Sosial Tədqiqatlar Mərkəzində “Sosial-siyasi elmlər, müasir çağırışlar fonunda: Beyin mərkəzləri, akademik elm və universitetlər” mövzusunda dəyirmi masa keçirilir.
“Füyuzat “ın məlumatına görə Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı ilə bağlı “Sosial-siyasi elmlər, müasir çağırışlar fonunda: Beyin mərkəzləri, akademik elm və universitetlər” mövzusunda keçirilən dəyirmi masa Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Orucun çıxışı ilə start götürüb.
“Elm və texnologiya milli inkişafın aparıcı qüvvəsidir. Lakin AMEA adı xarici təsirin simvoluna çevrilmiş, büdcə vəsaitlərinin mənimsənilməsi və idarəetmədə səmərəsizlik kimi problemlərlə gündəmə gəlmişdi. Hakimiyyətdə islahatlar dərinləşdikcə, elmdə də şəffaflaşma və təmizlənmə prosesi sürətlənəcək, bu da suverenliyimizi daha da möhkəmləndirəcək.
Mövcud dünya düzəninin təməl prinsiplərinin dəyişməsi və yeni sistemin hələ tam formalaşmaması sosial-siyasi elmlər qarşısında ciddi çağırışlar yaradır. Son onilliklər ərzində dövlət elmin inkişafı üçün bir sıra strategiyalar qəbul edib və bu sahədə sistemli yanaşma formalaşdırıb”.
O qeyd edib ki, Sosial Tədqiqatlar Mərkəzinin apardığı araşdırmalar ölkədə beyin köçünün 39,7 faiz olduğunu göstərir. Bu isə elmi potensialın qorunmasını strateji prioritetə çevirir.
“Əsas yanaşma orta məktəblərdən – kompüter və informasiya texnologiyalarının inkişafından başlanmalıdır. Elmi tədqiqat proqramlarının yalnız mərkəzdə cəmlənməsi və bölgələr üzrə bərabər paylanmaması başlıca problemlərdən biridir.
Azərbaycan dövləti İsrailin müasir raket texnologiyalarından yalnız hərbi sahədə deyil, həm də elmi bilik və innovasiya modelindən faydalana bilər. Elmdə “xüsusi təyinatlılar” yetişdirməklə elmin Şuşasını fəth etməyə nail ola bilərik”









