Xəbərlər

Milli Tarix Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş sərgi açılıb

İyulun 2-də Milli Azərbaycan Tarixi Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Bakı. 1926: Dil, Fikir, Birlik” sərgisinin açılış mərasimi keçirilib.

“Füyuzat” xəbər verir ki, sərgi Milli Azərbaycan Tarixi Muzeyi və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə ərsəyə gəlib. Layihənin məqsədi Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini, türk xalqlarının ortaq elmi-mədəni irsini və türkologiya elminin inkişaf mərhələlərini geniş ictimaiyyətə təqdim etməkdir.

Tədbiri giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı bildirib ki, Birinci Türkoloji Qurultay Türk dünyasının elm və mədəniyyət tarixində dönüş nöqtəsi olmaqla yanaşı, türk xalqlarının tarixi, dili, ədəbiyyatı, əlifbası, terminologiyası, toponimikası, etnoqrafiyası və digər sahələr üzrə fundamental məsələlərin elmi əsaslarla araşdırılmasına, gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm zəmin yaradıb.

Alim qeyd edib ki, yüz il əvvəl Qurultay iştirakçılarının irəli sürdükləri ideyaların yalnız həmin dövr üçün deyil, bu gün də Türk dünyasının mədəni inteqrasiyasının əsas istiqamətlərindən biri olduğu daha aydın görünür. Onun sözlərinə görə, əlifba və orfoqrafiya, terminologiya, tədris və metodika, ortaq ədəbiyyat kimi mühüm məsələlər üzrə qəbul edilən qərarlar və irəli sürülən təkliflər bu gün də öz aktuallığını qoruyur.

Nailə Vəlixanlı vurğulayıb ki, Birinci Türkoloji Qurultayın müəyyən etdiyi məqsədlərin həyata keçirilməsi üçün hazırda daha əlverişli şərait formalaşıb. Türk xalqları arasında möhkəmlənən mədəni və mənəvi birlik həmin ideyaların reallaşdırılması üçün geniş imkanlar açır. O əlavə edib ki, Qurultayın tarixi əhəmiyyətini cəmiyyətə çatdıran belə sərgilər zəngin irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm rol oynayır.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında qeyd edib ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay təkcə Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının elm və mədəniyyət tarixində mühüm dönüş nöqtəsi olub. Onun sözlərinə görə, Qurultay ortaq dil, mədəniyyət və elm sahəsində əməkdaşlığın möhkəmlənməsinə, türkologiya elminin inkişafına mühüm töhfələr verib.

Nazir müavini bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə türk dövlətləri arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri ardıcıl şəkildə inkişaf etdirilir, ortaq tarix və mədəni irsin qorunması, təbliği və beynəlxalq səviyyədə tanıdılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. O vurğulayıb ki, ortaq tarixi yaddaşı yaşadan və xalqlar arasında mədəni bağları möhkəmləndirən bu cür layihələrin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova bildirib ki, Birinci Türkoloji Qurultay Türk dünyasının intellektual tarixində mühüm mərhələ olmaqla, ortaq dil, mədəniyyət və elmi əməkdaşlıq ideyalarının formalaşmasına güclü təkan verib. Onun sözlərinə görə, “Bakı. 1926: Dil, Fikir, Birlik” sərgisi ortaq tarixi yaddaşa və zəngin mədəni irsə ehtiramın ifadəsidir.

Aktotı Raimkulova qeyd edib ki, Fond Qurultayın 100 illiyi münasibətilə il ərzində bir sıra beynəlxalq layihələr həyata keçirib. Bunlara Qurultaya həsr olunmuş fundamental elmi monoqrafiyanın nəşri, beynəlxalq sərgilərin və elmi simpoziumların təşkili, həmçinin maarifləndirici media layihələri daxildir. O vurğulayıb ki, bütün bu təşəbbüslər Türk dünyasının ortaq tarixi yaddaşının qorunmasına, zəngin mədəni irsinin təbliğinə, gələcək nəsillərə çatdırılmasına, eləcə də türk dövlətləri arasında elmi və mədəni əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edir.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Sərginin ekspozisiyasında türk xalqlarının ortaq mədəni kökləri, XIX–XX əsrlərdə əlifba islahatları, Azərbaycan Xalq Cümhuriyyətinin dil siyasəti, Yeni Türk Əlifbası hərəkatı, 1926-cı il Birinci Türkoloji Qurultayı, 1937–1938-ci illərin repressiyaları, eləcə də müstəqillik dövründə türk dünyasının yenidən inteqrasiyası kimi mühüm tarixi mövzular əksini tapıb.

Ekspozisiyada Milli Azərbaycan Tarixi Muzeyinin və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin fondlarında qorunan nadir sənədlər, Qurultayın rəsmi protokolları və hesabatları, dövri mətbuat nümunələri, həmçinin professor Ədalət Tahirzadənin şəxsi kolleksiyasından fotoşəkillər və digər qiymətli tarixi materiallar nümayiş etdirilir.

Qeyd edək ki, “Bakı. 1926: Dil, Fikir, Birlik” sərgisinin əsas məqsədi türk xalqlarının ortaq elmi və mədəni irsini təbliğ etmək, türkoloji fikir tarixini geniş auditoriyaya çatdırmaqdır.