5 yaşlı uşaqların savadlılığına təsir edən amillər və onların təsir gücü
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatı (IELS) müxtəlif ölkələrdə uşaqların erkən öyrənmə nəticələrini və onların rifahını yaxşılaşdırmaq üçün göstərilən səyləri dəstəkləmək məqsədilə hazırlanmış bir tədqiqatdır.
Təhsil eksperti Ruslan Bayramlının “Füyuzat”a verdiyi məlumata görə, Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) nəticələri ilə bağlı Azərbaycan Respublikası Təhsil İnstitutunun hazırladığı hesabatda erkən inkişafa təsir edən amillərlə bağlı olduqca maraqlı məqamlar yer alır.
Ümumilikdə müxtəlif ölkələrdən 23 mindən çox uşağın cəlb olunduğu tədqiqatda Azərbaycan Bakı və Sumqayıtın təsadüfi seçilmiş məktəbəqədər təhsil müəssisələrinin nəticələri ilə iştirak edib.
Nəticələrlə bağlı hazırlanmış təqdimatda erkən inkişafa təsir edən amillər arasında 5 yaşlı uşaqların savadlılığına təsir edən amillər və onların təsir gücü sıralamasında diqqətçəkən məqamlar öz əksini tapıb.
Təqdimata diqqət edərkən məlum olur ki, uşağın inkişafında önəmli yerə və təsir gücünə sahib olan əsas amil “evdə öyrənmə mühiti”dir. Bu ailədə kitab oxuma vərdişi, valideyn dəstəyi və öyrənmə mühitinin uşağın gələcək uğurlarında önəmli rol oynadığını göstərir.
Hesabatda diqqət çəkən digər ən önəmli məqam “ananın təhsilli” olmasıdır. Görünən odur ki, ananın təhsil səviyyəsi artdıqca uşağın da savadlılıq göstəriciləri yüksəlir. Ruslan Bayramlı qeyd edir ki, bu məqamda hələ illər öncə H.Z.Tağıyevin söylədiyi fikirlər öz aktuallığını qorumaqdadır.
“Bir oğlana təhsil verməklə təhsilli bir fərd qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə”
“Günəşi səhər doğarkən izləmək nə qədər zövq vericidirsə, təhsilə məktəbəqədər təhsillə başlamaq da o qədər zövqlüdür.” Ekspertin fikrincə, bu bədii müqayisə IELS 2025 hesabatında özünü tamamilə əyani formada göstərir. Belə ki, hesabata əsasən uşaqların savadlılığına təsir edən amillərdən biri də onların məktəbəqədər təhsilə cəlb olunduğu müddətdir. Erkən yaşlardan təhsilə başlayan uşaqların dil, ünsiyyət və düşünmə bacarıqlarının daha sürətlə inkişaf etdiyini də əyani müşahidə etmək olar.
Cədvəldə təhsil müəssisəsinin keyfiyyəti, uşağın doğum çəkisi, gender, sosial-iqtisadi amillər də təhsil keyfiyyətinə təsir edən amillər sırasında göstərilsə də, onların təsir gücü digərlərinə nisbətən yüksək deyil.
Ümumilikdə cədvəl göstərir ki, uşağın erkən inkişafında müxtəlif amillər fərqli formada özünü göstərir. Bu səbəbdən erkən yaş dövründə uşaqlara yaradılan öyrənmə mühiti onların gələcək təhsil uğurlarının formalaşmasında mühüm rol oynayır.



