Xəbərlər

Sevgi qorxudur, sevdiyini itirmək qorxusu – professor Rafiq Əliyev

Sevimli həyat yoldaşım Aidə xanımın əziz xatirəsinə

 Esse

Həsrətin araya atdı, dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun,
Qayıt mənim gülüm, qayıt bu yerə.
Ey mənim istəyim, nə gəlməz oldun.

                                                                                                    Əli Kərim

Əzizim Aidə, yadındamı, həmişə mən deyərdim ki, sevgi qorxudur. Səni itirmək qorxusu məndə həmişə sonsuzluq qədər olub, heyhat bu qorxu çox tez baş verdi. Amma o qorxudan doğan sevgim sənə sonsuzdur, əbədidir, həm bu dünyada, həm o dünyada.

Sən həmişə məni qoruyardın, bağışla, mən səni qoruya bilmədim. O dünyada yerin cənnət olsun.

Bilirsənmi, sən gedəndən sonra təhna qaldığım bu mərhəmətsiz, vəfasız dünyada sənsiz nələr çəkirəm. Sən geri dönərsən deyə, gözlərim yollarda qalıb.

Ruhu yaralı, ürəyi ağrılı yaşayıram. Bilirəm, bir daha “əzizim Aidə” deyə çağıranda cavab gəlməyəcək, amma “gəldim” sədan həmişə qulağımdadır.

Nə kitablar, nə elmi biliklər, nə həyat təcrübəsi yoxluğunu anlamağa yetmədi.

Birgə yaşadığımız xoşbəxt illərdə çox çətinliklər olsa da, yaşamaq eşqi, sənin xoş münasibətin, müdrikliyin, gələcəyə pozitiv baxışın sayəsində hər cür çətinliklərin öhdəsindən asanlıqla gəlirdik. Düşünürdüm ki, yaşadığımız bu həyat yazdığımız xoşbəxt sonluqlu bir romandır. Ancaq bilməzdim ki, Tanrının yazdığı roman bambaşqaymış. Bu bizim birgə ömrümüzün həyat kitabıdır. Çox əfsuslar ki, Tanrının yazdığı bizim tale kitabımızı qəfil və vaxtsız bağladı.

Əzizim Aidə, yadındamı, sənə həmişə deyərdim ki, məni özünə bu qədər öyrətmə. Sənsiz keçəcək günlər, sanki ürəyimə dammışdı. Dostum, böyük şairimiz Musa Yaqubun dediyi kimi:

Taleyin qisməti rast saldı bizi.
Yolumuz haradasa qırılacaqsa,
İtirəcəyiksə, bir-birimizi,
Xatirəm yadında qalmayacaqsa,
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa,
Gəl məni, özünə öyrətmə məni,
Hicran qorxusuyla göynətmə məni.
Əlimi saçıma öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə,
Üzümü üzünə öyrətmə belə…

Yoxluğun hər şeydən ağırmış. Səni indi yuxularımda görürəm. Yuxum ərşə çəkilir, gecələr bir əsrə dönür.

Səhər də, axşam da xəyalımdasan, xəyallarımda səninlə keçirdiyimiz o xoş günlərdən, dünyanın birgə olduğumuz müxtəlif ölkələrindən, doğma Ağdamımızdan, sənin oxuduğun 5 №-li, mənim oxuduğum 1 №-li məktəb illərindən söhbət açırıq.

Sən getməyinlə sanma ki, tək özünü apardın. Sən sevincimi, kədərimi, ömrümü də özünlə apardın. Sən çevrəmizdə, ailəmizdə hər kəsi əvəz edirdin, amma indi səni əvəz edən yoxdur.

Tez-tez düşünürəm ki, heç olmasa bir anlığa yanımda olaydın (eh sən orda, mən burda, dönüşü olmayan bir yoldayıq), gözlərinə baxaydım, o xoşbəxt gənclik illərində şeir həsr etdiyim gözlərinə

Mən nə deyim o gözlərə,
Ulduz deyim, yox, ulduzlar
Göydə yanır.
O gözlərsə ürəyimin lap içində
İşıqlanır.

İndi təsəllim odur ki, yaxşı ki, heç olmasa yuxularımda bir yerdəyik. Evimizin otaqlarını bəzəyən dünyanın müxtəlif şəhərlərində çəkdirdiyimiz şəkillərə baxırıq. Şuşada, Ağdamda keçən günlərimizdən söhbət açırıq; məndən övladlarını, sevimli nəvələrini bir-bir soruşursan. “İlahi, varlığına şükür, necə xoşbəxtik!” – deyirsən. Ayılıram, qarşımda sənsizliyin buza döndərdiyi otaq, tənhalıq, acı həqiqətlər, gedəndə dalımca su atmayan, evə gələndə məni qarşılamayan sevimli Aidəmin şəkilləri. Sənsiz daldığım düşüncələr dünya boyda dərddir.

Əzizim Aidə, sənsizliyin dərd yükü gündən-günə daha da ağırlaşır. Sənsizliyin hər anı mənə bir əsrdən də uzun gəlir. Dostum, qardaşım, dünyaca ünlü şairimiz Ramiz Rövşən demişkən:

   Bu vaxtsız sevginin əcəli yetdi
   Buydu qismətimiz ya tez, ya da gec.
   Hərə öz dərdini apardı getdi
   Bəs niyə dərdimiz azalmadı heç…?

Ancaq təsəllim odur ki, hər şeyin bir sonu olduğu kimi ayrılığın, həsrətin də sonu var. Bu son biz qovuşanda olacaq. O qapalı kitab açılacaq.

Görüşənədək.

Sənin Rafiqin.