
“Uolt Disney” valyutası
Məşhur multiplikator Uolt Disneyin nağıl dünyası üçün yaradılan bu xüsusi valyuta 1987-ci ildən bəri Disney parklarında, kurortlarda, gəmilərdə və adada istifadə olunur. Dəyəri ABŞ dollarına bərabər olan bu əskinasların üzərində Amerika prezidentləri deyil, sevilən cizgi filmi personajlarının təsvirləri yer alır. Oktyabr çevrilişindən sonra Yakutiyada pul qıtlığı səbəbindən çaxır etiketləri banknot rolunu oynamışdır. Maliyyə üzrə xalq komissarı Aleksey Semyonovun əmri ilə “Portveyn”, “Heres”, “Kaqor” və “Madera” kimi brendlərin etiketləri dövriyyəyə buraxılmış və üzərinə Xalq Komissarlığının möhür də vurulmuşdu.
“Cənnət ətirləri”
Palau adası ölkəsində istifadə olunan “Cənnət ətirləri” adlı unikal sikkə kolleksiyası həm görünüşü, həm də qoxusu ilə fərqlənir. Kolleksiyanın əsasını təşkil edən kokos təsvirli sikkələrdən xüsusi xoş ətir gəlir.

“Dünyanın ən gözəl sikkəsi”
Dünya numizmatları tərəfindən “dünyanın ən gözəl sikkəsi” seçilən bu orijinal nümunə gümüşdən hazırlanıb və dəyəri 1000 Kamerun frankına bərabərdir. Sikkənin üzərində qırmızı gülün üzərinə qonan nəhəng kəpənək əks olunub. Dünyada bu cür nadir sikkələrin ümumi sayı cəmi 2500 ədəddən ibarətdir.

“Danışan sikkə”
Dünyanın qeyri-adi pulları arasında “Danışan sikkə” də var. Belə ki, Amerika prezidenti olmuş Con Kennedinin təsvir olunduğu bu sikkələr üzərindəki düymə ilə diqqət çəkir. Həmin düymə basılan zaman sikkədən Con Kennedinin bir zamanlar dediyi: “Mən fəxr edirəm ki, berlinliyəm”, – ifadəsi səslənir.
“Gümüş piramida”
Misir fironu Tutanhamonun sərdabəsini aşkar edən arxeoloq Hovard Karetin adı da qeyri-adi pullarla bağlıdır. Belə ki, məşhur arxeoloqun ölümünün 70 illiyi münasibətilə “Pocoy” sikkə evi Tutanhamon sərdabəsinin divarlarını təsviri olan sikkə istehsal etmişdilər. Ən maraqlısı isə sikkənin zirvəsində günəş diskinin yer almasıdır.

“Ural bayquşu”
Nəsli kəsilməkdə olan heyvanların təsvir olunduğu sikkələr seriyasından olan “Ural bayquşu” (2011) kolleksiyaçıların xüsusi marağına səbəb olub. Bu sikkədə bayquşun gözləri Svarovskinin qara kristalları ilə əvəzlənib və onun qiyməti 1500-3000 dollar arasında dəyişir.

“Somali”
ABŞ-də “Somali” adlı ilə buraxılan sikkələr də maraq doğurur. Bu pullar “Ron-n-roll”un 50 illiyi münasibətilə məhdud sayda istehsal olunub. Müxtəlif rəng qammalarını özündə əks etdirən gümüş sikkələr gitara formasındadır və gözəlliyi ilə müştərilərin diqqətini cəlb edir.

“Dinozavrın skeleti”
Numizmatika bazarındakı yeniliklərdən biri dinozavrın təsviri olan sikkələrdir. Belə sikkələrin sahibi işığı söndürdükdə sikkənin bir tərəfində qədim dinozavrın skeletini, digər tərəfdə isə II Yelizavetanın təsviri görə bilər. Sikkə Kandan istehsal olunur və onun nominal dəyəri 25 sentdir.

“Həcmli dollarlar”
2008 və 2014-cü illərdə Somalidə buraxılan seriya müasir metal pul haqqında təsəvvürü dəyişir. Bunlar həcmli, hündürlüyü 25 sm-ə çatan həndəsi cisimlərdir: kub, silindr, kürə, konus və piramida. Hər fiqurun üstündə Somali gerbi və nominal həkk olunub: bir dollar. Ölkənin rəsmi valyutası şillinqdir, amma kolleksiyaçılar üçün “dollar” zərb edilir. Beş fiqurdan ibarət dəst dünyada cəmi üç minə yaxındır.

“Barmaqlı rupilər”
2007-2011-ci illərdə Hindistan Rezerv Bankı “Hasta-mudra” seriyasını buraxdı. Paslanmayan poladdan sikkələrin üstündə yumruq, yuxarı qalxmış baş barmaq və iki barmaq göstərən əl təsvir olunub. Hasta-mudra hind səhnə sənətində, yoqada və ayinlərdə simvolik əl hərəkətləridir. Onları sikkədə göstərmək mədəni irsi tərənnüm etməyin orijinal yoludur. Artıq zərb edilmədiyi üçün bu sikkələr nisbətən nadir sayılır.

“Plastik rubllar”
2014-cü ildə Dnestryanı bankı kompozit materialdan 1, 3, 5 və 10 rubl nominallı sikkələr buraxdı. Onlar formaya, rəngə və məzmuna görə fərqlənir. Bir rubl sarı və dairəvidir. Üç rubl yaşıl kvadratdır. Beş rubl beşbucaqlı və mavidir. On rubl isə qırmızı-çəhrayı altıbucaqlıdır. Buraxılış milli valyutanın 20 illiyinə həsr olunub.
Hazırladı: Məcidli Mədinə



