Naxçıvanın həm tarixi abidələri, həm də müqəddəs ziyarətgahları insanların əsrlər boyu qoruyub saxladığı tariximizdir. Sanki Naxçıvanın hər qarışında keçmişdən bu günə uzanan görünməz izlər var. Biz bu izlərin ardınca addımlayırıq…
Azərbaycanın zəngin mədəniyyətə malik olduğunu sübut edən tarixi abidələrdən biri Möminə Xatun türbəsidir. Tarixi XII əsrə təsadüf edir. Azərbaycan Atabəylər dövlətinin banisi Atabəy Şəmsəddin Eldəniz 1175–ci ildə vəfat edən həyat yoldaşı Möminə Xatunun xatirəsinə türbə tikilməsi əmrini vermişdir. Lakin həyat yoldaşından az müddət sonra vəfat etdiyi üçün bu işi oğlu Cahan Pəhləvan başa çatdırmışdır.
Türbə inşa olunduqda hündürlüyü 35 metr idi. Əsrlər keçdikcə türbənin yuxarı hissəsi dağılmış, dövrümüzədək yalnız 25 metr hündürlüyündə gövdəsi gəlib çatmışdır. Türbə 2 hissədən ibarətdir: yeraltı və yerüstü. Xarici görünüşü nə qədər ornamentli olsa da, daxili bir o qədər sadə formadadır. Daxildə yeganə bəzək günbəzində 4 ədəd medalyonun olmasıdır. Medalyonların hər birinin mərkəzində Allah sözü yazılmışdır.
Möminə Xatun türbəsinin memarı dünya şöhrətli memar Əcəmi Əbubəkr oğlu Naxçıvanidir. O, Yaxın və Orta Şərqin görkəmli memarı hesab olunur. Memar ümumbəşəri dəyərlərə söykənən sənət əsərlərinin müəllifidir. Tarixdə Əcəmi Naxçıvani memarlıq sənətinin böyük simalarından biri kimi qiymətləndirilir. Çünki Qərb dünyasında arxitektura sənəti dəqiq məlum olmayan zaman o yaratdığı əsərlərlə öz imzasını tarixə həkk etmişdir. Əcəminin yaratdığı abidələrin hər birində müxtəlif rəngləri müşahidə etmək mümkündür. O dövrdə rənglər süni vasitələrlə deyil, təbiətdən təbii üsullarla əldə edilirdi. Şərqdə və Avropa memarlığının tarixində də Əcəminin yaratdığı abidələrdən bəhrələnərək yeni abidələr, komplekslər yaradılmışdır.
Bu il Naxçıvandakı “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi ucaldıldı. Abidə şəhərə bir başqa gözəllik qatır.
Naxçıvan şəhərinin dünyaya səs salan məkanlarından biri də Dəniz səviyyəsindən 1173 metr yüksəklikdə yerləşən Duzdağıdır. Naxçıvanın qaya duzu özündə 84 mineralı birləşdirir. Bu duz məişətlə bərabər heyvandarlıqda da istifadə olunur. Duzdağı tarixi faydaları, müalicəvi əhəmiyyəti ilə daim seçilir.
Bu dəfə Duzdağında olanda ayrıca kitab oxumaq üçün guşə təşkil olunduğunun şahidi oldum. Bu guşə müalicəyə gələn insanların asudə vaxtlarını dəyərləndirməsi üçün çox əvəzsizdir. Kitab rəfindəki kitablara diqqət yetirdim. İstənilən yaş qrupuna aid kitablar var idi. Kitab oxuyan uşaqlar da gördüm. Onlarla xeyli söhbət etdim. Onlar mənim hekayələrimin növbəti qəhrəmanlarına çevriləcəklər.
“Naxçıvanqala” Tarix–Memarlıq Muzey Kompleksində yerləşən yeraltı “Mağara” ekspozisiyasında da olduq. Ora çox sərin idi. Daşların arasında qədim sükut hökm sürürdü. Yeraltı “Mağarada” bir neçə quyu da var idi. Tam sakitlik olduqda su səsi eşidilirdi. Muzeyin əməkdaşları ekspozisiya barədə ətraflı məlumat verdilər. Quyu yeraltı kəhriz sistemi adlanır. Kəhrizin inşa olunma məqsədi qala sakinlərini içməli su ilə təmin etmək idi. Kəhrizdən istifadə e.ə. II minilliyə təsadüf edir. Su heç bir mexaniki güc tələb etmədən təbii axarla hərəkət edir. Naxçıvan Muxtar Respublikasında 400-ə yaxın kəhriz mövcuddur. Onlardan 300–ü içməlidir. Həmçinin, suvarma üçün istifadə olunur.
Bir qədər irəli getdim. Elə bil bu qaranlıq yolun sonunda keçmişdən qalan izlər gizlənirdi. İrəlilədikcə sanki əsrlər əvvəl yaşamış insanların səsini eşidirdim. Araşdırmalara görə, keçidin çıxışı Naxçıvançayadır. Daha çox irəli getmək istərdim. Amma yol çox qaranlıq və uzun idi. Bu yol xatirimdə sirli yol olaraq qaldı. Kəhrizlər isə sirli yolun səsli şahidləri.
Aysel Mübarizqızı
BDU Jurnalistika fakültəsinin magistrantı



