Bu gün “Litera” Kitab Evində “MİMTA Yayımları” tərəfindən nəşr olunan Əkbər Nəcəfin “Aran Atabəyləri” kitabının təqdimatı keçirilib.
Tədbirdə müəllif əsərin yazılma prosesi və əhatə etdiyi tarixi dövr barədə məlumat verib. Qeyd olunub ki, nəşr Aran Atabəyləri dövrünün tarixi və mədəni irsini əks etdirir.
Təqdimatda çıxış edən “MİMTA Yayımları”nın direktoru Əsəd Aslanoğlu bildirib ki, bu cür nəşrlər gənclərin tarixə marağını yenidən artırmaq baxımından xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, tarix keçmişə qayıtmaqla yanaşı, real təcrübə qazandıran mühüm bir vasitədir və belə kitabların nəşri cəmiyyət qarşısında bir borc kimi qiymətləndirilməlidir.
Tədbirdə çıxış edən Qulu Məhərrəmli kitabın tarixi əhəmiyyətindən söz açıb, xüsusilə “MİMTA Yayımları”na bu cür nəşrlərə yer verdiyi üçün təşəkkürlərini bildirib.
Tədbirin sonunda imza saatı təşkil olunub və iştirakçılar müəlliflə xatirə şəkilləri çəkdiriblər.















