“Fuyuzat.az” saytı olaraq “həftənin seçilmiş hekayəsi”, “həftənin seçilmiş məqaləsi”, “həftənin seçilmiş şeiri” layihəsində sizləri salamlayırıq, əziz oxucular. Bu “Həftənin şeiri” nominasiyası üzrə seçilən əsər Əliağa Kürçaylının “Dördkünc günəşlər” şeiridir. Xoş mütaliələr!
Axşam düşür…
Evlərin kölgələri uzanır,
Evlərin divarında dördkünc günəşlər yanır.
Günəşlər…
Solğunu var, parlağı var, nurlusu var,
Aydın, uğursuzu var,
Tutqun uğurlusu var.
Birində cingiltili körpə gülüşü yanır,
Birində məhəbbətin ilkin görüşü yanır.
Birində sönüb gedən həyatın son ziyası.
Birində yas,
Birində şən “Vağzalı” havası.
Birində nur zəkası bir xalqın, bir millətin,
Birində son çınqısı sönən qara niyyətin.
Biri sönür,
O biri sübhə qədər alışır,
Biri Ayla, ulduzla, kəhkəşanla danışır.
Hərəsində bir tale,
Ağlı-qaralı xəbər…
Dan yeri qızarınca yanır dördkünc günəşlər.
1974
Müəllif: Əliağa Kürçaylı



