Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin bərpa edilmiş büstünün açılışı olub.
“Füyuzat” “Report”a istinadən xəbər verir ki, Nizami Gəncəvinin şəhərin Nəriman Nərimanov və Nizami Gəncəvi küçələrinin kəsişməsində yerləşən büstünün bərpası işləri Azərbaycanın Gürcüstandakı Səfirliyinin dəstəyi və Gürcüstan Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə reallaşıb.
Açılış mərasimində Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov, Azərbaycanın Gürcüstandakı Təhsil müşaviri Fuad Çıraqov, ictimaiyyət nümayəndələri, tələbələr və yerli sakinlər iştirak ediblər.
Büstün bir müddət əvvəl zədələndiyi və bərpaya ehtiyac yarandığı bildirilib. Görülən restavrasiya işlərindən sonra abidə yenidən əvvəlki görkəminə qaytarılıb.
Azərbaycanın Gürcüstandakı Səfiri Faiq Quliyev çıxışında bərpa prosesində əməyi olan şəxslərə və şəhər rəhbərliyinə təşəkkür edib. O, Gürcüstanda Azərbaycan xalqının tarixi, mədəniyyəti və incəsənətinin qorunmasına göstərilən dəstəyin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, Nizami Gəncəvinin büstü 2012-ci ildə Marneulidə ucaldılıb və həmin il açılışı keçirilib. 14 il sonra büstün bərpası ilə bağlı işlər həyata keçirilib. Bərpa işlərini rəssam-heykəltəraş Qəşəm Süleymanov icra edib.
Tədbir daha sonra Marneulidəki Azərbaycan Evində davam etdirilib. Burada Nizami Gəncəvinin zəngin ədəbi irsi, şairin yaradıcılığının Azərbaycan və Gürcüstan xalqları arasında mədəni və ədəbi əlaqələrin inkişafındakı rolu barədə fikir mübadiləsi aparılıb.













