Xəbərlər

​​​​​​​Bakıda “Invision Design Talks 2” Forumu keçiriləcək

Mayın 11-də Bakı Konqres Mərkəzində “Invision Design Talks 2” Forumu keçiriləcək.

“Füyuzat“ın məlumatına görə, memarlıq və dizayn sahəsinin aparıcı simalarını bir araya gətirəcək platformada müasir yanaşmalar, innovativ ideyalar və gələcəyin dizayn trendləri müzakirə olunacaq.

“Dizaynın daxildən formalaşdırılması” konsepti ilə təşkil edilən tədbirdə Türkiyənin tanınmış memarlarından biri və “Metex Design Group”un qurucusu Sinan Kafadar, məşhur memarlıq studiyası “Autoban”ın həmtəsisçilərindən biri Sefer Çağlar, “Yes Architects” memarlıq bürosunun rəhbəri Yeşeren Ersan və azərbaycanlı memar və dizayn mütəxəssisi Tusi Əliyev çıxış edəcəklər. Moderator isə Mimar Sinan Universitenin professoru Osman Arayıcı olacaq.

Bildirilib ki, “Invision Design Talks 2” bu il Seranit Azərbaycan və “Sinerji Pro”nun əməkdaşlığı çərçivəsində təşkil olunur. Tərəfdaşlığın dizayn və memarlıq sahəsində yeni əməkdaşlıq imkanlarının formalaşmasına töhfə verəcəyi qeyd edilir.

Tədbir çərçivəsində iştirakçılar dizaynın gələcəyinə dair yeni baxışlarla tanış olacaq, sahədəki son trendlər barədə məlumat əldə edəcək və peşəkar əlaqələrini genişləndirmək imkanı qazanacaqlar.