Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi Azərbaycanın Xalq yazıçısının əsərlərinin motivləri əsasında hazırlanmış immersiv tamaşa təqdim edib. Onun nəsr əsərlərinin qəhrəmanlarını, epizodlarını və obrazlarını bir araya gətirən tamaşa İçərişəhərdə yerləşən tarixi binada nümayiş etdirilir və qədim evin məkanını teatr fəaliyyətinin bir hissəsinə çevirir.
“Füyuzat” xəbər verir ki, tamaşanın əsasını “Truskavetsə kim gedəcək?”, “Ondan yaxşı qardaş yox idi”, “Bayquş gəldi”, “Qoy o bizimlə qalsın” və digər əsərlər təşkil edib.
Hadisələr qədim evin müxtəlif otaqlarında cərəyan edir və hər otaq ayrıca səhnəyə çevrilir. Qəhrəmanların ardınca hərəkət edən tamaşaçılar baş verənlərin bilavasitə iştirakçısına çevrilirlər. Ayrı-ayrı hekayələr isə yazıçının öz şəxsiyyəti ilə birləşərək vahid bir süjet xətti yaradır.
Tamaşanın daha bir birləşdirici xətti Maqsud İbrahimbəyovun əsərlərində tez-tez rast gəlinən Pakizə adlı pişiyin axtarışıdır. Yoxa çıxmış pişik gah uzaqdan gələn miyoltusu, gah aşırılmış dibçək, gah da rəfdən yerə salınmış kitabla özünü xatırladır. Bu zaman insanların taleləri həll olunur: onlar bir-birinə sevgilərini etiraf edir və ya ayrılır, ən məhrəm duyğularını bölüşür, yaxud nələrisə gizlədirlər.
Biz qəhrəmanların ardınca gedir, Pakizənin izlərini axtarır və eyni zamanda müəllifin yaratdığı dünyada səyahət edirik. Bu səyahət Maqsud İbrahimbəyovun yaradıcılıq yoluna və zəngin ədəbi irsinə ehtiramın ifadəsinə çevrilir.



