Günel Natiqqızı Köşə Yazıları Xəbərlər

İşıqlar sönəndə başlayan həyat

Köhnə afişalardan müasir premyeraya

Biz həmişə aydınlığa can atır, bir-birimizə “Yolun işıqlı olsun” deyirik. Amma ömrün elə bir səhnəsi var ki, orada həqiqət pərdəsi qaranlıqda açılır.Həmin səhnədə həyat işıqlar sönəndə başlayır. Bu, teatr səhnəsidir.

Bir deyil, min bir ömrü yaşayanların var olduğu həmin səhnənin ilk milli premyerası isə 1873-cü ilin martın 10-da baş tutur. Bu gün isə Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası ilə başlayan bu sehirli həyata köhnə afişalardan deyil, müasir premyeradan səyahət edəcəyik.

Uzun müddət idi ki, bu sehrli dünyadan uzaq düşmüşdüm. Nəhayət, bu tilsimi sevimli aktrisamın rol aldığı tamaşa qırdı. Kiçik bir haşiyə. Həmin sevimli aktrisamla ilk dəfə Ramiz Rövşənin sirli söz dünyasından olan “Yağış yağır, gün qurudur” misralarının nəğməyə süzülmüş halını dilləndirəndə tanış olmuşdum.

Tamaşa üçün biletləri alanda qarşılaşdığım mənzərə məni “Deyəsən, bilet qalmayacaq” təlaşına salsa da, həm də xoşbəxt etdi. Monitorun qarşısında əyləşib baxdıqca seçmək istədiyim sıraların sürətlə dolduğunu, boş yerlərin bir-bir tükəndiyini görürdüm. Anşlaqların köhnə afişalardan müasir premyeraya keçid etdiyini görmək necə də gözəldir…

Nəhayət, biletləri ala bilirəm. Tamaşa günü gəlib çatır. Teatr binasına daxil olanda belə artıq bu sehrli dünyanın bir parçası olduğunu hiss edirsən. Tamaşanın başlamasına az qalıb. Bu dəfə işıqlar sönəndə başlayan həyatın adı “Sənsiz”dir.

Tamaşanın bir epizodununda səslənən fikirlər bu dəfə sevimli aktrisamı deyil, onu tanımağa vəsilə olan Ramiz Rövşəni xatırladır:

Fərhad: Mən sənsiz yaşaya bilmərəm Sevinc.

Sevinc: Bu sözləri mən demişəm, mən. 18 il əvvəl. Amma yaşayıram. Desəm ki, ölmək istəyirəm…

Sevinc obrazının dilindən deyilən bu sözlər şairin sətirləri ilə tamamlanır sanki:

“Mən elə bilirdim, sənsiz ölərəm,

Mən sənsiz ölmədim, məni bağışla!”

Sevincin dediyi digər sətirlərsə, dondandona girən aktyorları xatırladır həm də: “Bir də bilirsən, insan tək deyil. Bir dəfə özün üçün sevinəndə on dəfə başqası üçün sevinirsən. Bir dəfə özü üçün kədərlənəndə on dəfə başqası üçün kədərlənirsən”.

“Sənsiz”də yer alan bu səhnələr tamaşanın sadəcə sevgini deyil, həyatın hər köşəsində qarşımıza çıxan duyğuları xatırlatdığını göstərir. İşıqlar sönəndə başlayan bütün həyatların bizə demək istədikləri kimi.

Tamaşa bitir. Səhnə işıqlanana kimi tamaşaçıların əksəriyyətinin zalı tərk etməməsi bilet alanda hiss etdiyim xoş duyğuları yenidən yaşadır mənə.

Köhnə afişalardan müasir premyeraya boylanan bu yolda alqış sədaları susmur. Keçdiyi bu uzun, çətin yola rəğmən, bu həyat həmin alqış sədaları ucaldıqca yaşayır.

“Bax, olub ki kimsə sənin üzünə bir damcı su çiləyir, az qalır ürəyin ağzına gəlsin. Amma elə ki dəryaya baş vurursan, hər şey, hər şey yoluna düşür. Bax həyat da belədir. Həyat çox gözəldir. Bütün çətinliklərinə baxmayaraq”.

“Sənsiz”in səhnəsində ucalan bu fikirlər qəlbimdə bir arzunu dilləndirir:

Çətin həyatı öz rəngləri ilə gözəlləşdirən, işıqlar sönəndə başlayan həyatdan uzaq düşməmək diləyi ilə…