Türkiyənin köklü və nüfuzlu universitetlərindən biri olan Qazi Universitetində fəaliyyət göstərən Azərbaycan Türkcəsinin Tədris Ocağında tədqiqatçı, pedaqoq, jurnalist, şair və yazıçı, Kərkük Türkman Mədəniyyət Dərnəyinin rəhbəri Şəmsəddin Kuzəçinin Azərbaycana səfərləri əsasında yazdığı kitabların təqdimatı keçirilib.
“Füyuzat”ın məlumatına görə, AZƏRTAC -a istinadən xəbər verir ki, ölkəmizin Ankaradakı səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə baş tutan tədbirdə, azərbaycanlı və iraqlı diplomatlar, Gazi Universitetinin rəhbər şəxsləri, elm xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Türkcəsinin Tədris Ocağının müəllimi Şəhla İbişova bildirib ki, İraq-türkman folklorunun toplanması, tədqiqi və nəşri sahəsində xidmətləri ilə tanınan Ş. Kuzəçinin, Azərbaycan-İraq ədəbi, mədəni əlaqələrinin qurulmasında da böyük zəhməti var.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qeyd edib ki, araşdırmaçı-jurnalist və şair Şəmsəddin Kuzəçinin adı Azərbaycana yad deyil, illərlə ədəbiyyata, ümumən mədəniyyətə verdiyi xidmətlər yaxşı bilinir.
Onun sözlərinə görə, Şəmsəddin Kuzəçi son 25 il ərzində Azərbaycana tam 28 dəfə səfər edib. O, ölkəmizdə yaşadıqlarını və müşahidə etdiklərini esse və publisistik yazılarla geniş oxuyucu kütləsinə çatdırıb. Ş.Kuzəçi öz yaradıcılığında Azərbaycanı kərküklü türkmanlər üçün “mənəvi məkan” adlandırıb, Azərbaycanla İraq arasındakı tarixi dostluq əlaqələrinə diqqət çəkib.
“Şəmsəddin Kuzəçinin əsərlərində mənə ən çox təsir edən məqam, 1918-ci ildə Azərbaycanın köməyinə gələn Qafqaz İslam Ordusunun tərkibində savaşan yeddi İraqlı türkmanın ölkəmizin azadlığı uğrunda şəhid olmasıyla bağlı məlumatdır. Azərbaycanda və Türk dünyasında İraq türkmanlarına xüsusi ehtiram və böyük rəğbət vardır. Hər şeydən əvvəl, ona görə ki, İraq türkmanları Türk dünyasının ayrılmaz bir parçasıdır”, – deyə S. Abbasov qeyd edib.
İraq-türkman ədəbiyyatının ümumtürk ədəbiyyatının ayrılmaz tərkib hissəsi olduğunu vurğulayan Ş.Kuzəçi, türkmanların ədəbi-mədəni inkişafında mühüm rol oynayan şair və yazıçıların araşdırmaları, kitabları və tədqiqat məqalələrindən bəhs edib. “İraq-türkmanları xalqın mənəvi bütövlüyünü təmin edən zəngin folklor irsinə sahibdirlər. Ortaq tarixi dəyərlərimiz, adət-ənənələrimiz bizi bir-birimizdən ayırmır”,- deyən yazıçı, Türk dünyası ölkələrinin bir-birinə daha da yaxınlaşmasının əhəmiyyətini vurğulayıb.
O, ədəbi-mədəni əlaqələrə töhfə verəcək “Kərküktən Azərbaycana” adlı saytın da fəaliyyətə başladığını qeyd edib.



