Xəbərlər

“Modern Azərbaycanın doğuluşu” kitabının təqdimatı keçirilib

Mayın 2-də “Litera” Kitab Evində dosent Orxan Vəliyevin “MİMTA Yayımları” tərəfindən nəşr olunan “Modern Azərbaycanın doğuluşu” kitabının təqdimatı keçirilib.

Təqdimatda çıxış edən MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov kitabın əhəmiyyətindən danışaraq qeyd edib ki, bu nəşr Azərbaycanın milli kimlik və dövlət quruculuğu tarixinə yeni, elmi-nəzəri baxış təqdim edir. O, fondun milli irsin və elmi tədqiqatların işıqlandırılması istiqamətində fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

Tədbirdə həmçinin bp Azərbaycan şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, tarixçi Əkbər Nəcəf, Beynəlxalq münasibətlərin təhlili mərkəzinin şöbə müdiri, dosent Mətin Məmmədli, tarixçi Nigar Gözəlova, tarixçi, kolleksioner Dilqəm Əhməd çıxış ediblər.

Çıxışlarda kitabın maarifçilikdən siyasi millətçiliyə qədər olan inkişaf yolunu elmi əsaslarla araşdırdığı, xüsusilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma prosesinə siyasi nəzəriyyə prizmasından yanaşdığı qeyd olunub.

Çıxışçılar müəllifə gələcək fəaliyyətində uğurlar arzulayıblar.