XIX əsrdə Avropanın aristokrat mühitində axşam yeməklərindən sonra kişilər xüsusi otaqlara — tütün çəkilən “smoking room”lara çəkilirdilər. Həmin otaqlarda geyilən xüsusi bir geyim vardı ki, buna “smoking jacket” deyilirdi. Məqsəd çox sadə idi: tütünün qoxusu gündəlik və ya rəsmi geyimə hopmasın. Adətən məxmərdən tikilən pencək tədricən yalnız funksional geyim olmaqdan çıxıb zövq və status göstəricisinə çevrildi. Fransızlar bu geyimi birbaşa “smoking” adlandırmağa başladılar və termin zamanla bir çox Avropa dillərinə də yayıldı. Beləcə “tüstü” ilə bağlı olan bir söz, elit kişi geyiminin adına çevrildi.
Amerikada isə geyim fərqli bir ad aldı. ABŞ-da “tuxedo” termini “Tuxedo Park” adlı elit yaşayış və klub məkanından gəlir. XIX əsrin sonlarında burada keçirilən tədbirlərdə kişilər Avropadakı “smoking jacket”in daha rəsmi və uyğunlaşdırılmış versiyasını geyinməyə başladılar. Stil tezliklə populyarlaşdı və həmin yerin adı ilə “tuxedo” kimi tanındı. Maraqlıdır ki, amerikalılar bəzən gündəlik dildə sadəcə “tux” və ya zarafatla “smoke” kimi də ifadə edə bilirlər, amma rəsmi adı məhz tuxedo olaraq qalır. Beləliklə, eyni geyim Avropada “smoking”, Amerikada isə “tuxedo” kimi tanınır. Hər iki termin fərqli mədəni mühitlərin eyni anlayışı necə fərqli şəkildə adlandırdığını göstərir.
Ən maraqlı tərəfi isə gündəlik həyatımızda istifadə etdiyimiz başqa sözlərlə də əlaqəsidir. Məsələn, “kapuçino” qəhvəsinin adı. Bu məşhur içki Kapusin Ordeni adlı katolik rahiblərinin adından gəlir. Onların geyindiyi qəhvəyi rəngli kapüşonlu geyim – “cappuccio” – qəhvənin rənginə çox bənzədiyi üçün italyanlar süd köpüklü içkiyə “cappuccino” adını verdilər. Yəni burada da geyim və rəng assosiasiyası bir içkinin adına çevrilmiş oldu.
Hazırladı: Mədinə Məcidli



