Tarix Xəbərlər

Qızılbaşlar haqqında yazılmış ilk roman

Dünya ədəbiyyatında qızılbaşlar haqqında ilk roman 1828-ci ildə qələmə alınmışdır. Əsərin orijinal adı belədir: “The Kuzzilbash, a Tale of Khorasan” (Qızılbaş, Xorasan hekayəsi).

Roman üç cilddən ibarətdir. Hadisələr XVIII əsrdə Xorasanda cərəyan edir və baş qəhraman isə Nadir şah Əfşardır. Romanın müəllifi şotland səyyah, yazıçı və rəssam Ceyms Baillie Freyzerdir. O, 1821-ci ildə Qacar İranına səyahət etmiş, İranda bir müddət yaşamış və bəzi mənbələrə görə, Məşhəddə müsəlmanlığı qəbul etmişdir.

Freyzer 1830-cu ildə ilk romanının davamı olan “Fars macəraçısı: qızılbaşın davamı” (“The Persian Adventurer: Being the Sequel of The Kuzzilbash”) adlı üçcildlik əsəri də yazmışdır. Bu əsər ilk romanın süjet xəttini davam etdirir və daha geniş coğrafiyanı əhatə edir. Müəllifin Nadir şah və qızılbaşlara bu qədər böyük marağı və sevgisi babasından qaynaqlanırdı. Onun babası – şotland alim Ceyms Freyzer 1742-ci ildə “Nadir şahın tarixi; əvvəllər Təhmasibqulu xan adlanan, hazırkı İran imperatoru” (The History Of Nadir Shah: Formerly Called Thamas Kuli Khan, The Present Emperor Of Persia) adlı tarixi əsəri qələmə almışdır. Bu əsər Qərbdə Nadir şah haqqında yazılmış ilk əsaslı və ciddi tarixi kitablarından biri hesab olunur.

Müəllif: Vahid İbayev