Xəbərlər

Qadın mətbuatında davamlılıq nümunəsi: “İşıq”

Mətbuat tarixinin nadir nümunələrindən biri olan “İşıq” həm XX əsrin əvvəllərində, həm də müasir dövrdə öz yerini qoruyub saxlamışdır. İlk dəfə 22 yanvar 1911-ci ildə nəşr edilmiş bu orqan qadın maarifi, ailə və cəmiyyətin sosial məsələlərini mətbuata daşımaqla dövrün maarifçilik cərəyanında mühüm rol oynamışdır.

1912-ci ildə fəaliyyətini dayandırsa da, “İşıq”ın qoyduğu ideya və yazı ənənələri uzun müddət yadda qalmış və sonrakı nəşrlərə təsir göstərmişdir.

11 yanvar 2012-ci il tarixində Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun təşəbbüsü ilə “İşıq” jurnal formatında – “İşıq‑qadın” adı ilə – yenidən təsis edilib nəşrə başladı. Bu bərpa milli mədəni irsi qorumaq, qadın mətbuatının ənənələrini müasir kontekstdə canlandırmaq məqsədi ilə həyata keçirildi. Bugünə qədər yenilənən “İşıq” dərgisinin 56 nömrəsi oxucuların ixtiyarına verilib.

Müasir nəşr ailə dəyərləri, uşaq tərbiyəsi, qadın hüquqları, mədəniyyət və incəsənət kimi mövzuları aktuallaşdıraraq mədəni yaddaşın bərpasına və ictimai diskursun zənginləşməsinə töhfə verir. Bu, həm də mətbuatın informasiya daşıyıcısı olmaqdan kənar, cəmiyyətin tərbiyəçi və yaddaş qoruyucusu rolunu gücləndirir.

Keçən əsrdə “İşıq” maarifçilik və qadın səsinin ictimai müzakirəyə qoşulmasında aparıcı vasitə idisə, bu əsrdə jurnal həm tarixi irsi qorumaq, həm də çağdaş problemləri işıqlandırmaq missiyasını daşıyır. Beləliklə, “İşıq”ın əsas qayəsi keçmişin ideyalarını gələcəyin tələbləri ilə birləşdirməkdir.

Nəşrin bu günə qədər gəlib çatmasında əməyi olan müəlliflərini və redaksiya heyətini təbrik edirik.

Həcər Tanırverdiyeva