Türk əməkdaşlıq təşkilatlarının qarşısında duran əsas vəzifələrdən biri fəaliyyətin daha səmərəli əlaqələndirilməsi və yeni geosiyasi reallıqlara uyğun mexanizmlərin formalaşdırılmasıdır.
“Füyuzat” xəbər verir ki, bu fikirləri Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev Heydər Əliyev Mərkəzində keçirilən panel sessiyada səsləndirib. Onun sözlərinə görə, türk əməkdaşlıq təşkilatları indiyədək türk dövlətləri arasında inteqrasiyanın möhkəmlənməsində mühüm rol oynayıblar. Lakin dəyişən beynəlxalq şərait yeni yanaşmalar tələb edir.
“Əsas məsələlərdən biri təşkilatlar arasında koordinasiyanın daha da təkmilləşdirilməsidir. Mövcud resurslardan səmərəli istifadə üçün fəaliyyətin uzlaşdırılması vacibdir. Digər mühüm istiqamət isə dövlətlərimizin inkişaf dinamikasına və geosiyasi reallıqlara uyğun olaraq əməkdaşlıq mexanizmlərinin yenilənməsidir”, – deyə Ş.Mustafayev bildirib.
Akademiya prezidenti vurğulayıb ki, türk dövlətləri artıq beynəlxalq münasibətlər sistemində vahid mövqe nümayiş etdirməyə başlayırlar və bu prosesdə əməkdaşlıq təşkilatlarının rolu daha da artır.
“İndiyədək təşkilatlar əsasən Türk dünyasının daxilində inteqrasiyanı gücləndirirdi. Artıq növbəti mərhələdə onların beynəlxalq platformalarda türk dövlətlərinin ortaq maraqlarını və mövqeyini daha fəal şəkildə ifadə etməsi vacibdir”, – deyə Şahin Mustafayev əlavə edib.



