlı çoxsaylı elmi əsərlərin meydana gəldiyini, həmçinin bəstəkarın əsərlərinin musiqi məktəb və kolleclərində tədris vəsaiti kimi ifa olunduğunu, onun Azərbaycan musiqi mədəniyyətinin inkişafına təmənnasız xidmət etdiyini qeyd ediblər.

Sonda Xalq artisti Tofiq Bakıxanov ona olan daimi xüsusi diqqətə, not əlyazmalarının səliqəli mühafizəsinə və tədbirin yüksək səviyyədə təşkilinə görə Milli Kitabxananın rəhbərliyinə, eyni zamanda qonaqlara, iştirakçılara təşəkkürünü bildirib.

Tədbirin sonunda elektron sərgi nümayiş edilib, təşkil olunmuş ənənəvi sərgiyə baxış keçirilib.