Səhər tezdən sahilə dəniz ağacı axtarmağa getmişdim. İstəyirdim bir irisini tapım, evə gətirim. Gözəl olur dəniz ağacı. Sellərin, küləklərin meşələrdən qopardığı ağac parçaları haradasa dənizə düşür, dalğalar onları illərlə sürükləyir, qabığını soyur, günəş qurudur, duz yeyir, külək yonur. Axırda dəniz onu sahilə qaytarır. İstəyirdim gətirib evin bir küncünə heykəl kimi qoyum. Hər gün yanından keçəndə gözüm ona sataşsın. Tapdım birini, maral buynuzuna oxşayırdı. Amma yarıyacan qumsala sancılmışdı, dartdım, çıxara bilmədim. Yenə gedəcəyəm, bu dəfə başqa sahildə axtaracağam.
Haradan gəlib bu güclü istək mənə? Görəsən, niyə belə edirəm? Dəniz odunu niyə birdən-birə vacib olub?
Əvvəllər gözəlliyi başqa yerdə axtarırdım. Sovet dövlətinin son dekadasının uşağı kimi sənaye xarabalıqları qanımı coşdururdu, atılmış zavodlar, nəhəng sisternlər, neft daşıyan qatarlar, qaldırıcı kranlar, fabrik bacaları, tərsanələr, yarımçıq tikililər məni həyəcanlandırırdı. Ulduz metrosunun yanında gəzmək Venesiyada qondolada gəzməkdən daha böyük zövq verirdi. Gələcəkdən danışanda gözümün qarşısına beton və polad gəlirdi. Təbiətin əyri xətlərindən çox insanın çəkdiyi düz xətlər məni valeh edirdi. Elə bil gənc şair Pavel Kogan məşhur “İldırım” şeirini və şeirin bu misrasını yazanda məni deyirdi:
Я с детства не любил овал!
Я с детства угол рисовал!
Uşaqlıqdan ovalı sevməzdim!
Uşaqlıqdan bucaq çəkərdim!
Nə dəyişdi? Özü də deyəsən, bu dəyişiklik tək məndə deyil. Bu dəyişiklik hər yerdədir, ən gözlənilməz yerlərdə. Misal üçün, bu gün memarlar binaları tikməkdən yox, yetişdirməkdən danışırlar. İstəyirlər tikinti panelləri göbələk miselindən hazırlansın. İzolyasiya materialları preslənmiş yosundan olsun. Betona, sementə bakteriyalar qatılmasını istəyirlər ki, sabah çatlayanda bu biomaterial öz yarasını özü sağalda bilsin. Dizaynerlər də memarların ardınca gedirlər, evin içərisini bəzəyəndə çalışırlar insan özünü divarların arasında yox, təbiətdə hiss etsin. Məzuniyyət vaxtı gedib təbiəti seyr etmək artıq kifayət etmir, təbiəti evin içinə köçürməyə çalışırlar.
Bu meyil başqa sahələri də bürüyür. Böyük Britaniyada əsginaslardan baş nazir Çörçil, yazıçı Ceyn Ostin, rəssam Törner və başqa şəxsiyyətlərin şəkillərini silirlər. Onları cürbəcür heyvanların, quşların təsvirləri əvəz edəcək. Elə bu yay əhali arasında sorğu keçirirlər ki, şəxsiyyətləri məhz hansı heyvanlar əvəz etsin. Mərkəzi Bankın səhifəsində sual verilir:
Banknotlarımızın üzərində hansı heyvanları görmək istərdiniz? Lütfən aşağıdakı üç kateqoriyanın hərəsindən iki heyvan seçin.
Porsuq, tülkü, kirpi, dələ, bayquş, maral, suiti, su samuru, ağacdələn, qartal və sair və ilaxır. Siyahıda vəhşi təbiətdən cürbəcür heyvanlar var. Qalib hansı heyvanlar olursa olsun, fonda o heyvanların yaşadığı təbii mühitin də mənzərəsi olacaq. Jurnalistlər Çörçilin qız nəvəsini tapıb bu məsələyə münasibətini soruşublar. Nəvə belə cavab verib:
Onsuz da babamın şəklinin pulun üzərində həmişəlik qalacağını gözləmirdim. Götürürlərsə, götürsünlər, amma heç olmasa yerinə qorxaq heyvan qoymasınlar. Cəsur bir heyvanın şəklini qoysunlar babamın yerinə.
Böyük hadisədir. Əslində, Çörçil özü də gələcəkdə böyük dəyişikliklər olacağını təsəvvür edirdi. Hələ baş nazir olmazdan əvvəl, qəzetlərə, jurnallara yazdığı yazıların qonorarı ilə dolandığı illərdə o, gələcəkdə süni ət istehsal olunacağı haqda bir esse yazmışdı. Yazı “Əlli ildən sonra” adlanırdı. İndicə tarixini də dəqiqləşdirdim, 1931-ci ildə yazıb bunu:
Əlli ildən sonra biz toyuq döşü və ya qanadı yemək üçün bütöv bir toyuq böyütmək kimi absurd ehtiyacdan xilas olacağıq…
Dəyişikliklər o qədər qəfil və nəhəngdir ki, tarixdə heç bir dövr son əsrlə müqayisə edilə bilməz. Keçmiş artıq bizə gələcəyi izah etməyə imkan vermir.
Əksər insanlar bəşəriyyətin hansı sürətlə irəliləməyə başladığını yalnız dumanlı şəkildə təsəvvür edirlər.
Hərçənd, əlli ildən daha çox çəkdi Çörçilin süni ət haqda proqnozunun gerçək olması, əsas odur həyata keçdi. Bu gün dünyanın bir sıra restoranlarında belə ət sifariş edə bilərsən. Bakıda olmasa da, məsələn, Sinqapurda marketdən sintetik toyuq əti ala bilərsən ki, aparıb evdə özün bişirəsən. Üstünə yazılıb: “GOOD meat”, yəni ki, yaxşı ət. Yüz iyirmi qramlıq paketdə toyuğun döş ətidir, amma bu ətə görə heç bir toyuq canından məhrum olmayıb. Belə təsəvvür etmək olar ki, bir neçə toyuq hüceyrəsini xüsusi mühitdə çoxaldıblar, onu bitki mənşəli nemətlərlə kultivasiya edərək toyuq əti düzəldiblər. Tavada qızmar yağa qoyan kimi tanış xışıltı gəlir, bişənə yaxın əsl toyuq qızartmasının qoxusu yayılır. Mən də bir dəfə dadına baxmışam.
Bəs demək olarmı ki, bütün bu təbiətsevər əməllər insanın təbiətə, insanın heyvana münasibətinin dəyişdiyini göstərir? Çətindir belə universal nəticə çıxarmaq. Ona görə çətindir ki, elə mən özüm bayaq bir hörümçəyi tozsoranın xortumuyla çəkmişəm. Ağacları, kolları yeməsin deyə, bizimkilərin bağımızdan yığdığı bir vedrə ilbizi yölüstü aparıb azdırmışam. Dünən axşam qapının ağzında durub məni qorxudan çəyirtkənin üstünə ayaqqabı tolazlamışam. Sonra xəbərlərdə oxudum – ayaqqabı tolazlamaq nədir ki! Çimərlikdə çəyirtkələrin çoxluğundan şikayətlər olduğuna görə, nazirlik əməkdaşları onları iri-iri maşınlardan kimyəvi maddələr püskürdərək qovub. Biz tərəfdə vəziyyət belədir.
Biz bir yana, ingilislərin öz ölkəsində ara-sıra polis kimisə qu quşu ovlayan yerdə yaxalayır. Onlarda açıq sularda üzən nişansız qu quşları əvvəl kraliçanın idi, indi də kralın şəxsi mülkiyyəti hesab olunur. Qu quşlarına ziyan vurmaq adi brakonyerlik sayılmır, onlara ziyan vurmaq hüquqi baxımdan taxt-tacın sahibinin şəxsi mülkiyyətinə ziyan vurmaqla eyni dərəcəli cinayət kimi qəbul olunur. Bununla belə, olanda olur. Bir dəfə bir Türkiyə vətəndaşını tutmuşdular. Evində axtarış aparanda görmüşdülər türkün soyuducusunda da dörd-beş dənəsi var.
Pulların üzərindən Çörçili götürmək, əvəzinə heyvanları milli qürur rəmzi kimi həkk etmək heç də o demək deyil ki, insanlar artıq təbiətə ali dəyər kimi baxırlar. O deməkdir ki, insanların təbiətə ali dəyər kimi baxmasını istəyən dairələr cəmiyyətdə yeni bir düşüncə mühiti yaratmağa çalışırlar. Sənaye inqilabı dövründə olduğu kimi, bir neçə mühəndis və ixtiraçı lokomotivin önünə keçib, bir azdan hamı onların dalınca düşəcək.
Dövrümüzün estetik istiqaməti dəyişir. Bu dəyişiklik dünya ədəbiyyatındakı yeni tendensiyada da aydın görünür. Təbiət yazılarında təbiət artıq ideal, heyvanlar artıq özgə varlıq kimi təqdim edilmir. Həmişə belə olmayıb.
Heyvanın insanla bərabər mənəvi dəyərə malik olması fikrini adamlar uzun əsrlər yaxın buraxmayıblar. Yeni dövrün ən nüfuzlu simalarından Rene Dekart birmənalı şəkildə yazırdı ki, heyvanlar “ruhsuz avtomaton”, “heyvan-maşın”dır, onların ağrısı mexaniki reaksiyalardır. Üç yüz ildən də çox müddət keçəndən sonra Dekartın vətənində yeni filosoflar dalğası ortaya çıxıb tamam başqa cür danışmağa başladı.
Jil Delöz adlı bir oxumuş adam deyirdi ki, insan haqda oturuşmuş təsəvvürlərdə səhv var, o səhvi düzəltməliyik. O öz kitabındakı bir fəsli “Heyvana çevrilmək” adlandırmışdı. Bu ifadə ilə demək istədiyi o deyildi ki, biz insanlar hərfi mənada heyvana çevrilib dörd ayaq üstə gəzməli, dilimizlə tükümüzü yalamalıyıq. Demək istədiyi o idi ki, insanla heyvan arasına çəkdiyimiz o sərt xətt, əslində, o qədər sərt olmamalıdır.
Onun tanışı Jak Derrida da iddia edirdi ki, insan özünü dünyanın mərkəzi sayanda qalan canlılar istər-istəməz kənarda qalır. Həmfikirlərinin təşkil etdiyi “Avtobioqrafik heyvan” adlı konfransda etdiyi uzun məruzədə antroposentrik təfəkkürlə heyvanlara necə ziyan vurduğumuzdan danışırdı. Bu uzun məruzə sonradan “Heyvanam, deməli, varam” adıyla çap olundu. Belə çıxırdı ki, insanın heyvanlara bioloji obyektlər kimi baxması səhvdir, heyvanlar həm də etik subyektlərdir, ona görə də onlara qarşı etik məsuliyyət daşımalıyıq.
Marta Nussbaum adlı bir intellektual xanımsa lap o yana keçir: biz heyvan məsələsini sadəcə qəddarlığın azaldılması, mərhəmət məsələsi kimi müzakirə etsək azdır, bu mövzunu sosial ədalət müzakirələrinin bir hissəsinə çevirməliyik; heyvanlar öz növlərinə uyğun şəkildə inkişaf etmək imkanına malik olmalıdır.
Bu və digər şəxslər danışanda mövzu akademik müzakirə kimi görünürdü, ancaq bir müddət keçəndən sonra nəzəri müzakirələrin təsiri həyatımızda görünməyə başladı.
Böyük mədəni dəyişikliklər belə başlayır, ən müxtəlif sahələrdə bir-birini tanımayan adamlar eyni istiqamətdə iş aparır, biri o birinə yol açır.
Bu dəfə həmin istiqamət cəmiyyətin təbiət haqda təsəvvürlərini dəyişdirməkdir, bu dəyişiklik daha geniş mədəni çevrilmələrə, zorakılığın azalmasına qədər uzana bilər. Biz həmin prosesin ayrı-ayrı əlamətlərinə şahid oluruq. İş o həddə çatıb ki, itlərin sayını azaltmaqçün gecə-gecə güllələməkdən başqa yol bilməyən bəzi-bəzi ölkələrdə indi it sığınacaqları var, üstəlik, hər məhəllədə pişik evciyi peyda olub. Dünənə kimi sənaye mənzərələrindən zövq alan bəzi-bəzi adamlarsa bu gün dəniz ağacı axtarmağa çıxırlar.
İyul 6, 2026

Müəllif: Nərmin Kamal



