Xəbərlər

Evin havasını təmizləməkdə dibçək güllərinin rolu

Evdə yetişdirilən bitkilər evimizə rəng və canlılıq qatdığı kimi, evimizdəki havanı da təmizləməyə kömək edir. NASA kosmosla bağlı araşdırmalarında evdə yetişdirilən bitkilərin həyatımızda necə böyük əhəmiyyətə malik olduğunu ortaya çıxarmışdır. Belə ki, onlar kosmosa göndərdikləri insanların atmosferdə rahat nəfəs ala bilmələri və yaşamlarını Yerdə olduğu kimi davam etdirə bilmələri üçün otaq bitkilərinin havanı təmizləmək funksiyasından yararlanmağın mümkün olduğu qənaətinə gəlmişlər. Bəzi zəhərli maddələrin bitkinin özü, bəzilərinin isə bitkinin torpağı tərəfindən sorularaq təsirinin azaldıldığı müəyyən olunmuşdur.  Bütün bunlarla yanaşı, nəfəs aldığımız havanın zərərli təsirlərini (başağrısı, başgicəllənmə, gözyaşarma və s.) azaltdığı da məlum olmuşdur. Hər 10 kv. metrə bir otaq bitkisinin olmasını məsləhət bilən NASA alimləri evdəki kimyəvi havanı təmizləməkdə  payızgülü və spafittiliumun ən yaxşı nəticə verdiyini bildirmişlər.   

Hələ çox əvvəllər bioloqlar otaq bitkilərinin fotosintez prosesi ilə havadakı karbon qazını aldığını və oksigeni verdiyini sübut etmişlər. NASA alimləri isə otaq bitkilərinin təkcə karbon qazını deyil, benzol, formaldehid, trixloretilen adlı zərərli qazları filtr kimi təmizlədiyini müəyyənləşdirmişlər. Formaldehid maddəsinə təbii qazın, evdə təmir zamanı istifadə olunan yapışdırıcıların, sellofan torbaların, trixloretilen maddəsinə isə çap maşınlarının mürəkkəbinin, metal əşyalardan yağ çıxarmaq üçün istifadə olunan vasitələrin tərkibində rast gəlinir.

NASA  alimləri 2 il ərzində 19 fərqli bitki üzərində müşahidə aparmışlar ki, bu bitkilərin çoxu ilboyu evdə saxlanılan, yalnız isti havalarda eyvana çıxarılan bitkilər olmuşdur. Bu bitkilərdən biri, demək olar ki, bütün evlərdə rast gəlinən aloe veradır. Aloe veranın yarpaqlarındakı şirəli maddə yanıq ləkələrinin, çapıq izlərinin bərpasına kömək etməklə yanaşı, evin havasının təmizlənməsində də böyük rol oynayır.

Benzol, trixloretilen, formaldehid yeni tikilmiş mənzillərdə çox miqdarda rast gəlinən zərərli qazlardandır. Yeni inşa olunan mənzillərin döşəmə, tavan və divarlarında sintetik yapışdırıcı, cila, boya və s. materiallardan istifadə olunur. Enerjiyə qənaət etmək üçün yeni evlərdə izolyasiya məqsədilə hava, səs keçirməyən pəncərə və qapılardan istifadə edilir. Bu da öz növbəsində otağın havasının sirkulyasiyasının qarşısını alır, nəticədə zərərli hava evin içərisində dövr edir.

Bitkinin torpaq və kök quruluşu da havanı təmizləməkdə mühüm rol oynayan faktordur. Torpağın içərisində yaşayan mikroorqanizmlər havadakı zərərli maddələri sovurma qabiliyyətinə malikdirlər. Onların bu funksiyanı yerinə yetirməsi üçün mikroorqanizmlərin həmin maddələrlə birbaşa təması vacibdir. Bunun üçün dibçəkdəki bitkilərin diblərinə düşən yarpaqlar tez-tez təmizlənməlidir ki, bitki öz funksiyasını daha yaxşı yerinə yetirsin.

Fidan Əhmədzadə