Müvəffəqiyyət, yaxud qalibiyyət deyildikdə zənn edilməsin ki, yalnız qılınc çəkmək, ordu təşkil etmək, məmləkət fəth eləmək və tamam güc çatanları parça-parça doğramaqdan ibarətdir.
Müvəffəqiyyət təbiətin doğduğu öylə bir qüvveyi-xariqüladədir ki, bütün zihəyatın hər bir məqsəd, məslək və arzusunda təcəlla edər. Zira müvəffəqiyyət olmasa, heç bir nəfərə də fatehlik, qaliblik, hasili, dünyada şan və şərəflə yaşamaq hissi doğulmaz. Tarixi-aləmə əzəmət və sətvəti ilə bir çox zəvatın nami-alilərini qeyd etdirib əbədüd-dəhr1 qəlblərdə rəkz, dillərdə zikr etdirən həman müvəffəqiyyətdir. Lakin bu müvəffəqiyyətin qüvveyi-tamamiyyəsini təşkil edən bir etiqaddır. Etiqad isə istər milli, istər dini olsun, müvəffəqiyyətin kəskin qılıncıdır. Böylə ki, məmləkət fəth etmək, cahangir olmaqdan tutmuş məşhur bir ədib, ya bir natiq, yaxud bir sənətkar olmağa qədər bütün təşkilati-bəşəriyyənin ümdə səbəbi etiqaddır. Hər bir fail felində arzu etdiyi məqsədinin hüsuluna etiqadi-tamməsi olmaz isə, arzusuna nail olmağı müşküldür. Beynəlbəşər müvəffəqiyyət nə qədər ali, nə qədər qiymətdar isə, həman müvəffəqiyyətin qüvveyi-tamamiyyəsini təşkil edən etiqad on o qədər ali və qüvvətlidir. Binaənəleyh, dünyada bizim kimi sırf rəzalətdən ibarət olan heysiyyəti-şəxsiyyə gözləyib yaltaqlıq ilə yaşamaq yox – mərdi-meydan olub hüquqşünasani-cahan kimi ömür sürmək ümidində olan ərbabın milli, ya dini bir etiqadda olmağı lazımdır.
Etiqad xüsusunda bir kərə əhvali-üməm və əqvami-cahanın əhvali-ümumiyyə və xüsusiyyəsi nəzərdən keçirilərsə, əzmineyi-qəblət-tarixdə2 “dövri-cümudiyyə”dən tutmuş milada qədər hər kəsdə milli etiqad, milli hissin mövcud olması görülər. Çünki məzkur zamana qədər assurilərin, anonakilərin, finikalıların, kaldanilərin, frankların, anqlo-saksonların və germenlərin aralarından qanlı mücadilə və müqatilələr əskik olmamışdır. Halbuki bunların çoxları bir din, bir məzhəbdə olmuşlardır. Miladdan sonra milli hiss, milli etiqada bir də bir dini etiqad qoşuldu. Lakin ərəblər dini etiqadda üstün oldular. Dini etiqad sayəsində əqlə heyrət verəcək dərəcədə insaf, ədalət, mərhəmətə malik olduqları kimi, mətin əzmə, müstəqim rəyə, dönməz yüzə, dəyişməz bir sədaqətə dəxi sahib olub ənənati-milliyyə və müqəddəsati-diniyyələrini müəzzəz və möhtərəm etdilər.
Bu xüsusda bəziləri kimi əcnəbilərdən yox, bu nöqtəni bir az da açıqca isbat etmək üçün İslam tarixindən bir fiqrəni nəql etməyə iktifa edəcəyik:
“Ərəblərin Rum və İran məmləkətini fəth və təsxir etməklərinə yardım edən əhval və səbəblərə dair uzun mübahisə və şiddətli mütaliələr yazılmışdır. Filvaqe, ərəblər və o iki böyük məmləkəti fəth, qeysər və qəsraları məğlub etdikdə miqdarları o iki dövlətdən birinin tək bir şəhərdə saxladıqları mühafizə əsgərlərindən çox-çox az idi. Bundan maəda, ərəblər o zamanlarda qayət sadə bir məişətlə keçinirdilər. Fünuni-hərbiyyədən çox az təcrübə görmüşlərdi, malları az, dava alət və ədəvatları çox naqis idi. Rumlar və iranlılar isə dünyanın ən böyük dövlətləri idi. Mükəmməl silahlara, hesabsız əsgərlərə, hər yerdə möhkəm və müntəzəm qala və istehkamata malik idilər. Bundan əlavə, ərəblər onlardan sayca az, əhvalca zəif olduqları halda fəthinə getdikləri məmləkətləri tanımayırdılar və əhalisindən də heç bir köməkləri yox idi. Fəqət ölümdən qorxmayıb, fəthinə etiqadi-tammə hasil edib mühacim sifəti ilə gedirdilər. O etiqadları sayəsində on ilin içində dünyanın ən böyük məmləkətləri hesab olunan o iki məmləkətləri fəth etdilər. Bu fövqəlxəyal fütuhat hər kəsi düşündürdü və heyrət dəryasına qərq elədi.
Həqiqətən, qədimdən bəri badiyənişinliklə3 yaşayan ərəblər əsrlərdən bəri iranlılara və rumlulara hörmət və heybət nəzəri ilə baxardılar. Hətta məmləkətlərinin böyüklüyünü dillərində zərbülməsəl etmişdilər. Adları gələndə qorxu və həzər ilə hərəkət edərdilər. Böylə olduqları halda, qaba libaslar, təamları darı və arpadan ibarət, silahları iplə bağlanmış mizraqlardan, bez parçasına sarılmış qılınclardan mürəkkəb olan ərəblərin bir az dəstə ilə o iki böyük məmləkətin fəthinə nə növlə cürət etdiklərini və islamiyyətdən qabaq öylə bir işə qətiyyən cürət edə bilmədiklərini tədqiq etmək hər bir insan oğlu insanın vəzifəsidir.
Ərəblər İslam zühur olduqdan sonra əvvəlki hallarını buraxıb başqa bir hal kəsb etdilər. Çünki ərəblər qəbləl-islam darmadağınıq, ayrı-ayrı qəbilələrdən ibarət idilər. Aralarından münaziə4 və qeyri-məqul mücadilə əskik olmazdı. Fəqət islamiyyətdən sonra hamısı qəlbdə bir millət və bir ümməti-vahidə şəklinə girdilər. Lakin o böyük məmləkətləri fəth etmək kimi qayət böyük bir təşəbbüsdə olmaqlarına cürət verəcək səbəblər kifayət etməmişdir. Onlara əsl qüvvət və cəsarət verən şey qəbul etdikləri dini-islamın sidqi-səhhətinə etiqad və ehkamına itaət etmələri idi. Ərəblər İslamı qəbul etdikdən sonra kəlimətullahın ilayi-şanü-şövkəti yolunda çalışmağa, məmləkətləri fəth etməyə, Cənabi Həqq tərəfindən yer üzündə islamiyyəti nəşr etməyə məmur olduqlarına, bu yolda ölənlərin şəhid olduğuna, axirətdə dünya mükafatından da daha qiymətdar, daha payidar bir mükafat veriləcəyinə qeyri-mütəzəlzil və mətin bir etiqad ilə qane olmuşlardı. Ərəblərin o əzm və məşəqqətli təşəbbüsatını qüvvədən feilə çıxartmaq üçün onlara qüvvət və cəsarət verən şey həman dini-Muhəmmədinin feyzi və islamiyyətə olan mətin və möhkəm etiqadları idi. O sayədə etdikləri fütuhatın ləzzətini gördükcə etiqadları daha da möhkəmləşmişdi və qarşılarında heç bir maneə və təhlükənin olacağına əsla güman etməyirdilər. Zira islamiyyət yolunda fövqəladə mətin bir etiqad kəsb etmişdilər”.
Hətta “Qadisiyyə” müharibəsində iranlıların komandanı Rüstəm, Müğeyrəyə xitabən “Görünür ki, siz məqsədiniz yolunda ölümü heç mənziləsində görürsünüz!” dedikdə Müğeyrə cavabən: “Əlbəttə, bizdən ölənlər Cənnətə, sizdən ölənlər isə Cəhənnəmə gedəcəkdir. Ona binaən, bizdən sağ qalanlar sizdən sağ qalanlara qalib gələcəkdir”.
Kəza, Rum imperatoru tərəfindən təyin edilmiş Misir valisi Muqavqis, Übadə ibn əs-Samiti Rum əsgərinin çoxluğu ilə qorxutduğunu və onlara heç bir vəchlə qalib gələ bilməyəcəklərini söylədikdə Übadə bin əs-Samit Muqavqisa cavabən böylə cavab vermişdir: “Bu sözlərlə özünü və yoldaşlarını iğfal etmə. Bizi rumluların qüvvəti və çoxluğu ilə qorxutmaq, onlara müqabilə edə bilməyəcəyimizi söyləmək bizi qorxuda bilməz və əzmimizdən döndərə bilməz. Əgər bu dediyin doğru isə, yəni rumlar öylə qüvvətli və çox isələr, bu hal bizi müharibəyə daha da tərğib edib iştiyaqımızı artırar, çünki onlarla müharibədə bir nəfərimiz qalıncaya qədər hamımız şəhid olarsaq, Cənabi Həqqin hüzuruna daha ziyadə məzur bir halda çıxarıq və onun neməti-rizvanına daha ziyadə müstəhəq olarıq. Bu isə arzu etdiyimiz müntəhayi-səadətdir. Bizim üçün bundan qiymətdar bir şey ola bilməz. Sizinlə müharibə etməkdə iki nemətdən birini gözləyirik: ya sizə qalib olub dünya nemətinə məzhər, ya məğlub olub axirət nemətinə nail olarıq. Əlimizdən gələn cəhd və qeyrəti sərf etdikdən sonra bu ikinci nemət, bizcə, o birindən daha ziyadə arzu olunur. Cənabi Həqq Qurani-Əzimüşşanda sayca az olan neçə camaatın çoxlu olan camaatlara qalib gəldiklərini və səbir edənlərin köməkçisi olduğunu buyurmuşdur. Aramızda heç bir kimsə yoxdur ki, şərəfi-şəhadət ilə müşərrəf olub öz məmləkətinə, öz yurduna dönməməyi və oğul-uşağına yetişməməyi hər sübhü-şam Cənabi Həqdən təmənna etməsin. Bizim heç birimiz qoyub gəldiyi şeylər üçün təəssüf etməz, hər kəs oğul və uşağını, əyal və əmvalını Allaha tapşırmışdır. Arxamıza baxmarıq, hamımız qabağa baxarıq. Məişətcə, halca zərurət və ehtiyac içində qaldığımıza dair olan sözlərinə gəlincə, biz özümüzü bu halımızla dünyada ən ziyadə vüsət hala malik və ən ziyad bəxtiyar insanlardan hesab edərik. Dünyanın hamısı bizim olsa da, öz nəfsimiz üçün ancaq indi malik olduğumuz miqdardan artıq bir şeyə rəğbət etmərik”.
Bu etiqad get-gedə ərəblərdə o qədər möhkəmlənmişdi ki, hər işə başladıqda tamam edib ondan mənfəətdar olmağa etiqadi-tammə hasil etmişdilər. Əllərindən natamam bir iş buraxmazdılar. Binaənəleyh, bu etiqad hər kəsdə bir müvəffəqiyyət hissi oyatmışdı. Hər kəs əzm etdiyi məqsədə özünü nail olmuş hesab edirdi. Hakimlik iddiasına düşən hakim, alim olmaq istəyən alim, filosof olmaq arzusunda olan müqtədir bir filosof oluyordu. Zira şüru etdiyi işlərə də nə qədər ağır zəhmətlər və məşəqqətlər olsaydı, hamısına davam edərdilər. Etiqad və əzmlərində o qədər mətin idilər ki, dünyalarca əziyyəti heç məsabəsində görürdülər. Həmin etiqad və əzmin nəticəsiydi ki, Səffahın qılıncından təkcə canını xilas edib qaçmağa müvəffəq olan Əbdürrəhman bin Müaviyə Tunis, Cəzair, Fası keçib dənizdən aşdı və Əndəlüs Dövləti-Əməviyyəsini təşkil edib bütün Portegiz və İspaniyanı hökmü altına aldı. Mütəntən5 məscidlər, möhtəşəm saraylar, mükəmməl darülfünunlar təsis etdi və bu binalar yalnız Asiya, Afrika və Avropada yox, bütün dünyanın hər cəhətində əngüştnüma oldu. Xristian hökmdarları, papazları, ümumiyyətlə, gəlib orada təhsillərini ikmal etdikdən sonra gedib məmləkətlərini müsəlman elmi, müsəlman yazısı, müsəlman biliyi ilə idarə edirdilər.
Ərəblərin bu etiqad, bu müvəffəqiyyətləri hər bir tərəfdə intişar tapdı. Bütün aləmin təhsin və təqdirinə məzhər oldu. İllərlə bir məzhəb, bir dində olsalar da, biri-birinə müxalifət edən qeyri-müsəlmanlar üçün bir taziyaneyi-ibrət kəsildi. İslamlardan böylə bir etiqadda olmağı ən əvvəl əxz edən fransızlar oldu. Böylə ki, əməvilər Əndəlüsü və Məğribin qərbi qismlərini fəth etdikdən sonra İspaniyanın arxasında Pireney dağlarını aşıb Avropanın vəsətinə yürümək üçün Fransaya ayaq basdılar. 114-də Reyn nəhrinə qədər məmləkət içinə girdilər. Fransızlar bu hərəkətdən İspaniya kimi öz məmləkətlərinin də islamlar əlinə keçməyindən qorxub, aralarında sair xristianlar ilə bir əqd ittifaq etməyə başladılar. Və o yolda hər cürə fədakarlığı qəbul edib islamları rədd və məğlub etməyə qərar verdilər.
Binaənəleyh, ərəblərlə xristianların fransız məmləkəti içində Tors ilə Bevanya arasında qanlı müharibələr vüqua gəldi. Nəticədə Əndəlüs əmiri Əbdürrəhman əsgəri ilə şəhid oldu. Əgər ərəblər bu müharibədə qalib gəlsəydilər, islamiyyət Fransada və sonra bütün Avropada intişar tapacaqdı. Ərəb dili Asiya və Afrika qitələrində olan əqvamın və sair aləmi-islamiyyətin dilləri olduğu kimi, tamam Avropa əqvamının da ümumi dili olacaqdı.
Lakin bu müharibədən sonra dini etiqad, dini ittihadın ləzzətini dadan qeyri-müslimlər biduni-tərəddüd dini etiqad və dini ittihadlarını daha qüvvətləndirməyə çalışdılar. Çalışdılarsa, müvəffəq də oldular. Əndəlüs hökuməti kimi böyük bir dövləti məğlub və münqəriz edib, yədi-təsərrüflərinə keçirtdilər.
İslam tarixində böyük və olduqca mühüm bir mövqe işğal edən Əndəlüs faciəsi təhəmmülsüz və dilxəraş bir faciədir. İslam olan hər bir fərdin qəlbini yandırıb “ila-yövməl-intiqam” sinəsindən dağının təsiri getməyəcək bir vəqədir. Sairlərini deməyirəm, əgər tariximizi unutmayıb yalnız ingilis faciəsini oxumuş olsaydıq, bu gün Qars vaqeəsi əsla bizi təəccübləndirməzdi.
Binaənəleyh, bu etiqad və ittihad get-gedə islamlarda möhkəmlənmiş kimi, qeyri-islamlarda da şiddət etdi. Nəhayət, “səlib müharibəsi” kimi dünyanı qan dəryasına döndərən böyük müharibələr vüqua gəldi (səlib müharibəsini mütaliə edənlərə məlum olsun gərək).
Bu etiqad Napoleon Bonapartın zamanına qədər şiddətlə hökmfərma olmaqda idi. Lakin Napoleon dağıtmamış bir məmləkət, təcavüz etməmiş bir namus buraxmadığına görə xristianlar arasında bir də bir millət etiqadı vücuda gəldi. Ondan sonra hər kəs milliyyət sevdasına düşdü və milli ruh ilə bəslənməyə başladı ki, Napoleon kimi mütəcaviz və mütəcasirləri6 müdafiə etmək üçün əldə bir dəsturüləməl olsun. Həman qərar verilən dəsturüləməl nəticəsidir ki, bu gün “Avropa müharibəsi” dəhşəti ilə tarixdə tazə bir qürun ayıracaq bir surətdə vüqua gəldi. Bu müharibənin göstərdiyi nəticə isbat edər ki, bu müharibədən yenə dini etiqadda da olanlar istifadə edəcəkdir.
Biləks, indi İslam adı ilə adlananlarımızın istər ziyalı, istər avam sinfinin hərəkat və sükunatına baxdıqda yuxarıda zikr olunan milli etiqad və ya dini etiqaddan əsla bir əsər görmək mümkün olmayır. Hər işə iqdam olunursa, natamam qalır. Hətta bir-iki il qayda ilə idarə olunan məktəb və cəmiyyətlərimiz üçüncü ildə nizamdan düşməyə başlayır.
Bunların səbəbi nədir?
Bunların səbəbi həmən etiqad feyzindən məhrum olmağımızdır. Keçənlərdə “Cəmiyyəti-xeyriyyə”nin illik hesabı oxunduqda hesabın türkcə oxunmasının qeyri-mümkün olduğu katib tərəfindən ixtar olunmuşdur. Əcəba, dünyalara elm və fünun, nəhv və sərf təlim edən islam övladı nə səbəblə indi öz dilində oxuya bilməsin?
Möhtərəm qare, bilirsinizmi nə üçün böylə olmuşdur? Onun üçündür ki, iş başında durub sədarət edən ərbab bir taqım ruhən, etiqadən, hissən əcnəbiləşmiş, eyş-işrət, həvavü-həvəs əsiri olmuş zövqü-səfa qulları olduğundandır ki, əsla əzmimizdə mətanət, rəyimizdə istiqamət, özümüzdə təəssübi-milli görünməyir.
Əgər qələmimdə maneələri yırtıb atacaq qüvvə olsaydı, iş başında duranların işlərini və o sayədə yürəyimizə sancılan zəhərli xəncərlərin səbəblərini birər-birər sayardım. Saya bilməsəm də, bir neçə söz söyləmədən keçməyəcəyəm.
Ey rəsi-karda durub sədarət edən ağalar! Ey cəmiyyət işlərini əllərinə alan cənablar! Artıq etina və etibarsızlıq vaxtı keçmiş, indi himmət, həmiyyəti-fədakarlıq dövrü, tarixlərə əzəmət və sətvətlərilə səbt olunan əcdadımızın nami-alilərini şan-şərəflə zikr etdirmək üçün rəşadəti-milliyyə və vəzayifi-vətəniyyəmizi isbat və ifa etmək zamanı hülul etmişdir. İqdam edilən işin tamamına davam, təqib olunan məqsədin hüsuluna etiqad və o sayədə ənənati-milliyyə və müqəddəsati-diniyyəmizin payidar olmasına kamil iman etməliyik. Müvəffəqiyyət dəxi bunlar ilədir. Zira etiqad – etibar, etibar isə ittihad, ittihad isə qüvvət, qüvvət isə müvəffəqiyyət hasil edər. Burasını yalnız İslam tarixində deyil, bütün tarixi-aləmdə mühüm mövqelər, parlaq səhifələr işğal etmişdir. Budur tarix! Müraciət buyurulsun.
Əliabbas Müznib
“Dirilik” №12, 1915-ci il.
Transliterasiya edən:
Vüqar Mirzə



