Xəbərlər

“Azərbaycan” qəzetinin 1918-1920-ci illərdə çap olunmuş tam külliyyatından XIV cildi işıq üzü görüb

“Azərbaycan” qəzetinin 1918-1920-ci illərdə çap olunmuş tam külliyyatından XIV cildi işıq üzü görüb

Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan və müstəqillik tariximizi əks etdirən “Azərbaycan” qəzetinin bütün nömrələri öz dövründə həyata keçirdiyi missiya ilə yanaşı, bu gün də qiymətli mənbələr kimi tarixi əhəmiyyətini qoruyub saxlayır. Özündə tariximizin parlaq səhifələrini əks etdirən “Azərbaycan” qəzetinin bir mənbə kimi dərindən və hərtərəfli tədqiqi, orada yer alan materialların bugünkü və gələcək nəsillər üçün daha rahat şəkildə əlçatanlığının təmin olunması məqsədilə qəzetin ərəb əlifbasından latın qrafikalı müasir Azərbaycan əlifbasına çevrilməsi (transliterasiyası) həyata keçirilir. Bu mühüm layihənin ideya müəllifi ADA Universitetinin rektoru səfir Hafiz Paşayevdir.

“Füyuzat”xəbər verir ki, ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə “Azərbaycan” qəzetinin 1918-1920-ci illərdə çap olunmuş tam külliyyatından XIV cildi latın qrafikasında nəşr edilərək oxucuların ixtiyarına verilib. Doqquzuncu cild 1919-cu ilin noyabr ayını (311-333-cü nömrələri) əhatə edir.

ADA Universitetinin rektoru Hafiz Paşayev topluya yazdığı “Ön söz”də layihənin əhəmiyyətindən, “Azərbaycan” qəzetinin tariximizdəki müstəsna rolundan bəhs edib. O, 1918-1920-ci illərdə nəşr olunan “Azərbaycan” qəzetinin tam külliyyatının ǝrǝb qrafikalı ǝlifbadan latın qrafikalı müasir Azǝrbaycan ǝlifbasına köçürülǝrǝk lüğǝt, izahlar, şǝrhlǝr vǝ adlar göstǝricisi ǝlavǝ edilmǝklǝ nǝşrǝ hazırlanmasının önəmini və belə bir nəşrin tədqiqatçılar, bütövlükdə isə oxucular üçün böyük maraq doğuracağını vurğulayıb.

Toplunun XIV cildində hökumət əmrləri, xarici və yerli xəbərlər, xarici mətbuatdan xülasələr, müxtəlif məsələlərə dair müəllif yazıları, Azərbaycan Parlamentində müzakirə olunan qanun layihələri barədə materiallar, həmçinin bədii ədəbiyyat nümunələri yer alıb. Yeni cilddə qonşu ermənilərin xalqımıza qarşı apardığı işğalçılıq və separatçılıq siyasətini əks etdirən məqalələr də dərc olunub. Həmin məqalələr öz əhəmiyyəti, tarixi faktların zənginliyi, bir çox hallarda ilkin mənbə funksiyası daşıması ilə müasir araşdırmaçılar, xüsusilə tarixçilər üçün olduqca qiymətli mənbələrdir.

Qəzetin mətnlərini filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli, filoloq, tərcüməçi Azad Ağaoğlu transliterasiya edib. Nəşrin elmi redaktoru isə akademik Teymur Kərimlidir.

Qeyd edək ki, “Azərbaycan” qəzetinin 1918-1920-ci illərdə nəşr olunmuş 443 nömrəsinin transliterasiya ilə 20 cilddə çapı nəzərdə tutulub.