“Füyuzat” dərgisi, 2009, №2, 46
Vətən sərhədlərdən başlayır deyirlər. Vətən sevgisinin, vətən eşqinin isə sərhədi olmur.
Torpağına, elinə, millətinə və dövlətinə səmimi bağlılığın təzahürüdür Vətən.
İstər doğulduğun torpaqda yaşa, istərsə kənarda, Vətənə olan sevgin daim səni özünə bağlayacaq.
Düşüncən, fikrin yalnız və yalnız Vətəninə xidmət şüurunda olacaq. Həm torpağına, həm də millətinə dəyər verəcəksən, bu dəyərin də təkcə səndə deyil, Vətəninin bütün vətəndaşlarında öz qiymətini tapacaq.
Sevməyin yetməyəcək, bütün gücünlə sevdirməyə çalışacaqsan. Düşüncələrini Vətən sevgisi, Vətən eşqi heç bir zaman tərk etməyəcək, etməyəcək ki, sən özün sevib dəyər verdiyin kimi, hər kəs də sevsin, dəyər versin. Bu sevgin də hədd bilməyəcək, təkcə öz millətin deyil, sənin Vətənini bütün millətlər sevəcək.
Buna sədaqətin, vəfan, dəyanətin, cəsarətin və ən əsası – millətinə və dövlətinə səmimiyyətinlə nail ola bilərsən.
Üzərində gəzdiyin bu vətən torpağına elə çox dəyər verməlisən ki, bir anlıq olsa belə ayaq saxlayıb “Ana Vətənim” deyərkən içindəki “Vətən sevgisi” hər tərəfə yayılsın. Bu sevgi ətrini hər kəs hiss etsin, hər kəs duysun və qoxulasın.
Bu ətirin belə sərhədinin olmadığını elə sən özün də görəcəksən.
Bu işi – Vətəni sevmək və sevdirmək – özünün vəzifə borcu bilib hər zaman millətinə, torpağına, dövlətinə daha çox faydalı olmağın yollarını araşdırıb-axtaracaqsan.
Sevməyin yetməyəcək, sevdirəcəksən!
Bu düstur sənin millətinin, vətəninin, dövlətinin mayasıdır.
Tarixin yaddaşına silinməyəcək izlərlə – sevgi mürəkkəbi ilə – yazılmış qəhrəmanlar sırasını, silsiləsini sən və sənin millətinin vətəndaşları davam etdirəcək. Övladı olduğun Vətəninin hər bir fərdi sən olmağa çalışacaq.
Torpaq, dağ, daş, kəsək, gül, çiçək – bu torpaqda nə varsa hamısı sənindir. Sənin olana sahib çıxmağın isə sənin şərəfli vəzifə borcundur.
Üzərində yaşadığın Vətən torpağı sənin üçün nə qədər gözəlliklər təqdim edirsə, bunun qarşılığı olaraq sən də vəfa borcunu sədaqətin, sevgin və səmimiyyətinlə ödəməlisən.
Dünənini, bu gününü, sabahını qırılmayacaq şəffaf, ülvi tellərlə bir-birinə elə bağlayacaqsan ki, tarixin hər səhifəsini vərəqlədikcə yalnız müstəqil Azərbaycan oxunacaq.
Budur sənin vətənin, dəyər verib sevəcəyin, keçmişindən bu gününə gəlib çıxan müqəddəs əmanətin!
Bu Vətən torpağının hər qarışını qoruyacaqsan, çünki sən bu Vətənə borclusan.
Bu yükü götürə biləcəksənsə, onda “Vətənim Azərbaycandır!” de!
M.Mirbəşiroğlu



