Dünya coğrafiyası təkcə materiklər, okeanlar və ölkələrdən ibarət deyil. Geniş və rəngarəng sistem daxilində bəzən çox qəribə, qeyri-adi və diqqətçəkən rekordlar da mövcuddur. Ən qısa yer adından tutmuş ən uzun kənd adına, sahəsinə görə ən böyük şəhərdən ən kiçik dövlətə qədər olan bu nümunələr həm tarixi, həm dil, həm də coğrafi baxımdan xüsusi əhəmiyyət daşıyır.
Dünyanın ən qısa yer adı cəmi bir hərfdən – “A” hərfindən ibarətdir. “A” adlı yaşayış məntəqəsi Norveçdə yerləşir. Bu kiçik kənd Lofoten adalarında, Moskenes bələdiyyəsində yerləşir, həm təbiəti, həm də adı ilə turistlərin marağını cəlb edir. Adının sadəliyinə baxmayaraq, bu yer zəngin tarixə və mədəniyyətə sahibdir. Balıqçılıq ənənələri ilə tanınan bu kənd uzun illərdir Norveçin mühüm balıqçılıq məntəqələrindən biri hesab olunur. “A” adının mənşəyi qədim Norveç dilinə dayanır. Köhnə norveç dilində “çay” və ya “kiçik su axını” mənasını verən “a” sözündən yaranıb. Yəni kəndin adı, əslində, onun yerləşdiyi əraziyə – su mənbələrinə yaxınlığına işarə edir. Maraqlıdır ki, bu kəndin adı tez-tez zarafat mövzusuna da çevrilir. Çünki bir çox insanlar belə qısa adın həqiqətən mövcud olduğuna inanmaqda çətinlik çəkirlər. “A” həm də dünyanın ən qısa yer adı kimi rekordlar siyahısında xüsusi yer tutur.

Dünyanın ən uzun kənd adı Uelsdə yerləşən “Llanfairpwllgwyngyllgogerychwyrndrobwllllantysiliogogogoch” adlı yaşayış məntəqəsinə aiddir. 50-dən çox hərfdən ibarətdir və dünyanın ən uzun yer adlarından biri hesab olunur. Adın mənası təxminən belə izah olunur: “Sürətli axan çayın yaxınlığındakı ağ qoz ağacları ilə örtülmüş düzənlikdə yerləşən Müqəddəs Məryəm kilsəsi və qırmızı mağaranın yaxınlığında yerləşən Müqəddəs Tysilio kilsəsi”. Kəndin adı həm dilçilik, həm də turizm baxımından böyük maraq doğurur.

Şəhərlərin ölçüsünə gəldikdə isə, sahəsinə görə dünyanın ən böyük şəhərlərindən biri Çinin Çuntsin şəhəridir. Şəhər inzibati baxımdan çox geniş əraziyə malikdir və onun ümumi sahəsi təxminən 82 min kvadrat kilometrdən çoxdur. Bəzi ölkələrin sahəsindən belə böyükdür. Çuntsin yalnız böyük əraziyə malik olmaqla kifayətlənmir, eyni zamanda sənaye, logistika və iqtisadiyyat baxımından da mühüm mərkəzdir. Onun ərazisinə həm şəhər zonaları, həm də kənd və dağlıq bölgələr daxildir ki, bu da onu klassik şəhər anlayışından fərqləndirir.
Dünyanın ən kiçik dövləti isə Vatikan dövlətidir. Dövlət İtaliyanın paytaxtı Roma şəhərinin daxilində yerləşir və sahəsi cəmi 0.44 kvadrat kilometrdir. Əhalisi də çox azdır – təxminən 800-1000 nəfər arasında dəyişir. Vatikan Roma Katolik Kilsəsinin mərkəzi olmaqla yanaşı, dini, siyasi və mədəni baxımdan böyük nüfuza malikdir. Burada Papa yaşayır və fəaliyyət göstərir. Vatikanın öz bayrağı, pul vahidi (avrodan istifadə olunur), poçt sistemi və müstəqil idarəetmə strukturu vardır. Bu xüsusiyyətlər onu dünyadakı digər dövlətlərdən fərqləndirir.
Çaylar arasında isə dünyanın ən qısa çayı kimi ABŞ-də yerləşən Roe çayı göstərilir. Montana ştatında yerləşən bu çayın uzunluğu cəmi təxminən 61 metrdir. Qısa olmasına baxmayaraq, Roe çayı rəsmi olaraq çay statusu almışdır. O, Giant Springs adlı güclü bulaqdan başlayır və Missouri çayına tökülür. Uzunluğu baxımından rekordçu olsa da, hidroloji baxımdan tam formalaşmış çay xüsusiyyətlərinə malikdir.
Coğrafi rekordlar dünyanın nə qədər müxtəlif və maraqlı olduğunu bir daha sübut edir. Ən qısa adlardan ən uzun adlara, ən böyük ərazilərdən ən kiçik dövlətlərə qədər olan bu fərqliliklər həm insan marağını artırır, eyni zamanda mədəni və tarixi bir elm olduğunu göstərir. Bu cür faktlar dünyanı daha yaxından tanımağa və onun qeyri-adi tərəflərini kəşf etməyə imkan yaradır.
Hazırladı: Mədinə Məcidli



