Xəbərlər

Bakıda “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans keçirilib

Aprelin 30-da Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dayanıqlı inkişaf: Ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans keçirilib.

“Füyuzat”-ın məlumatına görə, konfransın açılışı mərasimində Azərbaycan Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyev və Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra iştirakçılara “Ailə, qadın və uşaq məsələləri sahəsində dövlət siyasəti” mövzusunda videoçarx təqdim olunub.

Konfransda dövlət rəsmiləri ilə yanaşı, MİMTA Fondunun əməkdaşları da iştirak ediblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova açılış nitqi ilə çıxış edərək bildirib ki, son 30 il ərzində müstəqil Azərbaycan dövlətinin qurulması, möhkəmləndirilməsi və inkişafı prosesində insan kapitalına yönəlik siyasətin mərhələli şəkildə formalaşdığı və bu gün artıq sistemli bir xarakter aldığı aydın görünür. Bu inkişafın ilk 8 ili mürəkkəb, məsuliyyətli və taleyüklü bir mərhələ olub.

Dövlət Komitəsinin sədri qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji kurs bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla və müasir çağırışlara uyğun şəkildə davam etdirilir. Bu kursun mərkəzində insan amili dayanır və bu yanaşma dövlət siyasətinin bütün istiqamətlərində öz əksini tapır.

İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva qeyd edib ki, bu il “Uşaq hüquqları haqqında” Qanunun və digər əlaqəli normativ aktların qəbulu uşaq hüquqlarının daha etibarlı təmini baxımından xüsusi önəm daşıyır.

“Məlumat üçün bildirmək istərdim ki, ombudsman mövzu ilə əlaqədar təqdim olunan normativ-hüquqi akt layihələrinə təkliflərini verib və həmin təkliflər aidiyyəti qurumlar tərəfindən nəzərə alınıb”, – deyə S.Əliyeva bildirib.

O vurğulayıb ki, cari il ombudsmanın müstəqil monitorinq mexanizmi fəaliyyəti çərçivəsində uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair, uşaqlar tərəfindən energetik içkilərin, habelə kiçik elektrik nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı araşdırmalar aparılıb, bu sahədə zəruri tədbirlərin görülməsi istiqamətində təkliflər hazırlanaraq aidiyyəti qurumlara göndərilib.

Elm və təhsil naziri Emin Əmrullayev təhsilin mərkəzi, ən vacib iştirakçısının uşaqlar olduğuna diqqət çəkib: “Yəni təhsil uşaqlar üçündür və onlar haqqındadır. Ən vacibi isə uşaqların öyrənməsi ilə bağlıdır. Digər maraqlı tərəflər uşaqların həyatını, təhsilini daha yaxşı etmək üçün əllərindən gələni etməlidirlər”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev isə vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində 2018-ci ildən etibarən 4 milyon insanı əhatə edən 5 sosial islahat paketi reallaşdırılıb. Bu islahatların əsas məqsədi məhz cəmiyyətin həssas qruplarının, o cümlədən aztəminatlı ailələrin, qadınların və uşaqların sosial müdafiəsinin gücləndirilməsidir.

Nazir qeyd edib ki, hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir. Həmçinin ünvanlı dövlət sosial yardımı alan 350 min aztəminatlı şəxsin 170 mindən çoxunu uşaqlar təşkil edir.

Daha sonra “Ailə, qadın və uşaq məsələləri üzrə tematik istiqamətlərdə müzakirələr” mövzulu paneldə ailə, qadın və uşaq məsələləri müxtəlif aspektlərdən kompleks şəkildə təhlil olunub. Çıxışlarda ailə institutunun qloballaşma, sosial dəyişikliklər və rəqəmsallaşma fonunda üzləşdiyi çağırışlar vurğulanıb, ənənəvi dəyərlərin qorunması ilə müasir tələblər arasında balansın vacibliyi qeyd edilib. Eyni zamanda, hüquqlar sahəsində yanaşmanın bərabərlikdən daha geniş – inklüzivlik prinsipinə doğru inkişaf etməsinin zəruriliyi diqqətə çatdırılıb.

Konfrans bədii hissə ilə yekunlaşıb.