İyunun 1-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən Üçüncü Kəlağayı Festivalının davamı bu dəfə Sumqayıt şəhərində təşkil olunacaq.
“Füyuzat”ın məlumatına görə, festival Heydər Əliyev adına istirahət parkında keçiriləcək.
Festival Sumqayıt Şəhər İcra Hakimiyyəti, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi, “Kəlağayı ev-muzeyi” və “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşacaq.
“Mirvarid Dilbazi Poeziya Məclisi” İB-nin təşəbbüsü ilə artıq ənənə halını alan festival Azərbaycan xalqının zəngin mədəni irsinin ayrılmaz hissəsi olan kəlağayı sənətinin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması məqsədi daşıyır.
Festivalda “Kəlağayı ev-muzeyi”nin qədimi və müasir kəlağayıları, həmçinin Güllü Eldar Tomarlının dekorativ-tətbiqi sənət əsərləri və rəssam Gülnarə Məmmədovanın rəsm işləri sərgilənəcək.
Tədbirdə milli musiqi və folklor nümunələrindən ibarət konsert təqdim olunacaq.



