Xəbərlər

Şuşa Qlobal Media Forumunda dağıntıdan dirçəlişə keçid prosesində medianın rolu müzakirə olunub

IV Şuşa Qlobal Media Forumu çərçivəsində “Dağıntıdan dirçəlişə: Şəhərsalma narrativləri və media məsuliyyəti” mövzusunda panel sessiyası keçirilib.

“Füyuzat” “Report”a istinadən xəbər verir ki, “Anadolu” Agentliyinin vitse-prezidenti və baş redaktoru Yusuf Özhan dezinformasiya ilə mübarizə aparmağın böyük məsuliyyət tələb etdiyini bildirib.

O, Türkiyədə baş vermiş Kahramanmaraş zəlzələsi zamanı çox sayda dezinformasiyanın yayılmasına diqqət çəkib, peşəkar jurnalistikanın belə halların qarşısının alınmasında və dezinformasiyanın minimuma endirilməsində mühüm rol oynadığını qeyd edib.

Y.Özhan vurğulayıb ki, Azərbaycanın Kahramanmaraşın bərpasına verdiyi dəstək hər kəsə məlumdur:

“Azərbaycan hökuməti zəlzələdən sonra qardaşlıq ənənəsinə sadiq qalaraq öz töhfəsini verdi. Jurnalistlər isə yenidənqurma prosesinin işıqlandırılmasında və bu tarixi hadisələrin gələcək nəsillərə çatdırılmasında böyük məsuliyyət daşıyırlar”.

“AnewZ TV”nin icraçı direktoru Rüfət Həmzəyev söyləyib ki, IV Şuşa Qlobal Media Forumunun əsas məqsədi həqiqətin qorunmasına töhfə verməkdir:

“Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, işğaldan azad olunmuş ərazilərdə artıq yeni şəhərlər salınır və bu gün əsas diqqət dirçəliş prosesinə yönəldilməlidir. Yenidənqurma, ilk növbədə, insan hekayələri ilə bağlıdır və media bu prosesi məsuliyyətlə işıqlandırmalıdır. Dağıntıların sənədləşdirilməsi ilə yanaşı, dirçəliş prosesi də obyektiv və peşəkar şəkildə ictimaiyyətə çatdırılmalıdır. Dağıntılar güclü emosional təsir yaratsa da, yenidənqurma daha mürəkkəb və uzunmüddətli prosesdir. Medianın vəzifəsi bu prosesi düzgün sənədləşdirmək və gələcək nəsillər üçün qoruyub saxlamaqdır”.

Panel sessiyası sual-cavab hissəsi ilə davam edib.