Ədəbiyyat Xəbərlər

Məhəmmədhüseyn Şəhriyar – Şeir və hikmət

“Fuyuzat.az” saytı olaraq “həftənin seçilmiş hekayəsi”, “həftənin seçilmiş məqaləsi”, “həftənin seçilmiş şeiri” layihəsində sizləri salamlayırıq, əziz oxucular. Bu “Həftənin əsəri” nominasiyası üzrə seçilən əsər Məhəmmədhüseyn Şəhriyarın ”Şeir və hikmət” şeiridir. Xoş mütaliələr!

Hanı yer üzündə elə bir insan,
Şəhriyar, sən ona arxalanasan?

Qəlbi hünər dolu, özü mərd olsun,
Səhər nəsimitək könlünə dolsun.

Silsin ürəyindən qəmi-qüssəni,
Qolundan yapışıb qaldırsın səni.

Son qoysun ömründə bu müsibətə,
Qədr-qiymət versin şerə, sənətə.

Əlindən yapışıb, qəlbinə girsin,
Sənin ulağını çaydan keçirsin.

Məni qorxutmayır acından ölmək,
Qorxuram: faydasız yanan bir şamtək.

Tənha bir guşədə yanım, məhv olum,
Bir ovuc qum kimi yelə sovrulum.

Yox! Mənim od qəibim bir bulaq istər,
Yaratmaq naminə yaşamaq istər.

Mən atdan düşsəm də, şahiddir aləm:
Yenə də atlanıb çapa bilərəm.

Öz yatmış bəxtirndən agaham özüm,
Uzaq üfüqlərə dikilib gözüm.

Nə yaylı çarpayı, nə bağ istərəm,
Nə də zər-zibalı otaq istərəm.

Mən aza qailəm, çoxda gözüm yox,
Nəfsimin gözünə batırmışam ox.

Nədir istədiyim? Bir həsir, bir şam,
Bir balınc, bir kuzə arzulamışam.

Bir az ay işığı, bir cam təmiz su,
Bir yaşıl söyüdün bahar qoxusu.

Bir parça çorəyin ağız ləzzəti,
Fəqət dünya boyda ilham qüvvəti!

İnan ki, o suyu, o çörəyi də,
O ay işığını, o küləyi də

Havayı, məccani istəmirəm mən,
Əlimlə qopardıb yanar qəlbimdən,

Mən sizə od kimi sözlər verərəm,
Söz nədir, alovlu gözlər verərəm.

Misra verərəm ki, deşilməmiş dürr,
Hər biri qəlbimin döyüntüsüdür.

Yanar bir ürəkdə yaranan sözlər,
Fikrin şanəsilə daranan sözlər!

Bir söz ki, yolsuzu yola gətirən,
Bir qəlbdən çıxaraq min qəlbə girən.

Sədinin şeritək dərdlərə dərman,
Hafiz qəzəlitək əbədi qalan.

Tutulmuş gözləri aça bilən söz,
İllərin üstündə uça bilən söz!

Yaxşını yaşadıb, pisi yandıran,
Namusu, qeyrəti qanadlandıran.

Yatmışı oyadan qüdrətli bir söz,
Ölünü dirildən şəfqətli bir söz.!

Bir söz ki, Firdovsi nərəsi kimi,
Döyüşdə azadlıq gülləsi kimi!

Düşmənin əlindən bayraq salan söz,
Haqqın ciyərilə nəfəs alan söz!

Bir söz ki, sulanmış xəncərə dönsün,
Atəşi namərdin başında sönsün!

Yumruğu dəmirə, daşa döndərən,
İnsanı havalı quşa döndərən.

Döyüş meydanına aparan bir söz,
Qəhrəman ürəkdə qəhrəman bir söz!

Şairəm, dinlə gör nə deyir ilham:
Mən söz xiridarı, söz sərrafıyam.

Dünyada hər kəsin öz sənəti var,
Şairin əlində söz sənəti var.

Şahiddir gecələr od tökən ürək,
Sözlər qələm ilə güləşən pələng.

Şair nərə çəkir qəhrəman kimi,
Pələnglə güləşən pəhləvan kimi.

Şairin həyatı – əbədi döyüş,
Bütün ömrün boyu hücum et, döyüş