Alimlər insan təkamülündə mühüm dönüş nöqtəsi sayılan odun idarə olunması ilə bağlı tarixi yenidən yaza biləcək kəşf açıqlayıblar. Böyük Britaniyada bir gil karxanasında tapılan bişmiş çöküntülər, artefaktlar və pirit parçaları insanların 400 min ildən çox əvvəl od əldə edə bildiyini göstərir.
“Füyuzat” xəbər verir ki, bu kəşf barədə məlumat “Nature” jurnalında dərc olunan elmi məqalədə təqdim edilib.
Britaniya Muzeyindən arxeoloq Rob Davis kəşfin əhəmiyyətini belə izah edir:
“Bu qeyri-adi tapıntı həmin dönüş nöqtəsini təxminən 350 min il geri çəkir. Od üzərində nəzarət insan tarixinin ən kritik mərhələlərindən biridir və təkamülümüzə böyük təsir göstərib”.
Tədqiqatçılar bildirirlər ki, odun istifadəsi əvvəlcə təsadüfi olub – erkən insanlar meşə yanğınlarından alov götürürmüşlər. Belə istifadənin izləri 1 milyon ildən daha qədimdir. Lakin odun sıfırdan əldə edilməsi daha sonrakı mərhələdə formalaşıb.
Buna qədər insan tərəfindən od əldə etməyə dair ən qədim birbaşa sübut cəmi 50 min il əvvələ aid sayılırdı. Amma Barnham (Suffolk, İngiltərə) ərazisində aparılan qazıntılarda iki kiçik oksidləşmiş pirit parçası, həmçinin qızdırılaraq çatlamış flint əl baltaları və qırmızı rəng almış ocaq yeri aşkarlanıb.
Alimlər qeyd edir ki, pirit bölgədə təbii olaraq nadir olduğundan, onun buraya od əldə etmək məqsədilə bilərəkdən gətirildiyi güman edilir.
Çöküntülərin analizləri də onların bir dəfəlik deyil, təkrarlanan istilik təsiri nəticəsində bişdiyini göstərib ki, bu da insan tərəfindən hazırlanmış ocağa işarə edir.
Tədqiqatçılara görə, həmin dövrdə bu ərazidə yaşayanların çox güman ki, neandertallar olması onların mürəkkəb davranışlara, texnoloji bacarıqlara və abstrakt düşüncəyə malik olduğunu bir daha sübut edir.
Mütəxəssislər hesab edir ki, od əldə etmək bacarığı insanların daha böyük qruplarda bir araya gəlməsinə, sosiallaşmasına, həmçinin yeni texnologiyaların – məsələn, alətlər üçün yapışqan hazırlanmasının inkişafına imkan verib.
Davis və komandasının yekunu belədir:
“İlin bütün fəsillərində oda çıxış rutin yemək bişirməni, qida çeşidinin genişlənməsini, həzm üçün sərf olunan enerjinin azalmasını və protein qəbulunun artmasını mümkün edirdi. Bu dəyişikliklər beyin ölçüsünün böyüməsinə, inkişaf etmiş idrak qabiliyyətlərinə və daha mürəkkəb sosial münasibətlərə təkan vermiş ola bilər”.



