Füyuzat 147 Ülviyyə Rəhman Xəbərlər

Əliheydər Midhət Paşazadə

“Füyuzat” məcmuəsinin 6-cı sayının üz qapağında bir müəllifin fotosu verilir, həmin sayda Əli bəy Hüzeynzadə bu şəxs haqqında geniş məlumatla çıxış edir. Məcmuənin 25-ci sayında isə eyni müəllifin “Osmanlı kadetləri və ermənilər” adlı yazısı oxuculara təqdim olunur.

Sözügedən yazar türk siyasətçisi Midhət paşanın ailəsində, atasının ilk sədrəzəmlik illərində – 1872-ci ildə İstanbulda anadan olan Əliheydər Midhət bəydir. Hələ oğlu dünyaya gəlməzdən öncə Midhət paşa bir yuxu görür. Yuxuyozanlar ona: “Bir oğlun olacaq, adını Əli Heydər qoyarsan”, – deyirlər.

Midhət paşa Osmanlı sultanı Əbdüləziz dövründə sədrəzəm olmuş, sonradan isə V Muradın taxtdan endirilib II Əbdülhəmidin hakimiyyətə gətirilməsi prosesində fəal iştirak etmişdir. Buna baxmayaraq sultan və onun ailəsi hər zaman paşaya ehtiyatla yanaşmışdır.

Əli Heydər bəyin xatirələrindən məlum olur ki, o hələ uşaq ikən, dörd yaşında sultan II Əbdülhəmidin dəvətiylə anası ilə birgə saraya gedir. Lakin sarayda bu ailəyə qarşı olan münasibət hələ uşaq olan Əli Heydər bəydə xoş təəssürat yaratmır. Baş verən siyasi hadisələr, paşanın xidmət etdiyi illərdə dövlət idarəçiliyində yaranan ziddiyyətlər nəticəsində II Əbdülhəmid 1877-ci ildə Midhət paşanı sədrəzəmlikdən azad etmiş, onu ailəsi ilə birlikdə xaricə sürgün etmişir. Midhət paşa ailəsinin Parisdə yaşadığı illərdə Əli Heydər Midhət bəy də tez-tez atasının dostları – İngiltərə şahzadəsi VII Eduard və Hollandiya şahzadəsi Doranjla görüşlərində iştirak edərmiş. Əli Heydər bəyin xatirələrindən məlum olur ki, bu görüşlərin birində o, kraliça Viktoriyanı görmüşdür. Paris, London, ardınca isə bir müddət Şotlandiyada yaşayan paşaya Kritə gəlməyə icazə verilmişdir. Suriya valisi təyin olunsa da, İstanbula ayaq basması qadağan edilir. Daha sonra isə İzmir valisi təyin edilən paşa sui-qəsd təhlükəsi ilə üzləşir. Beləliklə, o, Fransa səfirliyinə sığınır, üç gün sonra hökumətə təslim olur və sultan Əbdüləzizin qətlində ittiham olunaraq Ulduz məhkəməsinə çıxarılır. Məhkəmə qərarı ilə edam cəzası alsa da, padşahın əmri ilə ömür boyu həbsə məhkum edilir. Ərəbistanın Taif qalasına sürgünə göndərilən paşa üç il burada qaldıqdan sonra qala mühafizəkarları tərəfindən 1884-cü ilin may ayının 8-də boğularaq öldürülür.

Əli bəy Hüseynzadə “Füyuzat” məcmuəsinin 29 dekabr 1906-cı il tarixli 6-cı nömrəsində “Midhət Paşazadə Əli Heydər bəy” başlıqlı təqdimatında yazır: “Binayi-istibdad yıxılmalı, yerinə idareyi-məşrutə və qanuni-əsasi təsis edilməlidir” sözünü bütün məmaliki-islamiyyədə ilk əvvəl təkəmmül edib o yolda mücahidə edən Mid­hət paşa olduğu kibi, bu gün də o sözü təkrardan usanmayan, bıkmayan zəvat var isə də onlardan biri də mərhum müşarileyhin oğlu, xeyrül-xələfi Əli Heydər bəydir”. Yazıda Əli bəy Əliheydər bəyin atasına həsr etdiyi iki kitabdan bəhs edir, öncəki saylarda Midhət paşa barədə yazdığı məqalələrin bu kitablara istinadən qələmə alındığını vurğulayır.

Məcmuənin 15 mart 1907-ci il tarixli 12-ci sayında Əliheydər bəyin Parisdən “Füyuzat” məcmueyi-möhtərəməsinə məktub”unu oxuyuruq. Məktubda dövlət idarəçiliyində vahid qanunlar sisteminin əhəmiyyəti vurğulanır, dünya dövlətlərindən nümunələr verilir. Məktubun sonunda Əliheydər bəy Yusif Talıbzadənin (Ziya) “İslam və məzahib” kitabını oxuduğunu qeyd edir, Hacı Zeynalabdin bəyə kitabı maliyyələşdirdiyi üçün, Yusif Ziya bəyə isə belə dəyərli əsəri qələmə aldığına görə təşəkkürünü bildirir. Məktubdan sonra isə “Füyuzat”ın dərkənarında qeyd olunur ki, məktubdan bir nöqtə belə ixtisar olunmadan, tam şəkildə təqdim edilmişdir. 14 avqust 1907-ci il tarixli 25-ci sayda isə siyasətçi “Osmanlı kadetləri və ermənilər” yazısında Osmanlı ərazisində türklərin və qeyri-türklərin, xüsusilə də erməni əhalinin problemsiz şəkildə birgə yaşayışını təşkil etmək üçün bir sıra təkliflər irəli sürərək yazır: “Kürreyi-ərzin hankı cəhətinə ətfi-nəzər olunursa-olunsun, bir millətin rifah halı, səadət və istiqbalı beyinlərində mövcud ittihadi-milli ilə qaimdir”. Məcmuənin eyni sayında “Anatoli əhvalına dair” başlıqlı imzasız yazı təqdim edilib. Burada Əliheydər bəyin az öncə qeyd etdiyimiz cümləsi əsas götürülərək yazılmışdır: “Bu gün kürreyi-ərzin hər tərəfində bütün bəşəriyyət haqq və ədaləti ancaq məşrutiyyət və qanuni-əsasidə görməkdədir”. Yazının davamında qonşu coğrafiyalarda, eləcə də dünyanın bir çox yerində imperialist monarxiya rejimlərinin inqilablarla məhv edilməsindən, xalqın mənafeyinin qorunmasının vacibliyindən bəhs edilir. Sonda isə Əliheydər bəyin daha öncə “Siyekol” qəzetində dərc edilən bəyannaməsi oxuculara təqdim olunub.

Atasının öldürülməsi Əli Heydər bəydə sultan II Əbdülhəmid hakimiyyətinə qarşı qərəz oyadır. Ana dilini məktəbdə öyrənməyə icazəsi olmayan Əli Heydər bəy də ölkəni tərk edib təhsilini Beyrutda tamamlayır və 1902-ci ildə Parisdə keçirilən I Jön türk konfransına qatılır. Həyatının böyük bir hissəsini ölkə xaricində keçirən Əli Heydər Midhət bəy II Məş­rutiyyətin elanından 2 ay sonra, heç kimə xəbər etmədən Parisdən İstanbula qayıdır. İstanbulda gördüyü siyasi mənzərə isə onu narahat etməyə başlayır.

Sultan Əbdülhəmidin dəvəti ilə saraya gedərkən atasının qatili ilə görüşəcəyi fikri onu tərk etmir. Sultan paşanın ölümündə xarici qüv­vələrin əli olduğunu desə də, Əli Heydər bəy onun dediyi heç bir sözə inanmır. Sultan onu dəfələrlə əyan və Madrid, eləcə də Londonda səfir təyin etmək istəsə də, Əli Heydər bəy hər dəfə bu təkliflərdən imtina etmişdir. 1908-ci ildə bitərəf kimi seçimlərə qatılsa da, müvəffəq ola bilmir. Lakin 1914-cü ildə Divaniyə məbusu kimi Məclisi-məbusana üzv seçilir.

Beləcə, mətbuatda yazılarla çıxış edən Əli Heydər bəy siyasətə ilk addımlarını atır.
Məclisi-məbusanın qapadılmasından sonra isə İstanbulda qalaraq ingiltərəpərəst bir siyasi xətt tutur və bu səbəbdən Cümhuriyyət qurucuları ona soyuq münasibət göstərirlər. 1935-ci ildəki seçkilərdə bitərəf kimi məclisə daxil olmağa çalışmış, lakin müvəffəq ola bilməmişdir. Siyasətçi Əli Heydər Midhət bəy 1946-cı ildə vəfat etmişdir.