Məlum olduğu kimi 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələri artıq elan olunub. Dövlət İmtahan Mərkəzinin verdiyi məlumata əsasən, ixtisaslaşma seçimində iştirak edən 15721 bakalavrdan 13845 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 6580 nəfər dövlət sifarişi, 52 nəfər dövlət hesabı, 7213 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 10510 nəfər ali təhsil müəssisələrinin cari, 3335 nəfər isə əvvəlki illərin məzunudur.
Təhsil eksperti Ruslan Bayramlının “Füyuzat”a bildirdiyinə görə, ümumilikdə cari il üçün ayrılan plan yerləri və qəbul olanların sayına baxdıqda görmək olar ki, hal-hazırda 3843 yer boş qalıb ki, bu yerlərdən bəziləri dövlət sifarişli yerlərdir.
Magistraturaya qəbul olmuş şəxslər 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək elektron qaydada https://my.gov.az/ platformasında qeydiyyatdan keçməlidirlər. Elan olunmuş müddətdə qeydiyyatdan keçməmək bu ixtisas üzrə təhsil almaqdan imtina kimi qiymətləndirilir və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.
Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı barədə Dövlət İmtahan Mərkəzi tərəfindən əvvəlcədən məlumat veriləcək.



