Sənin bütün ömrün riyaziyyatdır,
Nəyi nədən çıxıb nəyə bölürsən?
Bir soruş Allahdan: “Bu nə həyatdır?”
Bir yolda olursan, yüz yol ölürsən.
Adam neçə dəfə ölüb dirilər,
Axı bir bədəndə neçə can olar?
O ölən “sən”ləri yığsan bir yerə,
Bəlkə də, bir yekə qəbiristan olar…
Nə çoxdu… nə çoxdu səni öldürən,
Qardaş paxıllığı, dost satqınlığı.
Bu qədər ölümün içindən, görən,
Sən necə, nə təhər sağ çıxdın axı?
Boş-boş suallarla yorma özünü,
Fikirləş, sən axı kimsən, nəçisən?
Hansı vəzifəni, hansı kürsünü
Tutsan da, qəbiristan gözətçisisən!
Yüz dəfə ölsən də, hələ ki sağsan,
Ölməyə imkan var hələ nə qədər.
Hələ çox “sən”ləri basdıracaqsan
Özün son mənzilə yetənə qədər…
Ramiz Rövşən



