Ankarada Hacı Bayram Vəli Universitetinin ev sahibliyi ilə Türk Dövlətləri Assambleyası Simulyasiya (TÜRKAS) seminarı keçirilir. Tədbirə qatılan 400-dən çox lisey şagirdi Türk dünyasının aktual problemlərini müzakirə edir.
“Füyuzat” “Report”a istinadən xəbər verir ki, seminar Hacı Bayram Vəli Universitetinin Dil Tədrisi, Tədqiqat və Tətbiq Mərkəzi, Türkologiya və Türk Dünyası Araşdırma Mərkəzləri, Yunus Emre İnstitutu və Həsən Əli Yücel Sosial Elmlər Liseyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.
Tədbirə Türkiyənin müxtəlif sahələrindən olan akademiklər və lisey rəhbərləri, təxminən, 400 lisey şagirdi, o cümlədən ictimaiyyət nümayəndələri və başqaları qatılıblar.
TÜRKAS 2026-nın açılış mərasimində Hacı Bayram Vəli Universitetinin prorektoru, professor Dr. Metin Orbay, Yunus Emre İnstitutunun vitse-prezidenti Ömər Yıldız, Azərbaycanın Türkiyədəki səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri Dr. Samir Abbasov və müxtəlif fakültə dekanları iştirak ediblər.
Lisey şagirdləri TÜRKAS 2026 çərçivəsində Türk dünyasının aktual problemlərini həll edən, fərqli perspektivləri qiymətləndirən və həll yolları hazırlayan 10 fərqli komissiyada çalışırlar.
Seminarın açılış mərasimində TÜRKAS-la bağlı film nümayiş olunub, “Dombra” tamaşası, Krım tatarlarının milli rəqsi “Tım Tım” şousu və “Seymen” rəqsi maraqla izlənilib.
Üç gün davam edəcək tədbirə Kahramanmaraş Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl da qatılıb.
Qeyd edək ki, ilk dəfə ötən il keçirilən, lisey səviyyəsində aparıcı beynəlxalq münasibətlər və diplomatiya simulyasiyalarından birinə çevrilən TÜRKAS gəncləri bir daha Türk dünyasının ortaq gələcəyi ilə bağlı vacib mövzular ətrafında bir araya gətirir.



