Xəbərlər

“Mədəni xeyriyyəçilik” layihəsi çərçivəsində Əhməd bəy Ağaoğluna məxsus nadir kitabların təqdimatı keçirilib

“Mədəni xeyriyyəçilik” layihəsi çərçivəsində Əhməd bəy Ağaoğluna məxsus nadir kitabların təqdimatı keçirilib

Yanvarın 29-da Azərbaycan İstiqlal Muzeyində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Sosial mədəni kafedrasının müdiri, fəlsəfə elmləri doktoru Mübariz Süleymanlı tərəfindən görkəmli ictimai-siyasi xadim, mütəfəkkir və yazıçı Əhməd bəy Ağaoğlunun müəllifi olduğu bir sıra kitablar muzeyə hədiyyə edilib.

“Mədəni xeyriyyəçilik” layihəsi çərçivəsində təqdim olunan bu nəşrlər sırasına “İslama görə və islamiyyətdə qadın”, “Şiə dinində məzdəki inancları”, “İslamda qadın”, “Sərbəst insanlar ölkəsində”, “İxtilalmı, inqilabmı?” “Könülsüz olmaz”, “İngiltərə və Hindistan”, “Dövlət və fərd” kimi fundamental əsərlər daxildir.

Tədbiri Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli açıq elan edib. O,öz çıxışında muzeyimizin bu mövzularda mütəmadi tədbirlərin keçirilməsi haqqında və tədqiqatçılara dəstək olmasından söz açıb.

Daha sonra tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Yeganə Eyvazova, jurnalist və kolleksiyaçı Dilqəm Əhməd, “Füyuzat” dərgisinin məsul redaktoru Samir Ramizoğlu, professor, Sosial- mədəni fəaliyyət kafedrasının müdiri, fəlsəfə elmləri doktoru Mübariz Süleymanlı çıxış ediblər.

Tədbirdə həmçinin, Bakı Hərbi kollecin kursantları iştirak ediblər.

Tədbir zamanı görkəmli ictimai-siyasi xadim, “Difai” partiyasının lideri Əhməd bəy Ağaoğluna məxsus olan və Azərbaycan İstiqlal Muzeyinə hədiyyə edilmiş nadir kitabların təqdimatı keçirilib.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycan İstiqlal Muzeyində Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi münasibətilə xüsusi tədbir keçirilmişdir. Bu təqdimat mərasimi həmin yubiley tədbirinin məntiqi davamı olaraq, böyük mütəfəkkirin elmi və mədəni irsinə göstərilən diqqətin növbəti təzahürü kimi dəyərləndirilir.

Sözügedən layihə çərçivəsində Feyzavər Alpsar Turan Əli bəy Hüseynzadəyə və özünə məxsus 161 ədəd, Xalq rəssamı Xanlar Əhmədov 18 ədəd və rəssam Nazim Məmmədov 10 ədəd sənət əsərini muzeyə hədiyyə ediblər.Təqdimat mərasimi Azərbaycan tarixinin və milli düşüncə irsinin qorunub saxlanılması, eləcə də gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Layihənin əsas məqsədi milli-mədəni irsin təbliği, maarifçilik ənənələrinin yaşadılması və mədəni xeyriyyəçilik dəyərlərinin cəmiyyətdə təşviq edilməsidir.