Respublika Gənclər Kitabxanasında 18 İyun – Milli İnsan Hüquqları Günü ilə əlaqədar “İnsan hüquq və azadlıqları: Ulu Öndərin yaratdığı reallıq” adlı biblioqrafik icmal və “İnsan hüquqlarının təkamülü və müdafiəsi” adlı təqdimat hazırlanıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə kitabxanadan məlumat verilib.
Bildirilib ki, materiallar gənclərin insan hüquqları sahəsində məlumatlılığının artırılması, hüquqi düşüncə tərzinin formalaşdırılması məqsədilə ərsəyə gətirilib.
Süni intellekt texnologiyası vasitəsilə ərsəyə gətirilən təqdimatda insan hüquq və azadlıqlarının tarixi inkişaf yolu, beynəlxalq hüquq sistemində tutduğu yer və Azərbaycanda bu sahədə həyata keçirilən dövlət siyasəti haqqında geniş məlumat təqdim olunur.
Materialda Azərbaycan Respublikasında insan hüquqlarının qorunması istiqamətində həyata keçirilən mühüm islahatlar, qəbul olunan dövlət proqramları və hüquqi mexanizmlər, Ombudsman təsisatının yaradılması, Azərbaycanın bir sıra hüquqi aktlara qoşulması haqqında məlumat verilir. Təqdimatda insan hüquqlarının müdafiəsinə dair ilk Dövlət Proqramının əhəmiyyətindən də ətraflı bəhs olunur. Təqdimat kitabxananın rəsmi saytında yerləşdirilib.



