Fidan Vahid Füyuzat 147 Xəbərlər

“Siyasəti-fürusət” – bədii qəhrəmanın yolu

Fidan Vahid

İyirminci yüzilliyin əvvəllərində baş verən siyasi olaylar Şərq xalqlarının ictimai-­siyasi fikir tarixində və ədəbi düşüncəsində yeni meyillərin yaranmasına rəvac vermişdir. Səttarxanın rəhbərliyi ilə İranda başlanan Məşrutə hərəkatı demokratik mücadilələr üçün ilk cığır açmış, ardınca Osmanlıda başlanan “Gənc türklər” inqilabı bölgədə zorakı hakimiyyət sürdürən çar Rusiyasının nüfuzunu sarsıtmışdır. Nəticədə bu zaman kəsimində “Azərbaycanda, eləcə də Türkiyədə İrana olan maraq daha da güclənmiş və İran mövzusu siyasi arenada ciddi aktuallıq kəsb etmişdir” (Ağaoğlu, 2009, 17). Məhəmməd Əmin Rəsulzadənin “Səbilür-rəşad” və “Türk yurdu”nda yayımlanan silsilə məqalələri, Əhməd bəy Ağaoğlunun irihəcmli “İran və inqilabı” traktatı, Əli bəy Hüseynzadənin “Türklər kimdir və kimlərdən ibarətdir?” araşdırması, “Siyasəti-fürusət” əsəri bu baxımdan olduqca dəyərlidir. Əhməd bəy Ağaoğlu bu qarşılıqlı təsirin mənəvi dayağı kimi Güney Azərbaycan amilinə toxunaraq “İran və inqilabı” əsərində fikrini belə ifadə edir: “Qafqaz Azərbaycanını İran Azərbaycanından ayıran hüdud Araz çayının təşkil etdiyi bir neçə metr genişliyində şəritdir. Eyni irqdən olan, eyni dil danışan və eyni dini daşıyan bu iki Azərbaycan əhalisi arasında maddi, mənəvi əlaqə heç bir zaman əskik olmamışdır” (Ağaoğlu, 2009, 106).

“Bir sənəlik vüquat”dan…

Əli bəy Hüseynzadə yaradıcılığının əvəzsiz əsərlərindən sayılan “Siyasəti-fürusət” (“At oynatmaq siyasəti”) traktatı Azərbaycan ədəbiyyatında modernist nəsrin ilk örnəklərindən biri olmaqla yanaşı, milli və özgür düşüncə tarixini bədii-fəlsəfi libasda təqdimi və bənzərsizliyi ilə seçilir. Əsər “Füyuzat” dərgisi fəaliyyətini dayandırdıqdan sonra, 1908–1910-cu illərdə türkçü-ideoloqun “İrşad”, “Tərəqqi” və “Həqiqət” qəzeti səhifələrində təfriqə şəklində dərc olunan otuz yazısından ibarətdir. Ədibin Bakı dövrü yaradıcılığına daxil olan bu əsər uzun müddət tədqiqatçılar tərəfindən diqqətdən kənar qalmışdır. Onunla bağlı ilk məlumata 1912-ci ildə Abdulla Şaiqin “Gülzar” dərsliyində yazılmış tərcümeyi-halda təsadüf edilir. Daha geniş araşdırma yazısı isə türk alimi Hilmi Ziya Ülkənin “Türkiyə çağdaş düşüncə tarixi” əsərində yer almışdır. Alim “Siyasəti-fürusət”in zəngin İran ədəbiyyatı və türk tarixi bilgisinə əsaslandığını yazır. O, türk fikir ədəbiyyatında ilk dəfə incə tənqid tərzinin tətbiqinin bu əsərdə olduğunu irəli sürərək Əli bəyi renessans dövrünün humanistləri ilə qarşılaşdırır. “Siyasəti-fürusət” kitab halında ilk dəfə 1994-cü ildə Ofeliya Bayramlı tərəfindən nəşr olunmuşdur. Əli bəy sərlövhədə sadəcə bir sənəlik vüquatı icmal edəcəyini qeyd etsə də, nəhayətində vahid süjet xətti olan, böyük bir tarixi gedişatı özündə əks etdirən bitkin əsər yaranmışdır. Tədqiqata cəlb edilən “Siyasəti-fürusət” əsəri həmin dövrdə yazılan ədəbi örnəklərlə mövzu baxımdan eyniyyət təşkil etsə də, üslub səciyyəsi və poetik gücünə görə tamamilə ori­jinal sənət nümunəsidir. M.Ə.Rəsulzadə və Ə.Ağaoğlu qələmində daha çox elmi üslub səciyyəsi daşıyan, yeri gəldikcə şərh funksiyasında olan hər şey Əli bəyin əsərində simvolların gücü ilə bədii-fəlsəfi aspektdə yenidən mənalandırılıb. Təsadüfi deyil ki, İran inqilabının süqutunu gətirən Tehranda “rus kazak alayı”nın yaradılması “Siyasəti-fürusət”də baş qəhrəman Pruşkeviçin kölgəsinin xəyali səyahəti fonunda təsvir olunur. Bütün bunların nəticəsidir ki, Əli bəyin yaradıcılığı Azərbaycan ictimai fikir tarixində yeni mərhələ hesab edilir.

“Siyasəti-fürusət” Əli bəyin bu sətirləri ilə başlayır: “Hər bir sənənin xitamında qəzetələrin geriyə ətfi-nəzərlə bir sənəlik vüquata dair bir icmal yazmaq adətləri vardır. Mən də keçən səneyi-qəməriyyə zərfində gördüklərimizi, eşitdiklərimizi xülasə etmək istərdim” (Hüseynzadə, 2007, 274).

Dramaturji üslubu ilə seçilən əsərin janrı ilə bağlı ədəbi tənqidi görüşdə fərqliliklər ona baxış müxtəlifliyindən qaynaqlanır. Elmiliklə bədiiliyin qovşağında yaranan mətn bir sənəlik icmal (Əli bəy Hüseynzadə), oçerk (Ofeliya Bayramlı), fəlsəfi traktat (Əziz Mirəhmədov), povest traktat (Yaşar Qarayev), roman (Kamal Talıbzadə), qəzet-romanı (Hilmi Ziya Ülken), siyasi pamfletlə (Vaqif Sultanlı) yanaşı, məzmun xüsusiyyətləri nəzərə alınaraq fəlsəfi kinayə, həcv, sənədli nəsr kimi də araşdırmaya cəlb edilə bilər. Əli bəy Hüseynzadəni “kökünə və bütövlüyünə boylanan yaddaş” adlandıran tənqidçi-alim Yaşar Qarayev “Siyasəti-fürusət”i ədibin yaradıcılığı üçün şah əsər hesab edərək yazır ki, Turanın və İranın, Yaxın və Uzaq İslam Şərqinin bütün nəsilləri onu bir dərslik kitabı, etiraf, tövbə və yaddaş qamusu, qeyri-rəsmi ana yasa kimi oxumalıdırlar.

“Siyasəti-fürusət” dünya ədəbiyyatı nümunələri ilə intertekstual əlaqələri, mifoloji və modernist ünsürlərin sintezi ilə seçilir. Əsər boyu başdan-sona qədər janr sinkretizmindən, dünya ədəbiyyatı örnəklərindən məqsədli istifadə onu yerli ədəbiyyat miqyasından daha yuxarılara qaldırmışdır. “Dantenin “İlahi komediya”sındakı kimi hadisələrin o biri dünyada və 3500 illik tarixin içində cərəyan etdiyi bu əsərdə nəinki dram, teatr və kino, hətta balet, opera komponentlərinin bir araya gətirildiyini, o biri dünyada Tehran Velikorus orkestrinin ifasında Sen Sansın “Dans makaber” baletinin səsləndiyini, fosforlu skeletlərin rəqsini, XX yüzil Amerika balerinası Aysedora Dunkanın rəqsləri barədə söhbət getdiyini, ilk insanın – Kəyumərsin (yəni Adəmin) Bakı Nicat Cəmiyyəti dram bölümünün ifasında “Nadir şah” tamaşasına baxdığını görürük (Turan, 2023, 12).

“Siyasəti-fürusət” əsəri çox geniş və əhatəli dünya ədəbiyyatı örnəklərinə söykənir. Bu, fikir və düşüncədə özünü göstərdiyi kimi, üslubi səciyyədə də yenilikləri ilə diqqət çəkir. Bu baxımdan onun bədii dərki üçün xüsusi ön hazırlığa və geniş mütaliəyə ehtiyac vardır. Belə ki, Əli bəy dünya ədəbiyyatının bənzərsiz örnəklərini yeri gəldikcə süjetin təsviri üçün istifadə etmişdir. Bu yanaşma təhkiyə və təsvirdə lakonikliyə rəvac verməklə yanaşı, onu elmi cəhətdən zənginləşdirmişdir. O, əski dərəbəylik dövrü ilə bağlı səhnəni canlandırmaq üçün Turgenevin “Övraqi-səyyad” və Qoqolun “Nüfusi-əmvat” kitablarından istifadə edir: “Əfəndim, Pruşkeviç cənabları bu anda at quyruğu qıllarından bir aq, bir şəbəkə toxumaqdadır. Niyyəti Rusiyada nə qədər sol və mərkəz firqələrə məxsus adam varsa, cümləsini ovlayıb vücudlarını ortadan rəf ilə Turgenovun “Övraqi-səyyad” və Qoqolun “Nüfusi-əmvat” ünvanlı kitablarında təsvir edilən əski dərəbəklik dövrü məişətini ehya etməkdir” (Hüseynzadə, 2007, 280). Bu cəhət Əli bəyin geniş dünyagörüşünü sərgiləməklə yanaşı, həm də dövrün siyasi mənzərəsini əks etdirir. O zamanı ki, deyilməli fikirlər çeşidli üsullara bürünüb təqdim olunurdu. “Əks təqdirdə, əvvəla, önə düşüb atı işığa çəkmək istəyənlərin atla bərabər Sibirya tərəflərində qütbi-şimalininin aylarca zülmat hökm edən məhəllərinə qədər nəfy və təbid olmaları ehtimaldan bəid degildir” (Hüseynzadə, 2007, 279).

Pruşkeviçin əfkarı və əşkalı yol gedir…

“Siyasəti-fürusət”in süjet xətti qaragüruhçu çar Rusiyasının baş naziri Pruşkeviçin kölgəsinin İrana getməkdən ötrü yeraltı dünyaya etdiyi xəyali səyahət üzərində qurulmuşdur. Hadisələr bircə gündə baş versə də, mətnin yaddaşı minillikləri özündə barındırır. “İnsan daim yalnız zamanın içində (yəni üfuqi xətt boyu) yaşaya bilməz, bu üfuqi müstəvi şaquli bir müstəviylə hökmən kəsilib doğranmalı, arabir bütün gizlinlər faş olmalıdır” (Yusifli, 1998, 67). Bu yolçuluq real coğrafi hərəkətdən daha çox, tarixi və ideoloji yaddaşın dərin qatlarına enişi simvolizə edir. Kölgə obrazı çar Rusiyasının İranda həyata keçirdiyi müstəmləkə siyasətinin rəmzi kimi çıxış edir. Pruşkeviçin özü ilə kölgəsi arasında bir fərq olmadığını yazan ədib səyahətə onun kölgəsini çıxarır. Pruşkeviç əfkar, kölgəsi isə əşkaldır və şəkillə fikir arasında fərq mümkünsüzdür. Çünki batini aləm zahirə yansıyar. Bu səyahət müddətində kölgəni daxili köləliyin ideoloji dayaqları kimi təqdim olunan Şeyx Fəzlullah, Seyyid Əli Yəzdi və Mir Haşım üçlüsü müşayiət edir. İnqilabi düşüncəni, azadlıq meyillərini boğmaqdan ötrü yol gələn Pruşkeviçə bələdçilik edib “qapıları” açan elə məhz “manqurtlaşmış” yerli qüvvələr olur. Əli bəy Hüseynzadə istibdadın yalnız xarici zorakılıqla deyil, daxili köləlik vasitəsilə də möhkəmləndiyini göstərir və bunu “quyruqlar” adı ilə ümumiləşdirir. “Quyruqlar” obrazı manqurtlaşmış, eyni qanı daşıdığı halda istibdada xidmət edən insanların ümumiləşmiş simvoludur. Başla mübarizə nisbətən asan olsa da, görünməyən quyruğun zərbəsi daha amansızdır. “Beləliklə, Əli bəy XX əsrin bədii-fəlsəfi və publisist fikrində məlum “dəlilər”, “artıqlar”, “xırdalar” və “ölülər” təsnifini “quyruqlar” çeşidi ilə də zənginləşdirir və tipologiya daha böyük kamillik, tamlıq və bütövlük (“alt qat” da görünməyə başlayır) kəsb edir” (Qarayev, 1995, 295).

Əli bəy Hüseynzadə qəhrəmanlarını şüur axınında sərrast hərəkət etdirmiş, bu yolla obyektiv tarixi mənzərə yaratmaqla həm öz millətinin çatışmazlıqlarına tənqidi yanaşmış, həm də müstəmləkələrin iç üzlərini ortaya sərmişdir. “Siyasəti-fürusət” bu baxımdan Əhməd bəy Ağaoğlunun “Mən kiməm?” əsəri ilə ideya cəhətdən yaxınlıq təşkil edir. Ə.Ağaoğlu öz kimliyində gizlənən çeşidli mənfilikləri sadaladıqdan sonra bunun kökündə müstəmləkə təfəkkürünün gizli olduğunu qeyd edir. İngiltərə ilə öz ölkəsini müqayisəyə cəlb edərək yazır: “Niyə İngiltərədə əfkari-ümumiyyə canlıdır, bizdə cansız? Bunun bir çox səbəbləri var. Fəqət ən ümdəsi budur ki, bu ölkə yeddi yüz sənədən artıq müddət əvvəl hürriyyətini qazanmış və sərbəst fikrin bəyanına başlamışdır” (Ağaoğlu, 1939, 46). Eyni cəhət “Siyasəti-fürusət”də də özünü göstərir. Əli bəy ilk səhifələrdən çatışmazlıqları müəyyənləşdirib sıraya düzür: məmləkətin bunca çətin zamanında Əhməd Kamal kimi bir ziyalının “məktəb”, yoxsa “xanə” haqqında mənasız araşdırmaları, Ürfi cənabının tərcümə etdiyi mətni öz adına çıxarıb çap etdirməsi, “müsəlmanların” heç vəc­h­lə gizli və sakit iş tuta bilməmələri, hər işdən əvvəl patırtı, gürültü salaraq kənar diqqəti özlərinə çəkmələri… və s. Hətta müəyyən məqamda atalar sözü və zərbi-məsəllərə yenilikçi yanaşma da özünü göstərir. Fikirdə özünə geniş yer qapsıyan “Ağlamayana yemək yoxdur” təbiri üzərində Doğu və Batı kültürünü müqayisə edir. Doğuda uşaq ağlamayana qədər onun yemək və digər ehtiyacları ödənmir. Cəmiyyətin keçmişindən süzülüb gələn bu cəhətin İran mətbuatına təsirlərini mətbu orqanların adlarını qeyd edərək təqdim edir: “Nalə”, “Vaveyla”, “Fəryad”, “Yayqıra” və s.

Mifoloji dünyaduyumu

“Türk ədəbiyyatında mifoloji düşüncənin geniş ölçüdə bədii mətnə tətbiqi ilk dəfə 1908-ci ildə “Siyasəti-fürusət”də gerçəkləşib” (Turan, 2016, 13). Əsərdə yeraltı dünya, qəbir, mağara, dəniz, kül kimi məkan və ünsürlər minilliklərin yaddaşını əks etdirən simvollardır. Hadisələrin bir gün ərzində cərəyan etməsinə baxmayaraq, mətnin yaddaşı neçə-neçə əsri əhatə edir. Bu xüsusiyyət “Siyasəti-fürusət”i mifo-politik mətn səviyyəsinə yüksəldir.

Mifoloji dünyaduyumu əsər boyu çeşidli yollar, simgələr, canlı aləm və nəsnələrlə, hətta xəyalat və rənglərin köməyi ilə oxucunu daim təqib edir. Bu tapıntılar bir çox cəhətdən orijinallığı ilə seçilir. Əgər ənənəvi süjetlərdə qəhrəmanın rastlaşdığı ilkin maneələr canlı qüvvələrlə bağlı olurdusa, burada onun qabağını öncə qəbir kəsir. Quru daş parçası olan Qəbirə burada sərhəd funksiyası yüklənir. Əmir Nizam Mirzə Tağı və Müzəfərəddin şah sağlıqlarında yaymış olduqları mütərəqqi fikirlərdən ötrü öldükdən sonra da zülmün qarşısında dayanan sipər səciyyəsi daşıyır. Qəbir motivindən istifadə irəliləyən səhifələrdə davam edir və özünü ən yüksək səviyyədə məzarlıq səhnəsində göstərir. İrana daxil olmaqdan ötrü yollar arayan kölgə və “quyruqlar”ı bayquşun (Əhrimənin) məsləhəti ilə həll yolunu qala divarının altından açılan çuxurda tapırlar. Bu çuxurla məzarlığa daxil olan heyətin səfərini aydınladan işıq isə qəbirlərdən yüksələn fosfor olur. Nəticədə cəhalət və köləlik ölülər sayəsində özünə yol tapır… Cəhalətin yolunu aydınladan işıq “ölülər”dir. Əsərdə yol özü də şərtilik statusu qazanmışdır. Çünki “Siyasəti-fürusət” əsərində fiziki hərəkət, demək olar ki, yox dərəcəsindədir. Amma doqquz əsrlik bir məsafə qət olunur. Burada fiziki yolu şüurun hərəkəti əvəz edir.

Əsərin başdan sona süjetinə hörülən əsas metafora “at” və “atlı” obrazıdır. Bu həm əsərin adında, hadisələrin axarında, həm də bədii ricətlərdə özünü göstərir. Siyasəti-fürusət at oynatmağın siyasəti deməkdir. Bilindiyi kimi, “dünyada son böyük köçəri xalq türklərdir və onların çox əsrlik “atlı” (azad, sərbəst, qanadlı!) həyat tərzinə və ənənəsinə qarşı çevrilmiş ən müasir, çağdaş “quyruq və at siyasəti”nə Əli bəy biganə qala bilməzdi” (Qarayev, 1995, 292). Musa Adilovun “Azərbaycan onomastikası” kitabında türk dillərində atın bu qədər yüksək qiymətləndirilməsinin əsas səbəbi kimi “ad” (şəxs adı) və “at” (heyvan) sözlərinin eyni məna ifadə etməsi ilə bağlılığı göstərilir. Belə ki, şəxsə ad verəndə elə at da verilirdi. Ad almaq həm də at almaq demək idi… Əli bəy bu cəhəti “Siyasəti-fürusət”ə daşıyaraq at motivini xalqların müstəqillik arzusu ilə birləşdirir. III Dumada və “Məclisi-milli”də səngimək bilməyən at müzakirəsi xalqların istiqlal arzusunun boğulması üzərinə bina edilmişdir.

Əziz Mirəhmədov Əli bəy Hüseynzadəyə həsr elədiyi araşdırma məqaləsində “Siyasəti-fürusət” əsəri ilə bağlı yazır: “Süjeti əvvəldən axıradək romantik planda açılan əsərdə şərtilik və simvolika ilə bərabər, sırf realist ünsürlər də az deyildir. Tarixi və müasir dünya hadisələri bir-biri ilə üzvi surətdə bağlı, təbii, inandırıcı surətdə növbələşir” (“Fikrin karvanı”, 1984, 75). Tarixi şəxsiyyətlərin “o dünyası”na işıq salan ədib bu üsulla təkcə keçmişi xatırlatmır, eyni zamanda öz dövrünün ictimai-­siyasi hadisələrinə dolayı, lakin son dərəcə təsirli bir cavab verir. Əli bəy Hüseynzadənin baxışında İran tarixi vahid və ardıcıl inkişaf xətti kimi deyil, kəskin ziddiyyətlərlə ayrılan iki əsas mərhələdən ibarətdir: türklərin siyasi hakimiyyəti altında olduğu dövr və bu hakimiyyətin süqutundan sonrakı mərhələ. Onun qənaətincə, İran ən parlaq, sabit və qüdrətli çağlarını məhz türk sülalələrinin idarəçiliyi altında yaşamış, dövlətçilik ənənəsi, hərbi nizam-intizam və mədəni mühit bu dövrlərdə formalaşmışdır.

Lakin tarixin ironiyası ondadır ki, bu siyasi-­mədəni yüksəlişin əsas daşıyıcısı olan türk elementi sonrakı əsrlərdə sıxışdırılmış, xüsusən Güney Azərbaycanda yaşayan milyonlarla türk əhali siyasi hüquqlardan məhrum edilmiş, sosial gerilik və cəhalət mühitində saxlanılmışdır. Əli bəy bu vəziyyəti yalnız xarici zorakılığın deyil, eyni zamanda daxili laqeydliyin və milli şüurun zəifləməsinin nəticəsi kimi dəyərləndirir. Hərbi güc və zorakılıq yolu ilə Güney Azərbaycanın səsinin susdurulması cəhdləri məhz bu tarixi ədalətsizliyin davamı kimi təqdim olunur.

Bununla belə, “Siyasəti-fürusət”in sonluğu ümidlə bitir. Əsərin bitişində istibdadın külə məhkum edilməsi təsadüfi deyil; bu obraz siyasi zorakılığın və mənəvi köləliyin keçici, xalq iradəsinin isə davamlı olduğunu simvolizə edir: azadlıq ideyası zamanın müəyyən mərhələlərində boğula bilər, lakin onu tamamilə məhv etmək mümkün deyil. Əsərin nikbin sonluğu da məhz bu inamın – milli oyanışın və azad gələcəyin mümkünlüyünün bədii-fəlsəfi ifadəsidir.

XX yüzilliyin əvvəllərində türkçülük hərəkatının siyasi öncüllərindən olan Səlyani bəy Turana gedən yolu millətlərin Rusiya və İranın məngənəsindən xilas olaraq istiqlaliyyətə qovuşmasında görürdü. Bu baxımdan “Siyasəti-­fü­rusət” əsərində bədii qəhrəmanın yolu vasitəsilə müəllif istibdad, daxili köləlik və azadlıq problemlərini ümumbəşəri səviyyədə ümumiləşdirir, İran və Güney Azərbaycanın keçdiyi çoxəsrlik yola işıq tutur. “Siyasəti-fürusət” fəlsəfi traktatı Azərbaycan ədəbiyyatında modernist estetik düşüncənin, mifoloji təfəkkürün və siyasi ideologiyanın sintezini nümayiş etdirən mühüm əsərlərdən biridir və Türk fikir tarixində yeni hadisədir.

Ədəbiyyat

Ağaoğlu Ahmet. (1939). Ben Neyim. İstanbul: Bilkent Universitey Library, 69 s.

 Fikrin karvanı. (1984). Tərtib edən Elçin. Bakı: Yazıçı, 362 s.

Hüseynzadə Əli bəy. (2007). Seçilmiş əsərləri. Bakı: “Şərq-Qərb”, 480 s.

Şıxaliyeva Günel. (2022). Əli bəy Hüseynzadə və Qərbi Avropa ədəbi-nəzəri fikri. Bakı, 2022.

Turan Azər. (2023). Ceyms Coys və Əli bəy Hüseynzadə, yaxud ilk mifo-politik əsərimizi dəyərləndirmək zamanı.

Bakı: “Ədəbiyyat” qəzeti, 9 sentyabr, s. 12–13.

Yusifli Cavanşir. (1998). Bədii mətnin sirləri. Bakı: Mütərcim, 106 s.