Cəlilabad rayonunda kitabsevərlərin asudə vaxtının səmərəli təşkili məqsədilə I Cəlilabad Kitab Sərgisi keçiriləcək.
Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB) və Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutacaq sərgi iyunun 5-dən 7-dək Heydər Əliyev Seyrəngahında ziyarətçilərin ixtiyarına veriləcək. Üç gün davam edəcək kitab bayramı hər gün saat 10:00-dan 19:00-dək qapılarını kitabsevərlərin üzünə açacaq.
“Füyuzat” xəbər verir ki, Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu xalqımızın zəngin mənəvi dəyərlərinin qorunması və ortaq mədəni irsimizin tanıdılması missiyasını bu sərgi çərçivəsində də davam etdirərək “MİMTA Yayımları” vasitəsilə cəmiyyətin maariflənməsinə, elmi və bədii təfəkkürün coğrafiyasının genişlənməsinə xidmət edən dəyərli nəşrlərini bölgə oxucularına təqdim edəcək. Bununla yanaşı, sərgidə təmsil olunacaq “Yaz Yayımları” da uşaqlar üçün xüsusi zövqlə hazırlanmış həm əyləncəli, həm də maarifləndirici yeni kitabları ilə balaca oxucuların görüşünə gələcək.
Təşkilatçılar Cəlilabad və ətraf rayonların sakinlərini, eləcə də bütün mütaliə həvəskarlarını sərgidə fəal iştirak etməyə dəvət edir.



