Quokka Avstraliyanın qərb hissəsində, xüsusilə Rottnest adasında yaşayan kiçik bir kisəli heyvandır və dünyada “ən xoşbəxt canlı” kimi tanınmasının əsas səbəbi onun üz ifadəsidir. Onun üz quruluşu elə formadadır ki, sanki daim gülümsəyir və bu görüntü insanlara çox “xoşbəxt” təsir bağışlayır. Əslində isə bu, real emosiyadan çox anatomik quruluşun nəticəsidir, yəni quokka həmişə sevincli olduğu üçün yox, üz əzələləri və ağız forması belə olduğu üçün gülərüz görünür.
Quokkalar əsasən Avstraliyanın cənub–qərbində yayılıb və ən böyük populyasiya Rottnest və Bald adalarında yaşayır. Onlar kiçik qruplar halında yaşayır, gecə aktiv olur və gündüzlər sıx kolluqlarda gizlənərək istidən qorunurlar. Təbiətdə onların əsas qidası otlar, yarpaqlar və müxtəlif bitki növləridir. Maraqlıdır ki, uzun müddət su içmədən də yaşaya bilirlər, çünki ehtiyac duyduqları suyun çoxunu yedikləri bitkilərdən alırlar.
Quokkaların bədən quruluşu kiçik kenquruya bənzəyir. Onlar tullana bilir, amma eyni zamanda lazım olanda ağac və kollara dırmaşaraq yem tapırlar. Onların boyu təxminən 40–54 sm aralığındadır və çəkiləri 2.5–5 kq arasında dəyişir. Rotte adasına gedən ziyarətçilərə bu canlıya insan qidası vermək qadağan edilib. Çünki, canlının həyatı üçün çox təhlükəlidir. Onların “xoşbəxt” kimi tanınmasında insanların sosial media rolu da böyükdür. Turistlər Rottnest adasında quokkalarla şəkil çəkdirir və onların üzündəki “gülümsəmə” daha da məşhurlaşır. Bu səbəbdən quokka internetdə milyonlarla dəfə paylaşılan simvolik bir “şirinlik və xoşbəxtlik obrazına” çevrilib.
Əslində isə quokkalar vəhşi heyvanlardır və insanlarla çox yaxın təmasda olmamalıdır. Onlar təbiətdə öz ekosistemlərində mühüm rol oynayır, bitki örtüyünün yayılmasına kömək edir və qida zəncirinin bir hissəsidir. Lakin onların populyasiyası son illərdə azalma təhlükəsi ilə üzləşib və əsas səbəblərdən biri yaşayış mühitinin daralması və yırtıcıların təsiridir. Tülkü, pişik kimi yırtıcı canlıların olduğu ərazilərdə yayılmır. Həssas növlər siyahısına daxildir. Yayıldığı ərazilərin kənd tərərrüfatına cəlbi onların sayına təsir göstərir. Pişik və itlər tərəfindən gələn təhlükə isə bu problemi daha da dərinləşdirir. 1996–cı ildən bəri quokkalar “nəsli kəsilmək üzrə olan və ya nadir heyvanlar” siyahısına salınıb.
Hazırladı: Mədinə Məcidli



