Həcəmova Zeynəb Əhməd
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Aparatı,
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutu, Bakı, Azərbaycan.

Kainatda cərəyan edən proseslər və ona olan münasibətin formalaşması kimi ciddi həyati əhəmiyyət kəsb edən dünyagörüşü xarakterli sualların cavablandırılması humanitar və ictimai elmlərin başlıca hədəfi olsa da, fundamental və tətbiqi elmlər qarşısında da bir sıra ciddi vəzifələr ortaya qoyur. Belə ki, fundamental sahəni əhatə edən intellektual sistemlər və texnologiyalar informatika, fəlsəfə, pedaqogika, psixologiya və s. elmlərlə də sıx şəkildə bağlıdır. Məhz bu baxımdan qeyd edə bilərik ki, assosiativ duyum və dərketmə elementləri ilə zəngin olan kibernetikanın, həmçinin informatikanın cavablandırmalı olduğu ən vacib suallardan biri və bəlkə də, birincisi insan amili ilə əlaqədardır. Bu problemin mərkəzində isə təbii ki, dünyagörüşü dayanır [6]. Nəzərə alsaq ki, hazırda dövlət tərəfindən təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılması, ölkənin sosial, siyasi və iqtisadi tələbatlarının təmin edilməsi sahəsində bir sıra ciddi islahatlar aparılır, bunların nəticəsi olaraq bütün elm sahələrində istifadə edilə bilən intellektual sistemlər və texnologiyalara daha geniş məzmunda baxılmağa başlanılmış və bu sahənin öyrədici (təlimedici) və innovativ tərəflərinin ən müasir imkanlar daxilində tətbiqi prioritet istiqamət olaraq qəbul edilmişdir. İntellektual sistemin intellektual texnologiyalar əsasında fəaliyyət göstərən, əsasən, biliklər bazası (BB) və ya predmet oblastının modeli olan və təbii dilə yaxın yüksək dil səviyyəsində təsvir olunan bir sistemdir. İntellektual sistemlər müxtəlif əlamətlərinə və qurğuya görə – neyron şəbəkələr və ekspert sistemlər olaraq ayırd edilir [6].
İntellektual sistemlərin ən çox yayılan növü “ekspert sistemlər”dir. 70-ci illərin ortalarında təfəkkürün universal axtarış alqoritminin yerinə konkret mütəxəssis-ekspert biliyinin modelləşdirilməsi ideyasına əsasən, ilk dəfə ABŞ-də kommersiya sistemləri – biliklərə əsaslanan ekspert sistemlər yarandı və biliklərin təqdim olunmasında yeni yanaşmalara yer verildi. Ekspert sistemlər tətbiq sahələrinə görə bütün elm sahələrinə siraət etmə xüsusiyyətinə malikdir [6]. Məsələn, psixologiya ilə ekspert sistemlər arasındakı əlaqə həddindən artıq çoxsahəlidir. Belə ki, insanın dərketmə mexanizmində süni intellektin rolu əvəzsizdir. Psixoloji nöqteyi nəzərdən yanaşdıqda ekspert sistemlərin inkişaf və şəxsiyyət psixologiyası ilə əlaqəsi xüsusilə nəzərə çarpır. Psixologiyanın bir sıra tədqiqat metodlarına (riyazi-statistik metod, test üsulu (nəticələrin təhlili) və s.) nəzər saldıqda güclü riyazi mexanizmlərə əsaslanan ekspert sistemlərin daha çox koqnitiv yanaşma ilə uzlaşdığının şahidi oluruq. “Oxford Dictionary of Psychology Intelligence” lüğətində koqnitiv qabiliyyət olaraq şərh edilən insan intellekti haqqında anlayışlar digər mənbələrdə və tədqiqatlarda diferensial və xüsusi qabiliyyət növü olaraq qeyd olunur. Amerika psixoloqu Robert Sternberq intellekti real mühitə uyğunlaşmaq, azad seçim etmək və bu mühitdə produktiv faktor olaraq mövcud olan mental fəaliyyət kimi şərh edir [2]. İlk dəfə 1956-cı ilin yayında Stenford Universitetində (ABŞ) keçirilən seminarda Con Makkarti tərəfindən işlədilən süni intellekt termini 1950-ci ildə Alan Türinq tərəfindən təklif edilən kompüter intellekti (computer intelligence) anlayışı əsasında təşəkkül tapmışdır. Bu hadisədən sonra konkret tədqiqat sahəsində biliklərin tətbiqi və problemin həlli çərçivəsində təşkilati struktur rolunu oynayan süni intellekt adlı sistemdən istifadə olunmağa başladı. Süni intellekt – insan kimi analiz, təhlil və şərh etmək kimi xüsusiyyətlərə malik olan texniki qurğu yaratmaq məqsədi daşıyır. Süni intellekt informatikanın xüsusi bölməsi olaraq çox yüksək səviyyədə ixtisaslaşmış və informatika, psixologiya, fəlsəfə, linqvistika, iqtisadiyyat, optimallaşdırma, məntiq nəzəriyyəsi və s. mühüm elmi sferalara əsaslanan tədqiqat sahəsidir [6]. Süni intellektin əsas məqsədlərindən biri – insan intellektinə nəzərən daha geniş imkanlara malik sistemin yaradılmasından ibarətdir. Bir elm sahəsi olaraq qəbul edildikdən sonra süni intellekt beyin fəaliyyətinin, onun psixofizioloji xassələrinin modelləşdirilməsi ilə EHM və digər xüsusi texniki qurğuların köməyi ilə süni intellekt və ya süni ağıl hasil etmək (bionika istiqaməti) və insan beyninin psixofizioloji fəaliyyətini tədqiq etmək (praqmatik istiqamət) məqsədilə istifadə olunur. Süni intellekt digər metodlarla həlli mümkün olmayan müvafiq situasiyalarda tətbiq olunur [5]. İntellekt səviyyəsinin yüksəldilməsinin əsas şərti geniş fəaliyyət sahəsini əhatə edən innovativ informasiyanın əldə olunmasıdır. Məlumdur ki, intellektlərinin inkişaf səviyyəsinə görə seçilən insanlar cəmiyyətdə özünəməxsusluq yaradır və bu özünəməxsusluq özünü dahilik, liderlik formasında təzahür etdirir. Dahi insan, daha obrazlı şəkildə desək, öz fəaliyyət sahəsində yeni era yaratmağı bacaran ümummilli liderimiz Heydər Əliyev də bu cür şəxsiyyətlərdəndir. Həyat tərzinin müsbət istiqamətdə dəyişdirilməsinin ən mühüm göstəricilərindən biri informasiyanın sosial həyatın və fəaliyyətin bütün sahələrində istifadəsindən ibarətdir. Məhz müstəqil Azərbaycan dövlətinin apardığı uğurlu siyasətin əsas qayəsini də yüksək intellektual imkanlara malik cəmiyyətin və hərtərəfli inkişaf etmiş mədəni bir irsin formalaşdırılması təşkil edir [2].
Müəllifin “Süni intellektin tətbiqinin sosial-psixoloji təsviri” tezisi ilk dəfə 2020-ci ildə “Fundamental və tətbiqi elmlərin müasir problemlərinin həllində multidissiplinar yanaşmalar” konfransında dinlənilib.
ƏDƏBİYYAT
1. AI Applications in Psychology. DOI: 10.5772/16620., October 2011.
2. “Elm dünyası” elmi-kütləvi jurnal., №03, (03), Bakı – 2013.
3. Parkinson B., Social perception and attitude.
4. Perception and attitudes., Managerial Psychology., Fall, 2006 411 s.
5. Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri., I Respublika konfransı, Bakı, 17 may 2017-ci il.
6. R.Ə.Balayev., M.N.Əlizadə., İ.K.Musayev. İntellektual sistemlər və texnologiyalar. Bakı – 2016.



