İnsan şəxsiyyətini fərqləndirən, onu yüksəldən əsas xüsusiyyətlərdən biri soy-kökünə bağlı qalaraq milli-mənəvi dəyərlərinə sahib çıxması, bu dəyərləri sədaqətlə hifz edib həyatının məhək daşına çevirməsidir. Çünki insan dəyərlərin işığında yaşamaqla aydınlanır, ali məqsədlərə çatır. Qədir-qiymət bilməklə özü də dəyər qazanır…
Bəşəriyyətin daim arayışında olduğu, ən çox arzuladığı dəyərlərdən biri də həmrəylikdir. Bu ali duyğu sayəsində insanlar bir olur, birlikdə yaşamağın zövqünü duyur. Sevincini, kədərini paylaşır, kollektiv şəkildə öyrənir, öyrədir, böyüyür… Bu dəyəri təmsil etməklə elindən-obasından sevgi, qayğı görür, bu həqiqətlərə bağlanaraq “öz”ünü tapır. Mayası elm-irfan böyüklərinin nəsihətləri ilə yoğrulan gənclik zamanla o böyükləri izləyərək doğru yolun yolçusuna çevrilir. Doğru yolda olanlarla çiyin-çiyinə addımlayır, həmrəy olur. Həmrəylik bitib-tükənməyən güc deməkdir!
Biz babalarımızdan bilirik tək əldən səs çıxmadığını…
Bir-birindən uzaqlaşıb pərən-pərən düşən ailələrin, dövlətlərin, toplumların zamanla səsini, sözünü, varlığını itirməyə məhkum olduğunu tariximizdən bilirik. Xanlıqlara parçalandıqda, birləşə, həmrəy ola bilmədikdə əsarətin, istibdadın qırmancı altında nələr yaşadığımızı unutmadıq. Uzun və amansız sınaqlarla dolu tariximizin hansı dövründə milli-mənəvi kimliyimizi və dilimizi qorumaq amalında birləşdiksə, qarşımızdakı düşmən xar oldu, bu birliyin sayəsində həmrəy olmağı – azərbaycanlı olmağı öyrəndik, öyrətdik – yaşadıq.
44 günlük Vətən müharibəsində bir yumruğa dönüb döyüş meydanına can atdıq, vətən uğrunda can sipər etdik. Azərbaycanı qorumaq üçün, tarixi ədaləti bərqərar etmək üçün birlikdə yürüdük, birlikdə yaralandıq, birlikdə Zəfər qazandıq!
Həmrəy olmaq həm də sərhədsiz olmaqdır. Dili bir, dini bir qardaşlarının dərdinə şərik olub acısını, ağrısını, sevincini, fərəhini yaşamaqdır…



