Milli Azərbaycan Tarixi Muzeyində 1944-cü ildə doğma torpaqlarından deportasiya edilən Ahıska türklərinin tarixinə həsr olunmuş “Ahıska türkləri – itmiş sürgünün izində” sərgisinin açılış mərasimi keçirilib.
Türkiyə Respublikası Xarici İşlər Nazirliyi və Dünya Ahıska Türkləri Birliyinin əməkdaşlığı çərçivəsində hazırlanan sərgi Ahıska türklərinin sürgün tarixini, bu faciənin ağır nəticələrini, müxtəlif coğrafiyalara səpələnmiş insanların həyat hekayələrini və tarixi vətənə qayıdış arzusunu əks etdirir.
Ekspozisiyada tarixi sənədlər, fotoşəkillər, canlı şahidliklər, eləcə də audio-vizual materiallar təqdim olunur. Sərginin əsas məqsədi Ahıska türklərinin yaşadığı sürgün faciəsini tarixi yaddaşda yaşatmaq, onların milli və mədəni kimliyinin qorunmasına diqqət çəkmək və bu tarixi həqiqətləri gələcək nəsillərə çatdırmaqdır.
Sərginin konsepsiyasında Ahıska türklərinin yalnız sürgün zamanı yaşadığı faciələr deyil, bütün çətinliklərə baxmayaraq milli kimliyini, ailə və mədəniyyət bağlarını qoruyub saxlaması, həyatını yenidən qurması və gələcəyə olan ümidini itirməməsi də xüsusi yer tutur.
Qeyd edək ki, sərgi ilk dəfə 12 iyun 2026-cı ildə İstanbul Atatürk Mədəniyyət Mərkəzində Türkiyənin xarici işlər naziri Hakan Fidanın iştirakı ilə təqdim olunub. İstanbulda iki həftə nümayiş etdirilən ekspozisiya böyük maraqla qarşılanıb. Sərginin kuratoru Beste Gürsu, ekspozisiya üçün xüsusi musiqilərin müəllifi isə tanınmış bəstəkar Fahir Atakoğludur.Sərginin İstanbuldan Bakıya Bakı–Tbilisi–Qars dəmir yolu xətti ilə qatarla daşınması da xüsusi rəmzi məna daşıyır. Bir zamanlar sürgün nəticəsində bir-birindən ayrılmış coğrafiyaların bu gün dəmir yolu ilə birləşdirilməsi sərginin yaddaş, birlik və qardaşlıq mesajını daha da gücləndirir.
Tədbirdə Azərbaycan və Türkiyədən rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, tarixçilər, mədəniyyət xadimləri, Ahıska türklərinin təmsilçiləri və digər qonaqlar iştirak ediblər.
Çıxışlarda Ahıska türklərinin tarixi, 1944-cü il deportasiyasının nəticələri, tarixi yaddaşın qorunmasının əhəmiyyəti, Azərbaycan və Türkiyənin Ahıska türklərinə göstərdiyi diqqət və dəstək, eləcə də iki qardaş ölkə arasındakı münasibətlərdən bəhs olunub.
Tədbirdə Dünya Ahıska Türkləri Birliyinin sədri Ziyəddin Kassanov, Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Səadət Yusifova, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və Ahıska türklərinin nümayəndələri çıxış ediblər.Açılış mərasimində Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun (MİMTA) icraçı direktoru Pərviz Əmirov və Fondun təsis etdiyi “Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu da xüsusi olaraq iştirak ediblər.
MİMTA-nın fəaliyyətində milli irsin, tarixi yaddaşın və Azərbaycan xalqının ortaq türk-mədəni dəyərlərinin araşdırılması və təbliği mühüm istiqamətlərdən biridir. Fondun təsis etdiyi “Füyuzat” jurnalı və fuyuzat.az saytı da Ahıska türklərinin tarixi, onların yaşadığı deportasiya və sürgün faciəsi, milli kimliyinin qorunması, tarixi yaddaşın yaşadılması və Ahıska türklərinin Azərbaycanla əlaqələri ilə bağlı mövzulara daim diqqət göstərir.
Bu istiqamətdə aparılan yazılar, araşdırmalar və materiallar Ahıska türklərinin tarixinin yalnız müəyyən günlərdə deyil, sistemli şəkildə gündəmdə saxlanmasına xidmət edir. “Füyuzat”ın bu mövzuya yanaşmasında əsas məqsəd tarixi hadisələri xatırlatmaqla yanaşı, sürgünün insan talelərinə təsirini, milli kimliyin qorunmasının əhəmiyyətini və ortaq tarixi yaddaşın gələcək nəsillərə ötürülməsinin vacibliyini ictimaiyyətə çatdırmaqdır.
Bu baxımdan, MİMTA, “Füyuzat” jurnalı və fuyuzat.az saytının Ahıska türkləri ilə bağlı məsələləri diqqətdə saxlaması sərginin əsas ideyaları ilə də səsləşir. Tarixi yaddaşın qorunması yalnız keçmişi xatırlamaq deyil, gələcək nəsillərin öz tarixini doğru bilməsinə imkan yaratmaqdır.Azərbaycanın sərginin növbəti ünvanı olması da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan uzun illərdir Ahıska türklərinə diqqət və dəstək göstərərək onların ölkənin müxtəlif bölgələrində məskunlaşmasına və yeni həyat qurmasına şərait yaradıb. Hazırda Ahıska türkləri Saatlı, Sabirabad, Şəmkir, Gəncə, Quba, Xaçmaz və digər bölgələrdə yaşayırlar.
Sərginin növbəti təqdimatı 14 noyabrda – 1944-cü il deportasiyasının ildönümündə Ankaradakı Tarixi Ankara Vağzalında keçiriləcək. İstanbuldan Bakıya, Bakıdan Ankaraya uzanan bu sərgi marşrutu Ahıska türklərinin tarixi yaddaşının yaşadılması ilə yanaşı, Azərbaycan-Türkiyə qardaşlığının və ortaq tarixi-mədəni bağların rəmzi kimi də xüsusi məna daşıyır.
“Ahıska türkləri – itmiş sürgünün izində” sərgisi avqustun 21-dən 28-dək Milli Azərbaycan Tarixi Muzeyində ziyarətçilər üçün açıq olacaq.









