Ədəbiyyat Xəbərlər

Ad günümdə dostlarıma

Bir az uzaqlarda axtarın məni,
Bir az söhbət edək bu yerdən uzaq,
Bir az xəyallarda axtarın məni,
Qaçaq bu çirkabdan, qaçaq qurtulaq.

Aydın sabahlarda axtarın məni,
Orda günəş başqa, gülüş başqadı,
Tanrı günahları bağışlayan yer,
Xəyalım o yerdə dolaşmaqdadı.

Ömür vəfa qılsa yazacam, bilin,
Bu günün, sabahın nəğməsini mən.
Məni öz içimdə axtarın bir az,
Bir gün öz içimdə azacam bilin.

Sönük sətirlərdən sormayın məni,
Amandı, Kərəmtək alovlanaram.
Dəli fikirlərdə axtarın məni,
Yəqin bir gün gələr ağıllanaram.

Səlim Babullaoğlu