Xəbərlər

Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan dilinə tərcümə edilmiş “Ağlın gövhəri” kitabının təqdimatı olub

Aşqabadda Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş “Ağlın gövhəri” kitabının təqdimat mərasimi keçirilib.

“Füyuzat” xəbər verir ki, Türkmənistan xarici işlər nazirinin müavini Mehri Başimovanın iştirakı ilə baş tutan tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Qismət Gözəlov çıxış edərək Qurbanqulu Berdiməhəmmədovun “Ağlın gövhəri” kitabının Azərbaycan oxucusuna çatdırılmasının bu dəyərli əsərin tanıdılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Səfir bildirib ki, eyni zamanda, “Ağlın gövhəri” kitabının Azərbaycan dilində nəşri xalqlarımız arasında mədəni-humanitar əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir. Əsər Azərbaycan oxucularına türkmən xalqının tarixi, zəngin mənəvi dəyərləri, həmçinin Türkmənistanda elmin, təhsilin və mədəniyyətin inkişafı barədə geniş və dolğun təsəvvür yaradır. Bununla yanaşı, “Ağlın gövhəri” əsəri xalqlarımızın ortaq mənəvi dəyərlərinin, tarixi köklərinin və qardaşlıq ənənələrinin parlaq təcəssümüdür. Əsərin Azərbaycan dilinə tərcümə edilməsi ədəbi-mədəni əməkdaşlığa yeni nəfəs verir, türk xalqları arasında mövcud olan mənəvi körpünü daha da möhkəmləndirir.

Azərbaycanla Türkmənistan arasındakı ikitərəfli münasibətlərə toxunan səfir Q.Gözəlov ölkələrimiz arasındakı qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyətli inkişaf yolu keçərək 2025-ci ildə ölkə liderlərinin siyasi iradəsi ilə daha da möhkəmləndiyini, qarşılıqlı etimad və dostluq prinsipləri üzərində genişləndiyini qeyd edib.