Ədəbiyyat Xəbərlər

“Eşq pərvanəsi”ndən üfüq açan hekayələr

Zənginliyə yol açan fəqirlik

Bir gün Mövlananı sevənlərdən biri onun yanına gəlib malının azlığından, fəqirliyindən şikayət edir.

Mövlana bu şikayətə belə cavab verir:

– Get! Məni düşmən bil, məni sevmə. Onda dünya nemətlərini əldə edərsən.

Həmin şəxs çox təəccüblənir və utanaraq dili dolaşa-dolaşa deyir:

– Necə ola bilər? Mən bunu heç vaxt edə bilmərəm.

Bundan sonra Mövlana belə deyir:

– Elə isə fəqirliyə səbr et ki, zənginliyə qovuşasan.

Hal dili ilə danışmaq

Bir gün Sədrəddin Konyəvi Həzrəti Mövlana ilə sükut içində üzbəüz oturmuşdu. Sədrəddin Konyəvinin yanında olan bir dərviş bu sükutu pozub Həzrəti Mövlanadan soruşur:

– Fəqirlik nədir?

Həzrəti Mövlana heç bir cavab verməyib təfəkkür etməkdə davam edir.

Dərviş yenidən soruşur:

– Fəqirlik nədir?

Həzrəti Mövlana yenə də sükutu pozmayıb cavab vermir.

Dərviş israrla sualını təkrar edir.

Həzrəti Mövlana yenə də sükutu pozmur.

Bir müddət sonra dərviş çölə çıxanda Sədrəddin Konyəvi onu danlayıb belə deyir:

– Ey xam adam! Həzrəti Mövlana sənə çox gözəl cavab verdi. Lakin sən o cavabı başa düşməyib sualını təkrarladın.

Dərviş təəccüblə soruşur:

– Cavab nə idi ki?..

Sədrəddin Konyəvi Həzrəti Mövlananın sükutla söylədiklərini belə bəyan edir:

– Kamil bir dərviş Allah dostlarının hüzurunda dili ilə heç bir şey söyləməz, hal dili ilə danışar. Həqiqi fəqir dünya və axirət başmağını ayağından çıxaran, öz varlığından keçən şəxsdir.

Şəms də belə yazardı

Mövlananın yazı xətti çox gözəl idi. Lakin “r” hərfini digər hərflər kimi yaza bilməməsi diqqəti cəlb edirdi. Halbuki “r” hərfi ən asan yazılan hərflərdən biri idi.

Bir gün tələbələri Mövlanadan bunun səbəbini soruşurlar. Mövlana belə deyir:

– Bilirəm! Lakin “r” hərfinin yazılışını düzəltməyəcəyəm. Çünki Şəms də “r” hərfini belə yazardı.

Dosta sədaqət

Bir gün bir nəfər mədrəsənin divarına mismar vururdu. Mövlana mismarı vuran adama dərhal mane olur. Həmin şəxs mismarın oraya vurulmasının lazım olduğunu açıqlamağa çalışsa da, Mövlana razılaşmır:

– Bura necə mismar vura bilərsən? Bu mismar sanki ciyərimə vurulur. Bu otaqda bir zamanlar Şəms Təbrizinin qaldığını bilmirsənmi?

Mənbə: “Eşq pərvanəsi”, Mövlana Cəlaləddin Rumi. Bakı, MİMTA YAYIMLARI 2022. 264 səh.

Tərcüməçi: Muxtar Cəfərli